"Rusiya ilə gərginlik fonunda Azərbaycan Ukraynaya yardımlarını genişləndirməlidir" - Bakıda belə deyirlər
Rusiyanın SOCAR-ın anbarını vurması barədə
Rusiyanın Ukraynanın Odessa vilayətində apardığı hücumlar nəticəsində SOCAR-a məxsus neft anbarı və Azərbaycan qazının Ukraynaya nəql olunduğu kompressor stansiyası vurulub. Politoloq Şahin Cəfərli bu hücumları Azərbaycana xəbərdarlıq və iqtisadi zərbə kimi dəyərləndirir.
“Odessada SOCAR-ın neft bazasının və qaz kompressor stansiyasının vurulması Azərbaycana həm xəbərdarlıq, həm də onun iqtisadi maraqlarına zərbə kimi qiymətləndirilməlidir”, – Cəfərli belə hesab edir.
O əlavə edir ki, Azərbaycanın ixrac neftinin qəflətən çirklənməsi texniki qüsur deyil, “çirkləndirilməsinə də bu kontekstdə yanaşmaq məntiqli olar” – yəni bu, sadəcə texniki səhv yox, hədəfə alına bilən diversiya əməliyyatıdır.
“Rusiya Azərbaycanı birbaşa deyil, dolayı yolla hədəf almaqda davam edir”.
“Zəngəzur yolunu işlədənlər sırasına Rusiya da əlavə oluna bilər”

Müstəqil politoloq Şahin Cəfərli hesab edir ki, Moskva əsas məqsəd kimi Azərbaycanın 10 noyabr 2020-ci il atəşkəs bəyanatı çərçivəsində qalmasını istəyir.
Onun fikrincə, Rusiya indiki vəziyyətdə Azərbaycanı məhz bu sənədin qoyduğu üçtərəfli formatdan kənara çıxmamağa məcbur etməyə çalışır.
Eyni zamanda, Moskva münasibətlərin yenidən 2022-ci il 22 fevral tarixli müttəfiqlik anlaşmasındakı qarşılıqlı öhdəliklərə uyğunlaşdırılmasını gözləyir. Ukraynadakı həll prosesi fonunda ABŞ və Rusiya arasındakı istiləşmə Azərbaycanın (və təbii ki, Paşinyan hökumətinin) manevr imkanlarını daralda bilər.
Bu istiləşmə davam edərək yaxınlaşmaya çevrilərsə, Zəngəzur yolunu işlədəcək operatorlar sırasına Rusiya şirkəti də əlavə olunsa, ümumən Rusiyanın orada iştirakı hansısa şəkildə təmin edilsə, təəccüblənmək lazım deyil. Vladimir Putin belə bir xahişlə Donald Trampa müraciət edərsə, cavab yəqin ki, müsbət olacaq.
“SOCAR obyektinin vurulmasından sonra Ukraynaya 2 milyonluq yardım təsadüfi deyil”

Hökümətə yaxınlığı ilə bilinən digər bir politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hadisələrə bir qədər fərqli rakursdan yanaşır.
O hesab edir ki, Rusiya Ukraynadakı SOCAR-ın yanacaqdoldurma məntəqələrini qəsdən nişan alıb.
“Kreml Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığından narahatdır, bunu əngəllməyə çalışır. Ancaq SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinin hədəf alınmasının Kreml üçün əks-effekti olacaq. Azərbaycan Kremlin bu şantajı qarşılığında Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək.
Təsadüfi deyil ki, Rusiya Odessada SOCAR-ın yanacaq mərkəzini birinci dəfə raketlə vurduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışaraq Ukraynaya əlavə olaraq 2 milyon dollar yardım ayırdığını bildirdi”.
Politoloq əlavə edir ki, Rəsmi Bakı Rusiyanın xəbərdarlığına baxmayaraq gələcək hücumlara cavab olaraq siyasətini dəyişə bilər.
“Azərbaycan Ukraynaya silah və hərbi texnika yardımına qoyduğu embarqonu ortadan qaldıra bilər. Kremlin rəsmi Bakının xəbərdarlığını nəzərə almayaraq SOCAR-ın yanacaq mərkəzinə yenə zərbə endirmək qərarını veribsə, belə olan halda Azərbaycan Ukrayna ilə hərbi sahədə də əməkdaşlıq mövzusunu müzakirəyə çıxara bilər.
Rusiyanın SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə vurduğu raket zərbələri Azərbaycanla münasibətlərin normallaşması imkanlarını heçə endirir, tam əksinə gərginlik daha da artır. Demək, Kreml Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil”.
“Rusiyaya bəyanatla deyil, Ukraynaya silah sataraq cavab vermək lazımdır”

Milli Məclisin deputatı Rasim Musabəyov mətbuata açıqlamasında deyir ki, Azərbaycanın etirazlarına baxmayaraq,
SOCAR-ın obyektlərini hədəfə alan Rusiyaya artıq bununla bağlı əlavə müraciət və ya bəyanat ünvanlamağa ehtiyac yoxdur.
“Hesab edirəm ki, biz Ukraynaya silah satışına qoyulmuş embarqonu aradan qaldıra bilərik və bu addımı atmaq lazımdır.
Rusiyanın dediklərinə fikir vermədən hərəkət etmək lazımdır. Vaxtilə Ermənistanla müharibə dövründə ələ keçirilmiş rus silahlarını Ukraynaya satmaq mümkündür. Naxçıvanda da ordumuz tamamilə Türkiyə silahlarına keçid etdiyi üçün orada kifayət qədər zirehli texnika qalıb. “Qrad” qurğuları, digər texnikalar var ki, onları artıq saxlamağa ehtiyac yoxdur. Bu texnikanı Ukraynaya satış üçün göndərmək olar.
Vaxtilə Ukrayna bizə sovet silahlarını satmışdı. Həm tankları, həm də MiQ-29 qırıcılarını Azərbaycana vermişdi. Mən indi heç bir qəbahət görmürəm ki, Azərbaycan da öz növbəsində artıq bizə artıq lazım olmayan sovet istehsalı silahları Ukraynaya güzəştli qiymətlərlə satsın. Onsuz da həmin vəsaiti Avropa ölkələri böyük məmnuniyyətlə ödəyirlər.
Buna əlavə izahat da lazım deyil. Kimə xoşdursa, xoş olsun, xoş deyilsə, fərq etməz”.
Rusiyanın SOCAR-ın anbarını vurması barədə