Rəy: İran niyə müttəfiqləri Rusiya və Çinin yardımına arxalanmamalıdır
Rusiya və Çin İrana dəstək verməyəcək
Kreml daha bir əsas geosiyasi tərəfdaşını itirməkdən ehtiyat edir. 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra İranda hakimiyyətin çökməsi Rusiyanın Yaxın Şərqdəki təsirinə ciddi zərbə vura bilər, bu haqda CNBC analitikləri yazır.
Bununla belə, Kreml hərbi və iqtisadi tərəfdaşına yardım göstərmək iqtidarında deyil. BCA Research-in baş geosiyasi strateqi Mett Gerkenin sözlərinə görə, “Ukraynada illərlə davam edən yorucu müharibə Rusiyanın öz sərhədlərindən kənarda gücünü yaymaq qabiliyyətini zəiflədib“.

CNBC-nin analitik icmalının əsas tezisləri
ABŞ və İsrailin İrana hücumları artıq dördüncü gündür davam edir. Lakin İranın ən yaxın müttəfiqləri olan Rusiya və Çin hələlik yalnız təmkinli tənqidlə kifayətlənib, Tehrana hərbi və ya mülki dəstək vədlərindən çəkiniblər.
Bu isə İranın Moskva və Pekinlə “strateji tərəfdaşlığının” sərt məhdudiyyətlərini aydın şəkildə göstərir.
Çinin xarici işlər naziri Van İ İranın ali lideri Əli Xameneinin öldürülməsi ilə nəticələnən hücumları pisləyərək bildirib ki, “ABŞ və İsrailin İrana zərbələr endirməsi qəbuledilməzdir… xüsusilə də suveren dövlətin liderinin açıq şəkildə öldürülməsi və rejim dəyişikliyinə təhrik edilməsi”.
Ukraynaya hərbi müdaxilə ilə məşğul olan Rusiya Xarici İşlər Nazirliyi isə bəyanat yayaraq qeyd edib ki, “təcavüz aktları beynəlxalq hüququ və BMT Nizamnaməsinin əsas prinsiplərini pozur və bütün regionda vəziyyəti destabilizə edir”.
Eyni zamanda Donald Tramp xəbərdarlıq edib ki, ABŞ-nin İrandakı hərbi əməliyyatı bütün məqsədlərə çatana qədər davam edəcək və potensial olaraq növbəti dörd həftə uzana bilər.
“İranın real müttəfiqi yoxdur”
Teneo konsaltinq şirkətində Çin üzrə ixtisaslaşmış idarəedici direktor Qabriel Vildau hesab edir ki,
“ABŞ ilə münasibətlərdə gərginliyin azaldılmasının qorunması Çin rəhbərliyi üçün strateji prioritet olaraq qalır”.
Onun fikrincə, ABŞ prezidenti Donald Tramp ilə Çin lideri Si Cinpin arasında yüksək səviyyəli görüş planlaşdırıldığı kimi bu ayın sonunda baş tuta bilər.
Londonun Chatham House analitik mərkəzinin elmi əməkdaşı Əhməd Abuduhun qənaətinə görə, “Pekin İran məsələsində ritorikanı xeyli yumşaltması və daha da yumşaldacağı müqabilində Tayvan və ticarət kimi öz maraqlarına daha birbaşa bağlı məsələlər üzrə güzəştlər əldə etməyə çalışa bilər”.
Rəsmi Pekinin ruporu hesab edilən Niutanqin sosial şəbəkə hesabı martın 2-də yazıb ki, “İranın real müttəfiqi yoxdur”, çünki bütün ölkələr Tehranın böhrandan çıxarılmasından çox öz milli maraqlarına üstünlük verəcəklər.
Çinin İrana hərbi dəstək məsələsində təmkinli mövqeyi yeni deyil.
Keçən il Pekin ABŞ və İsrailin İrana zərbələrini tənqid etsə də, Chatham House-un məlumatına görə, Tehrana heç bir maddi dəstək göstərməyib.
London analitik mərkəzinin məlumatına əsasən, Çin 2015-ci il nüvə sazişinədək Tehrana qarşı BMT-nin iqtisadi sanksiyalarını dəstəkləyib və o vaxtdan bəri İran iqtisadiyyatına məhdud investisiyaları çox ləng şəkildə yönəldib.
ABŞ-nin yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduronu saxlamasından sonra Pekin “açıq-aşkar güc tətbiqini” pisləyib və Vaşinqtonu “digər ölkələrin suverenliyini pozmağa son qoymağa” çağırıb. Lakin bu bəyanatlardan başqa heç bir addım atmayıb.
Vildaunun sözlərinə görə: “bütün bunlar göstərir ki, Pekinlə strateji tərəfdaşlıq hərbi ittifaq və ya hətta hərbi dəstək zəmanəti ilə eyni deyil”.
Tehran Residents Share Images Of Destruction As Air Strikes Continue ⬇️ pic.twitter.com/Ir21dsFPwX
— Radio Free Europe/Radio Liberty (@RFERL) March 2, 2026
Rusiya müşahidə edir və gözləyir
Son illərdə Tehran Yaxın Şərqdə Moskvanın əsas strateji, hərbi, iqtisadi və ticarət tərəfdaşı olub.
2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından sonra İran Rusiya üçün hərbi pilotsuz uçuş aparatları və raketlərin həyati əhəmiyyətli təchizatçısına çevrilib.
İndi isə Rusiya 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin süqutundan sonra digər regional müttəfiqi olan Suriyanı itirdikdən sonra Yaxın Şərqdə daha bir dayaq nöqtəsini itirməkdən ehtiyat edir.
Rusiya Xarici İşlər Nazirliyi İrana hücumları pisləyib. Lakin nə Kreml, nə də prezident Vladimir Putin vəziyyəti açıq şəkildə şərh edib.
Rusiya qlobal məsələlərdə tez-tez gözləmə mövqeyi tutur. Dekabrın sonunda İranda genişmiqyaslı etirazlar başlayanda da Moskva dəstək göstərməmişdi. İndi də Moskva müşahidəçi mövqeyi tutaraq rejimin ABŞ və İsrailin hərbi zərbələrinə tab gətirib-gətirməyəcəyini izləyə bilər.
BCA Research-in baş geosiyasi strateqi Mett Gerken CNBC-yə bildirib ki: “Ukraynada uzun illər davam edən yorucu müharibə Rusiyanın öz sərhədlərindən kənarda gücünü proyeksiya etmək qabiliyyətini zəiflədib”.
Ekspertin fikrincə, ordunun həddən artıq yüklənməsi və Qərb sanksiyalarının iqtisadiyyata davamlı təzyiqi səbəbindən Moskvanın Yaxın Şərqdəki təsiri daha da azalacaq.
Rusiya neft qiymətlərini diqqətlə izləyəcək, çünki xam neftin Çin və Hindistana satışı onun hərbi maşınının maliyyələşdirilməsinə kömək edir.
Hazırda neftin qiyməti 8 faizdən çox artıb və bazar iştirakçıları İrandakı münaqişənin qlobal təchizatda ciddi fasilələrə səbəb ola biləcəyindən ehtiyat edirlər.
Transversal Consulting-in prezidenti Ellen Uold CNBC-yə deyib ki: “Putin yəqin ki, sevinir, çünki neftin qiymətini artıran hər şey onun xeyrinədir. O, əlbəttə, deyə bilər ki, Meksika körfəzindən neft ala bilmirsiniz, amma bizdə əla mənbə var”.
Uold hesab edir ki: “Bu vəziyyət uzun sürməyə bilər. İran məsələsi həll edildikdən sonra Tramp, şübhəsiz ki, diqqətini Putinə yönəldəcək”.

İran süqut edəcəkmi?
Stenford Universitetinin professoru və ABŞ-nin Rusiyadakı keçmiş səfiri Maykl Makfol hesab edir ki, yalnız ABŞ və İsrailin hava zərbələri İranda rejim dəyişikliyi üçün kifayət etməyə bilər və bununla bağlı heç bir zəmanət yoxdur.
O, CNBC-yə müsahibəsində bildirib ki: “Tarixən hava kampaniyaları rejimlərin devrilməsinə gətirib çıxarmayıb. Mən bir dənə də uğurlu nümunə xatırlamıram. Hətta quru qoşunlarının iştirakı ilə həyata keçirilən hərbi müdaxilələr də, bir qayda olaraq, uğursuzluqla nəticələnir”.
“Hazırda biz bizə, tərəfdaşlarımıza və müttəfiqlərimizə qarşı yönəlmiş silah sistemləri olan hərbi hədəfləri bombalayırıq. Lakin İran xalqını boğmaq üçün istifadə olunan hərbi vasitə və silahları məhv etmirik”.
Makfolun fikrincə: “Prezident Trampın İran xalqına vəd etdiyi rejim dəyişikliyinə bu hərbi kampaniyanın necə gətirib çıxaracağı hələlik tam aydın deyil”.

Rusiya və Çin İrana dəstək verməyəcək