Şəhid ailələrinə sığorta ödəmək istəmirlər
Prezidentin bu ilin aprelində verdiyi fərmana əsasən, şəhid ailələrinə 11 min manat (6470 dollara yaxın) həcmində birdəfəlik ödəniş ediləcək.
Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilir ki, onlardan bəziləri 90-cı illərdə artıq kompensasiya aldığı üçün onlara bu ödəniş düşmür.
Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında gedən münaqişənin aktiv fazası – Qarabağ müharibəsi zamanı rəsmi məlumata görə, Azərbaycan tərəfindən 11 min nəfər hərbçi şəhid olub.
Bəzi şəhid ailələri öz növbəsində bildirir ki, o zaman onlara kompensasiya ödənməyib. Nazirlik bunun əksində israr etsə də, ödənişi təsdiqləyən sənədləri təqdim etməyə tələsmir. Nəticədə şəhid ailələri Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirib və məsələ plenar iclasda müzakirə olunub.
Deputat Fazil Mustafa yaranmış vəziyyətdə dövlət strukturlarını günahlandırıb çünki onların ucbatından vətəndaşlar dövlətdən pul alıb-almadığını sübut etmək məcburiyyətində qalıb.
“Bu, doğru yanaşma deyil. Bu strukturların öz arxivi olmalıdır. Onlar öz funksiyalarını yerinə yetirməli və şikayətçiləri Milli Məclisə yönləndirməlidir. Bəlkə də bu insanların sayı çox deyil, amma onların narazılığına reaksiya verilməlidir. Ola bilər ki, onlardan kimsə haqsızdır, amma istənilən halda dövlət hər şeyi aydınlaşdırmalıdır”.