Martın 23-də Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Denis Voronenko Kiyevin mərkəzində öldürülüb. Mühafizəçisi isə yaralanıb. Ona atəş açan şəxs də cavab atəşiylə yaralanıb və daha sonra xəstəxanada keçinib.
Hadisə Kiyevin mərkəzindəki “Premyer-Palas” mehmanxanasının qarşısında günorta vaxtı baş verib.
Denis Voronenkov ötən çağırış Dövlət Dumasının deputatı olub, yeni parlamentə seçilə bilməyib və 2016-cı ilin sonlarında Kiyevə köçüb, Ukrayna vətəndaşlığı alıb. Orada o, Rusiyadakı siyasi durumu tənqid edib və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dövlətə xəyanət işi üzrə Baş Prokurorluğa ifadə verib.
Voronenko ilə birlikdə Ukraynaya onun həyat yoldaşı Mariya Maksakova da köçüb. Mamsakova da Rusiya Parlamentinin keçmiş deputatı, opera müğənnisi, Mariinski Teatrının solisti və kriminal avtoritet Vladimir Türinin keçmiş arvadıdır.
Rusiyada Denis Voronenkova qarşı dələduzluq yolu ilə 1.5 milyon dollarlıq daşınmaz əmlakı ələ keçirmək ittihamı ilə cinayət işi qaldırılıb. O, polkovnik rütbəsinə və elmlər doktoru elmi dərəcəsinə sahib idi. Rusiya KİV-in bildirdiyinə görə, Voronenkov kriminal sövdələşmələrdə tərəflər arasında yaranan münaqişələri yoluna qoymaq iqtidarına sahib biri idi.
Ukrayna prezidenti Tyotr Poroşenko Voronenkovun qətlini “Rusiya tərəfindən siyasi terror aktı” adlandırıb. Prezident Putinin mətbuat katibi baş vermiş hadisə haqda şərh verməkdən imtina edib.
Xatırladaq ki, fevralın 20-də Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin qəfil və qeyri-müəyyən şəraitdə dünyasını dəyişib. Vaxtilə o, BMT Təhlükəsizlik Şurasının iclasında Viktor Yanukoviçin Ukrayna ərazisinə Rusiya qoşunlarının yeridilməsi xahişi ilə Vladimir Putinə yazdığı məktubu nümayiş etdirmişdi. Çurkinin ölümündən sonra Rusiya tərəfi belə bir müraciətin mövcudluğunu inkar etdi.