Rəğbət necə satın alınır? Azərbaycanın nümunəsində beynəlxalq jurnaist araşdırması
Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban. Foto Luke MacGregor/Reuters
Azərbaycan və hakimiyyəti bu həftə nəhəng beynəlxalq qalmaqalın mərkəzinə düşüb. Avropanın 11 nəşri (o cümlədən də “Le Mond”, “The Guardian”, “Süddeutsche Zeitung”) Azərbaycan hakimiyyətinin Avropa İttifaqındakı siyasətçilərin loyallığını satın alması və pul yuması haqda OCCRP-nin nəzdində hazırlanan müştərək araşdırmanın nəticələrini dərc edib.
İngiltərənin The Guardian qəzetinə və digər Avropa mediasına məlum olub ki, Azərbaycan hakimiyyəti imicinin möhkəmləndirilməsi və avropalı siyasətçilərin satın alınmasına on milyonlarla dollar xərcləyib. Yuyulmuş vəsaitlərin ümumi məbləği az qala 3 milyard dollara çatır.
Sxem
Araşdırma 2012-ci ildən 2014-cü ilə qədər olan dövrü əhatə edir. Bu sxemin mərkəzində Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər dayanır.
Onlar Danske bankının Estoniyadakı şöbəsi vasitəsilə Azərbaycan hakimiyyətinin nəzarətində olan və Rusiyaya aid şirkətlərdən ödənişlər qəbul ediblər. Daha sonra bu vəsait Avropada daşınmaz əmlaka, elit mallara və xidmətlərə, o cümlədən də bahalı avtomobillərin alınmasına, Azərbaycan elitasının uşaqlarının təhsil haqqına və tibbi xidmətlərə xərclənib.
Amma böyük məbləğlər başqa məqsədlə də xərclənib. Bu məqsəd mütəmadi olaraq jurnalistləri və hüquq müdafiəçilərini təqib etməkdə, həmçinin saxta seçkilər keçirməkdə ittiham olunan Azərbaycanın imicinin möhkəmləndirilməsindən ibarətdir.
Avropalı fiqurantlar
Belə ödənişlər almaqdan çəkinməyən Avropalı siyasətçilər və rəsmi şəxslər sırasında məsələn, Almaniyanın keçmiş parlamentarisi və Avropa Şurası Parlament Assambleyasının üzvü Eduard Lintnner, İtaliyanın sağ partiyalarından birinin lideri Lüka Voolonte, Avropa Rekonstruksiya və İnkişaf Bankının direktorlar şurasının Bolqarıstandan olan üzvü Kalin Mitrev var.
The Guardian uğurlu lobbi layihələri içində Avropa Şurasının 2013-cü ildə Azərbaycan hakimiyyətinin tənqidinə yönəlmiş bəyannaməsinin qarşısının alınmasını və Mitrevin həyat yoldaşı İrina Bokovanın rəhbərlik etdiyi UNESCO –nun qərargahında təbliğat xarakterli “Azərbaycan – tolerantlıq ölkəsidir” foto-sərgisinin təşkilini sadalayır.
Azərbaycanlı fiqurantlar
The Guardian-ın yazdığına görə araşdırmada bu sxemin iştirakçıları qismində Azərbaycan tərəfdən aşağıdakı şəxslərin və şirkətlərin adları hallanır: baş nazirin birinci müavini Yaqub Eyyubov, onun oğlu, Aİ-də Azərbaycan səfiri olan Emin Eyyuboov, prezidentin mətbuat katibi Azər Qasımov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar, Azərbaycan Beynəlxalq Bankı, Heydər Əliyev Fondu və Baktelecom MMC şirkəti.
Reaksiya
Azərbaycan hakimiyyətinin bu ittihamlara reaksiyası gecikməyib. Prezidentin köməkçisi Əli Həsənov dərc olunmuş materialı ağ yalan adlandırıb. Onun fikrincə, “Azərbaycan İngiltərə kəşfiyyatının, ABŞ və ABŞ-dakı erməni diasporunun apardığı kampaniyanın qurbanı olub”.
Aysberqin görünən hissəsi?
Araşdırma müəllifləri hesab edirlər ki, sxem daha uzun müddət sürə, yuyulmuş və lobbiçiliyə xərclənmiş üç milyard dollarlıq vəsait isə aysberqin sadəcə görünən hissəsi ola bilər.
Ola bilər ki, bu araşdırma yaxın aylarda bizi gözləyən maraqlı prosesin sadəcə başlanğıcıdır.
ABŞ-da xüsusi prokuror Robert Müller Rusiyanın prezident seçkilərinə mümkün müdaxiləsini araşdırır. Amerika KİV-nın yazdığına görə, bu araşdırma əsnasında prezident Trampın və onun ətrafının Rusiya və Azərbaycanla əlaqələri xüsusi prokurorun diqqətini çəkib.
Xatırladaq ki, Trampın seçkiqabağı təbliğat qərargahının əlaqələrində Azərbaycan prezidentinin keçmiş kürəkəni Emin Ağalarov da iştirak edir. The Guardian həmçinin Anar Məmmədovun da adını çəkir, qəzetin yazdığına görə, o, Trampın Azərbaycandakı işgüzar tərəfdaşı və qızı İvankanın şəxsi dostudur.
İstisna deyil ki, Azərbaycan və Rusiya ilə bağlı pul yuyulması və lobbiçilik məqsədilə puldan istifadə olunması sxeminə dair Avropa və Amerikada aparılan araşdırmalar yaxın zamanda vahid bir materialda birləşmiş olacaq. Bu isə bütün dünya üçün nəhəng siyasi sarsıntılar demək olacaq.