Rusiyanın Kemerovo şəhərində yanğın zamanı azı 64 nəfər həlak olub
Paylaşmaq
Paylaşmaq
Martın 25-də Rusiyanın Moskvadan üç min beş yüz kilometr məsafədə, Qərbi Sibirdə yerləşən Kemerovo şəhərində “Zimnyaya vişnya” ticarət mərkəzində yanğın baş verib, Meduza internet nəşri xəbər verir.
Yanğınsöndürənlər əsas yanğın ocaqlarını 12 saat ərzində ram edə bilib, amma mərkəzin yuxarı mərtəbələri hələ də tüstüləyir. Xilasedicilər hələ də TM-nin insanların olduğu ehtimal edilən bəzi məkanlarına girə bilmir. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Hazırda “Zimnyaya vişnya” ticarət mərkəsində baş vermiş yanğın nəticəsində 64 nəfərin həlak olduğu, onlardan ən azı 9 nəfərinin uşaq olduğu məlumdur. Bu informasiya yenilənir və böyük ehtimalla yekun məlumat deyil.
Həmçinin 41 uşaq və 23 nəfər yetkin insanın itkin düşdüyü də bildirilir, amma TM-də zərər çəkən insanların dəqiq sayını müəyyən etmək çətindir. Meyitləri tapılan, amma şəxsiyyətləri müəyyən edilməyənlər də 64 nəfər itkin düşənin sırasına daxil edilib.
“Zimnyaya vişnya” mərkəzində müqaviləli zoopark da yerləşirdi. Orada 200-ə yaxın heyvan saxlanırdı. Böyük ehtimalla onların hamısı yanğın zamanı tələf olub.
TM-də baş verən yanğının səbəbləri müəyyən olunmayıb. Rusiya İstintaq Komitəsi (İK) üç maddə ilə cinayət işi qaldırıb, 4 nəfər həbs olunub.