Rusiyanın ardınca Azərbaycanda da “Stalinin ölümü” filmi qadağan edilib
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Rusiyada qadağan edilən “Stalinin ölümü” filminin premyera günündə bütün ölkə kinoteatrlarında nümayişini dayandırıb.
Film prokatdan çıxarılandan bir həftə öncə Azərbaycanın Cinema plus kinoteatrlar şəbəkəsinin inkişafı üzrə direktoru Zaur Darabzadə haqqın.az saytına bildirib ki, bu Britaniya-Fransa istehsalı olan qalmaqallı komediya Azərbaycanda göstəriləcək. Filmin anonsu Cinema plus-un saytında yerləşdirilib.
Amma premyeraya bir gün qalmış Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi filmə qapalı baxış keçirib və onun kinoteatrlarda nümayişini dayandırmaq qərarını alıb.
“Film İkinci Dünya Müharibəsi zamanı baş verən olaylardan bəhs edir və bu bizim tariximizdir, filmdə təsvir olunanlar isə Mədəniyyət Nazirliyinin fikrincə, bu müharibədə həlak olanların xatirəsini təhqir edir”, – Darabzadə bildirib.
“Stalinin ölümü” britaniyalı rejissor Armando İannuççinin komediyasıdır, zarafatların siyasi yönü ilə Saşa Baron Koenin “Diktator” filmini xatırladır. “Stalinin ölümü” filmində SSRİ-də gedən hakimiyyət uğrunda mübarizədən bəhs olunur. Rejissor sovet liderlərini – Xruşşovu, Beriyanı, Jukovu komik şəkildə təqdim edib.
Yanvarın sonunda “Stalinin ölümü” filminin Rusiya kinoteatrlarında nümayişi qadağan edilmişdi. Rusiya Mədəniyyət Nazirliyinin İctimai Şurası baxışdan sonra filmin nə tarixi, nə də mədəni dəyər daşımadığı, əvəzində isə sovet rəmzlərini – himn, orden və medalları təhqir etdiyi qənaətinə gəlmişdi. Bundan çıxış edərək, Mədəniyyət Nazirliyi filmin prokat şəhadətnaməsini geri almışdı. Bu qərardan sonra həmin filmin Rusiya, MDB və Baltikyanı ölkələrin ərazisində rəsmi distribütoru olan “Volqa” kino şirkəti “Stalinin ölmü” filmini satışdan çıxarmışdı.
“RF Mədəniyyət Nazirliyinin “Stalinin ölümü”nün nümayişini qadağan etməsi Azərbaycan da daxil olmaqla bütün postsovet məkanında qadağan olunmasına gətirib çıxarıb”, – haqqın.az yazır. Amma Gürcüstnada “Stalinin ölümü” kinoteatrlarda azad şəkildə nümayiş olunur və qadağan edilməsi ilə bağlı heç bir müzakirə aparılmır.
Mədəniyyət Nazirliyinin “Stalinin ölümü” filminin nümayişinin dayandırılması ilə bağlı qərarı Azərbaycan sosial şəbəkələrində kəskin reaksiya doğurub. Facebook şəbəkəsindən bir neçə xarakterik nümunə gətiririk:
“Mədəniyyət Nazirliyinin qərarı Azərbaycanın müstəqil dövlət olmadığını təsdiqləyir”.
“Onlar heç filmə baxmayıblar da. Mən Beriyanın “Bakı ayaqyolundakı kimi iylənir” sözlərinə irad bildirə bilərdim, Jukov isə əksinə, qartal kimi göstərilib. Ümumiyyətlə yaxşı filmdir, amma gülməli deyil, əksinə, kədərlidir”.
“Azərbaycan getdikcə daha çox Rusiyanı təkrarlayır. Avrofobiya, filmlərin qadağan olunması… sonra nə, Qulaq, Belomorkanal?…”
“Rusiyanın qadağasından bizə nə? Məgər biz 1991-ci ildə müstəqilliyimizi elan etməmişik? Məgər Stalin bizim qəhrəmanımızdır? Bu sistem ziyalılarımızın qaymağını məhv edib. İkinci Dünya Müharibəsində həlak olan həmvətənlərimizin əziz xatirəsinin isə bu filmlə heç bir əlaqəsi yoxdur”.