Rusiyanın futbol yığmasının talismanı? Yoxsa korrupsiya nümunəsi?
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı tamaşaçılara və müşahidəçilərə ən müxtəlif təəssüratlar bəxş etməyə davam edir.
Kokoşnikli azarkeşlər
İyulun 1-də futbol üzrə Dünya Çempionatında Rusiya-İspaniya oyununun televiziya translyasiyası zamanı kamera əllərində hot-doq tutub yeyən, başlarında kokoşnik (Rusiyada qədim papaq növü) üç rus azarkeşini ekrana gətirib. Onların fotoları tezliklə bütün internetdə yayılıb və kokoşnikli azarkeşlər mem olub.
Memlər haqda aşağıda danışacağıq – indi isə kadra düşənlərin kimliyi haqda, çünki sən demə, onlar sıradan adam deyilmiş.
Qeyri-adi ailə
“Azadlıq Radiosunun” yazdığına görə, Dmitri Qnatyuk, həyat yoldaşı Yelena Kalenskaya və qardaşı oğlu Yuri Qnatyuk bir neçə iri konsaltinq şirkətinin daxil olduğu “İMA Qrup” holdinqi ilə sıx əlaqəlidirlər.
Dmitri Qnatyukun böyük qardaşı Andrey holdinqin rəhbəridir. Dmitrinin özü vitse-prezident vəzifəsini tutur.
İMA Qrup uğurlu şəkildə siyasi konsaltinqlə məşğul olur və Rusiya hakimiyyəti ilə sıx əməkdaşlıq edir.
İMA Qrupun tarixi
1989-cu ildən şirkət adi nəşriyyat işi ilə fəaliyyətə başlayıb, amma artıq növbəti il onun əsas vəzifəsi iqtidarda olan “Vahid Rusiya” Partiyasını informasiya dəstəyi ilə təmin etmək idi.
Bu, Rusiyanın ən iri partiyasıdır, onun sədri isə ölkənin hazırkı baş naziri Dmitri Medvedyevdir. Vladimir Putin idarəçiliyinin bütün 18 ili ərzində Dövlət Dumasının deputatlarının çoxu “Vahid Rusiya” Partiyasının üzvləridir.
İMA “Vahid Rusiya” üçün loqotiplər və sayt dizaynı hazırlayır, həmçinin onun piar dəstəyi ilə məşğul olur. Azadlıq Radiosunun yazdığına görə, İMA Qrupun ən stabil qazancı Moskva seçkilərinin işıqlandırılmasından çıxır. 2011-ci ildən şirkət Rusiya paytaxtında müxtəlif seçkilərə informasiya dəstəyi göstərmək üçün birbaşa dövlət büdcəsindən 16 milyon dollardan çox vəsait alıb.
Qnatyukların holdinqi eyni zamanda 2018-ci il prezident seçkiləri ərəfəsində Rusiya Mərkəzi Seçki Komissiyasının fəaliyyətini işıqlandırmaq üçün müsabiqənin qalibi olub.
Yarı sübuta yetirilmiş korrupsiya
Transparency International müstəqil beynəlxalq təşkilatının Rusiyaya həsr olunmuş və 2017-ci ildə nəşr edilmiş anti-korrupsiya araşdırması göstərib ki, İMA Qrup 2011-ci ildən başlayaraq ümumilikdə 40 milyon dollar dəyərində 400 dövlət tenderini qazanıb.
Bu pullar seçicilərin siyasi əhvalının müəyyənləşdirilməsi və konsultasiya dəstəyinin göstərilməsi üzrə eksklüziv sosioloji tədqiqata xərclənib.
Transparency International təşkilatının eksperti Stanislav Andreyçuk bildirir ki:
“İMA Qrup strukturların polittexnologiyası bazarındaə əsasən hakimiyyətlə çalışan və milyard rublluq dövlət müqavilələrini qazanan ən tanınmış şirkətlərdən biridir. Birinci növbədə bizi seçki kampaniyasının maliyyələşdirilməsinə büdcə vəsaitlərinin xərcləndiyi faktllar maraqlandırır ki, bu da yolverilməzdir. İMA Qrupun misalında bizim hakimiyyət yönlü namizədlərə seçkiqabağı xidmətlərin çox vaxt büdcə ödəyicilərinin hesabına ödəndiyinə dair böyük şübhələrimiz var”.
Saxta rəqiblər
İMA Qrupun qazandığı dövlət tenderlərinin dürüstlüyü müstəqil ekspertlərdə şübhə doğurur. İlk növbədə ona görə ki, tenderlərin çoxunda eyni şirkətlər iştirak edib, üstəlik onlardan bəziləri holdinqlə sıx bağlıdır.
Məsələn, “Yeni Media Məktəbi” mütəmadi olaraq müxtəlif müsabiqələrdə Qnatyukun holdinqi ilə rəqabət aparır. Və mütəmadi olaraq ona uduzur. Məlum olub ki, “Yeni Media Məktəbinin” baş direktoru Kseniya İlyina eyni zamanda “İMA Konsaltinq”in baş direktorunun müşaviridir.
İspaniya yığması üzərində qələbədən sonra Rusiya mediası kokoşnikli azarkeşləri Rusiya yığmasının yeni talismanı adlandırıb. Amma Dmitri Qnatyukun nə iş sahibi olması haqda dövlət mediası susub.
Memlər
Bu foto ilə bağlı memlər internetdə furor yaradıb. Bir neçə ən gülməlisini təqdim edirik.