Rəy: "Rusiya Dəmir Yolları" şirkətinin Ermənistandan çıxması üçün hər şey edilməlidir
Rusiya Dəmir Yolları Ermənistandan gedəcəkmi
“Rusiya tərəfi Ermənistan tərəfdaşları ilə, o cümlədən hökumətin iqtisadi bloku vasitəsilə təmasdadır. Yerevanın bütün sorğuları aidiyyati qurumlar tərəfindən operativ şəkildə işlənir”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, bunu Ermənistan ərazisində Azərbaycan və Türkiyə sərhədlərinə çıxan dəmir yolu xətlərinin bərpası və tikintisi ilə bağlı suala cavab verərkən deyib.
Söhbət üç əsas sahədən gedir: Yerasx-Naxçıvan, Gümrü-Qars və İcevan-Qazax. Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələni bir aydan çox əvvəl qaldırıb. Rusiyaya müraciət olunması onunla izah edilir ki, 2008-ci ildən Ermənistanın dəmir yolu şəbəkəsi “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin idarəçiliyindədir. Bu şirkət isə Rusiya dövlət şirkəti “Rusiya Dəmir Yolları”nın yüz faiz törəmə şirkətidir. Konsessiya sazişi 30 il müddətinə imzalanıb.
Hakimiyyət və ekspert dairələri vurğulayır ki, bu üç dəmir yolu sahəsinin bərpası “Tramp Marşrutu”nun davamı kimi zəruridir. Yalnız bu yolla Ermənistanın tam blokadadan çıxarılması mümkündür.
“Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (Trump route for international peace and prosperity, TRIPP) Azərbaycanın öz muxtariyyəti olan Naxçıvanla Ermənistan ərazisindən birləşdirəcək yoldur. Avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan liderləri yolun Ermənistanın suveren nəzarəti altında olacağı, ABŞ-ın isə biznes tərəfdaşı kimi blokadanın açılması prosesinə qoşulacağı barədə razılığa gəliblər. Bununla əlaqədar layihə vasitəçinin adı ilə “Tramp Marşrutu” adlandırılıb.
“Biz [Rusiya Federasiyasına] yazılı şəkildə də müraciət etmişik. Hazırda yazılı cavabın olub-olmadığını bilmirəm. Amma ümumilikdə müsbət siqnallar var. Ümid edirəm ki, proses sürətlənəcək və rusiyalı tərəfdaşlarımız məsələnin həllini uzatmayacaqlar”, – deyə Paşinyan bu yaxınlarda jurnalistlərə bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistan rusiyalı tərəfdaşlarla əməkdaşlığa hazırdır, lakin regional prosesləri dayandıra bilməz. O, həmçinin bildirib ki, rusiyalı tərəfdaşlar işə başlamazsa, Ermənistan konsessiyanı geri götürə və bu sahələri özü bərpa edə bilər.
Mariya Zaxarova Ermənistan hakimiyyətini narahat edən suala cavab verməyib. Bunun əvəzinə o, növbəti dəfə Moskvanın “Tramp Marşrutu” layihəsinə qoşulmağa hazır olduğunu bildirib.
Bu vəziyyəti şərh edən politoloq Ruben Meqrebyan vurğulayır ki, Ermənistan hökuməti Rusiya Dəmir Yollarını qovmur. Onun sözlərinə görə, hakimiyyətdən fərqli olaraq ekspert icması buna hazırdır. Meqrebyan özü isə Rusiya Federasiyasından müsbət addımlar gözləməyin mənasız olduğunu düşünür.
“Onlar vaxtı uzadacaqlar ki, Ermənistanın qonşularla dəmir yolu əlaqəsini bərpa etməsi mümkün olmasın. Bu, onların maraqlarına uyğun deyil”, – deyə politoloq bildirir.
- “Ermənistan sıxışdırılıb çıxarıldığı areala qayıdır”: Sülh Şurasına üzvlük barədə fikirlər
- “Müstəqilliyin əldə edilməsindən sonra ilk iqtisadi saziş”: Azərbaycan benzini artıq Ermənistandadır
- Yerevanda Ermənistan və Azərbaycan enerji sistemlərinin birləşdirilməsi potensialı müzakirə olunur
Ermənistan hakimiyyətinin müraciəti və Rusiyanın reaksiyası
2025-ci ilin dekabrında Nikol Paşinyan bildirib ki, Ermənistanın blokadadan çıxarılması kontekstində bəzi dəmir yolu sahələrinin bərpası mühüm əhəmiyyət daşıyır. O, Ermənistanı Azərbaycan, Naxçıvan və Türkiyə ilə birləşdirəcək üç sahənin adını çəkib.
Baş nazir rusiyalı tərəfdaşlardan bu məsələ ilə təcili məşğul olmağı xahiş edib və vurğulayıb ki, əks halda Yerevan bunu müstəqil şəkildə həyata keçirəcək:
“Ermənistan hökuməti bu sahələri konsessiyadan geri ala bilər. Və əgər birdən Rusiyanın bu işlərin vaxtında icrası ilə bağlı hər hansı problemi olarsa və ya belə problemlər gördüyü ortaya çıxarsa, biz bu bərpa işlərini dövlət büdcəsi hesabına həyata keçirəcəyik”.
Məsələ dövlət başçıları səviyyəsində də müzakirə olunub. Xüsusilə dekabr ayında Paşinyanla görüş zamanı Vladimir Putin “köhnə marşrutların bərpası və yenilərinin yaradılması” üzərində birgə işləməyə hazır olduğunu bildirib.
İki həftə əvvəl isə Ermənistan və Azərbaycanın nümayəndələrinin Yerasx-Sədərək dəmir yolu sahəsinə birgə baxış keçirməsi ilə bağlı rəsmi məlumat yayılıb. Bildirilib ki, baxışın məqsədi bərpa işlərinin aparılması üçün həmin sahənin texniki vəziyyətinin qiymətləndirilməsi olub.
Rusiya TRIPP-də “iştirak etmək” niyyətini bəyan edir
“Tramp Marşrutu” ikitərəfli Ermənistan-ABŞ layihəsidir. Bu ilin yanvarında Ermənistan və ABŞ artıq onun icra çərçivələrini razılaşdırıblar. Layihə Azərbaycanın Ermənistan ərazisindən Naxçıvanla maneəsiz əlaqə əldə etməsini, Ermənistanın isə beynəlxalq və daxili nəqliyyatda üstünlüklər qazanmasını nəzərdə tutur.
Rusiya dəfələrlə layihəyə qoşulmağa hazır olduğunu bəyan edib. Ermənistandan isə hər zaman bildirilib ki, Rusiya infrastruktur layihələrində iştirak edə bilər, lakin TRIPP-in özündə yox.
“Biz heç bir halda Rusiyanı istisna etmək məqsədi güdmürük. Rusiyanın Ermənistanda müxtəlif infrastruktur layihələrində iştirakı göz önündədir. Bu, Rusiya üçün bir imkandır, lakin yenə də TRIPP çərçivəsində deyil. Amma Tramp Marşrutunun davamı kimi başqa fəaliyyət, əlaqə və əməkdaşlıq ola bilər”, – deyə iki həftə əvvəl xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Lakin bu bəyanatdan sonra da Moskvanın ritorikası dəyişməyib.
“Tramp adlandırılan yol məsələsinə gəldikdə, biz mümkün qoşulma variantlarını araşdırmağa hazır olduğumuzu təsdiqləyirik. O cümlədən Rusiya Dəmir Yollarının unikal ekspertizasını nəzərə almaqla. Lakin əvvəlcə, yəqin ki, bu təşəbbüsün icrası və fəaliyyəti ilə bağlı bütün detallarla tanış olmaq lazımdır. Bildiyimizə görə, onun işlənməsi hələ ilkin mərhələdədir. Yerevana bütün maraqlı qurumların iştirakı ilə predmetli məsləhətləşmələr aparmaq təklifimiz qüvvədə qalır”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vurğulayıb.
Bu arada, Vaşinqtonda imzalanmış sənədə əsasən, layihənin icrası çərçivəsində Ermənistan ABŞ və “qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə” əməkdaşlıq edəcək. Hələlik nə Yerevan, nə də Vaşinqton üçüncü tərəflərin qoşulmasından danışır.
Şərh
Politoloq Ruben Meqrebyan hesab edir ki, “Rusiya Dəmir Yolları” şirkətinin Ermənistanda artıq işi yoxdur:
“Birincisi, rusların pulu yoxdur. İkincisi, əgər olsaydı belə, qoşulsaydılar da, yalnız layihənin baş tutmaması, reallığa çevrilməməsi üçün qoşulardılar. Əgər işləsəydi belə, yalnız və yalnız rusların sərt nəzarəti altında işləyərdi”.
Onun fikrincə, Moskvada hesab edirlər ki, hər şey onların istədiyi kimi ola bilər, çünki Ermənistan hökuməti aydın mövqe ortaya qoymur, kəskin bucaqları yumşaldır.
Paşinyanın “müsbət siqnallar”la bağlı son bəyanatını şərh edən politoloq bildirir ki, hələlik Rusiyadan cavab yoxdur:
“Bu Moskvadan gələn siqnallar nəyə əsaslanır? Axı “Rusiya Dəmir Yolları”nın büdcəsində nəhəng boşluq var. Onlar özlərini özləri talayıblar və indi Rusiya hökumətindən pul tələb edirlər. Niyə Ermənistanda pul xərcləsinlər? Bu suala cavab yoxdur”.
Meqrebyan “Rusiya Dəmir Yolları”nın Ermənistandakı törəmə şirkəti olan “Cənubi Qafqaz Dəmir Yolları”nın gələcək fəaliyyəti məsələsini də qaldırır və sual edir:
“Bu geridə qalmış şirkətin bizim dəmir yollarımızda mövcudluğuna nə qədər dözməliyik?”
Analitik onu “1970-ci illərin Brejnev dövründəki SSRİ ölçüləri ilə fəaliyyət göstərən və öz ölkəsində özünü talamaqla məşğul olan” bir struktur kimi xarakterizə edir.
“”Rusiya Dəmir Yolları” şirkəti Ermənistandan getməlidir. Bizim vaxtımız elə də çox deyil və onların uzun-uzadı düşünməsini gözləyə bilmərik”, – deyə o yekunlaşdırıb.
Rusiya Dəmir Yolları Ermənistandan gedəcəkmi