Rusiyanın Abxaziyaya dəmir yolunun bərpası üçün verdiyi kredit – fırıldaq yoxsa yox?
İki ay əvvəl Moskva və Suxum Rusiyadan yeddi il əvvəl dəmir yolunun təmiri üçün alınan iki milyardlıq kredit üzrə borcun restrukturizasiyası haqqında sənəd imzaladılar.
Bu razılaşmaya əsasən, indi borcun qaytarılması daha altı ay, yəni 2029-cu ilə qədər uzadılıb. Bundan başqa, faizlərin ödənilməsi ləğv edilib və müvafiq olaraq Abxaziya büdcəsinin üzərində ağır yük olan illik ödəmələrin məbləği 316 milyondan 109 milyona qədər [təxminən $ 2,5 milyon] azaldılıb.
Amma sənədin qüvvəyə minməsi üçün onun ratifikasiyasına ehtiyac vardı. İndi də Abxaziya parlamenti yekdilliklə lehinə səs verərək (əslində, başqa cür olacağını gözləməyə dəyməzdi də) bu məsələni birdəfəlik həll etdi.
“Brexalovka”nın – məşhur Suxum qəhvəxanasının – daimi müştəriləri rahatlıqla nəfəslərini dərib, sadə hesablamalar yoluyla qənaət edilmiş vəsaiti öz pensiya kartlarına paylaşdırmağa başladılar. Həmin vəsaitin hesabına pensiyaların artırılması onların gözündə ən doğru həll kimi görünür.
Yerli siyasətçilər isə özlərindən razı halda yəqin ki, bu işi yumağa, özlərinin Kreml sakinlərinin ürəyini yumşaltmaq bacarıqlarını vəsf etməyə getdilər, axı Abxaziya nümayəndələrinin çoxsaylı xahişlərindən sonra Kreml nəhayət təslim oldu. Sevimli Vətənin üçün nələri etməzsən ki?
Bu başıbəlalı kredit də axı vaxtıykən ancaq “Vətənə sevgi” səbəbindən alınıb. Əslində, söhbət puldan gedəndə Abxaziya hakimiyyətinin heç vaxt başqa motivasiyası olmayıb da. İki milyard rubl da [təxminən 35 milyon dollar] heç bir smeta sənədləri olmadan və bu əməliyyatdan iqtisadi effektin real təhlilə əsaslanan hesablamaları aparılmadan götürülüb.
Etiraf etmək lazımdır ki, o vaxt ölkədə Vətənə qarşı hədsiz sevgi hissi o qədər böyük idi ki, hətta prezident administrasiyasında həmin müqavilənin parlamentdə ratifikasiya məsələsini mənasız bir rəsmiyyətçilik və boşuna vaxt itkisi saydılar.
Nəticədə Moskvaya saxta sənəd getdi. Kassadan pul alındı və geninə-boluna xərcləndi. O cümlədən də dəmir yolu dalanının hansısa təmirinə də pul qaldı, əslində Abxaziya yolu elə həmin dalandan da ibarətdir. Görülən işin qəbul aktı da imzalanmayıbmış. Amma bütün bunlar xırda şeylərdi.
Hesabı ödəmək vaxtı çatanda deputat korpusunun bir hissəsində birdən şübhələr yarandı – parlament baş prokurorluğa kredit razılaşmasına hüquqi qiymət vermək xahişiylə müraciət etdi. Orada da az qala analarının canına and içdilər ki, hər şey qaydasındadır və Vətənə görə narahatlıq da harasa uçub getdi. “Bunlar yüz faiz satmayacaq”, – onda belə bir fikir yarandı.
Amma ola bilməz ki, bütöv balaca da olsa bir ölkədə vətənpərvər olmayan insan tapılmasın. Hansısa yolunu azmış kəs mütləq tapılmalıdır. Hətta qurbanlıq “qoyun” olmasa da, onun roluna mütləq kimisə təyin etmək lazımdır. Başqa cür xalqa izah etmək mümkün deyil ki, niyə bir tərəfdən Abxaziyada kommunizm hələ də bərqərar olmayıb, digər tərəfdən də niyə hələ də ona can atmaq lazımdır.
O da vətəni tezliklə tərk edərək, tərk olunan ölkədə vətənpərvərlərin sayını yüz faizlik göstəriciyə qədər çatdırdı.
Amma gözlənilən xoşbəxtlik elə də bərqərar olmadı. Təəssüf ki, Abxaziya indiyə qədər də hesab ödəyir, özü də təkcə dəmiryolu krediti üzrə yox. Və cəzalandırılanlar vətənpərvər nəğmələrin müşayiətilə ölkəni sistem köləliyinə sürükləyən məmurlar deyil, sual verən jurnalistlər olduğu müddətcə ödəməyə davam edəcəklər.
Anton Krivenyuku reabilitasiya etmək zamanıdır. Bu ona deyil, bizə, bizdə heç olmasa gələcəyə ümidin yaranması üçün lazımdır.