Rusiyanın hökumətyönlü “Sputnik” informasiya agentliyi 2020-ci il yanvarın 1-də 30-a yaxın yerli əməkdaşı istefa verəndən sonra Estoniyadakı fəaliyyətini dayandırıb.
Kollektiv bəyanat yayıb və bildirib ki, bu, könüllü istefa deyil, Estoniya polisi tərəfindən təzyiqin nəticəsidir.
Estoniyanın hüquq-mühafizə orqanları 2019-cu ilin dekabrında “Sputnik” agentliyinin Estoniya şöbəsinin kollektivinə xəbərdarlıq ediblər ki, onlarAvropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
“Estoniyanın polis və sərhəd mühafizəsi departamenti bizim hər birimizə ultimatum verdi: ya biz əmək müqaviləmizə son qoyuruq …və daha “Sputnik Estoniya”da işləmirik, ya da onlar bizə qarşı cinayət işi açacaqlar”, – bəyanatda deyilir.
Kollektiv “jurnalistlərin cinayət təqibinin müasir Avropanın reallığı olduğu üçün” məyusluqlarını ifadə ediblər və söz veriblər ki, “oxucuların Estoniyada və ölkə hüdudlarından kənarda tam informasiya almaq haqları uğrunda mübarizə aparacaqlar”.
“Sputnik” agentliyinin konteksti
“Sputnik Estoniya” öz saytında rus və eston dillərində mətn, audio və video məlumatları dərc edir.
Xidmətə Rusiyanın “Rusiya bu gün” dövlət media şirkəti nəzarət edir. “Russia Today” kimi tanınan telekanal və “RİA-Novosti” xəbər lenti də bu media şirkətinə daxildir.
“Rusiya bu gün” media şirkətinin baş direktoru Dmitri Kiselyov qərb əleyhinə təkrarlanan bəyanatları ilə məşhur olan televiziya şərhçisidir. O, Avropa İttifaqının sanksiya siyahısına daxil edilmiş şəxslərdən biridir.