Rusiyalı biznesmen bildirir ki, Abxaziyada onun biznesini əlindən alıblar
Abxaziyada rusiyalı biznesmenin müəssisəsi ətrafında əmlak mübahisəsi ilə bağlı qalmaqal yenidən alovlanır.
Mixail Panov bildirir ki, iki abxaz iş adamı onun müəssisəsini qanunsuz olaraq əlindən alıb, Abxaziya hakimiyyəti isə bu reyderləri dəstəkləyir. Bu günlərdə biznesmen Moskvada Abxaziya səfirliyi qarşısında müddətsiz etiraz aksiyasına başlayıb.
Panovun ittiham etdiyi həmin iki abxaz iş adamı – Səid Lakoba və Roman Geriya öz növbələrində rusiyalı biznesmeni razılaşmanı pozmaqda və onlarla müştərək biznesi mənimsəmək cəhdində günahlandırırlar.
Qalmaqal artıq iki ildir ki, davam etsə də, nə Rusiya, nə də Abxaziya hakimiyyəti indiyə qədər münaqişəyə qarışmayıb və məsələni aydınlaşdırmayıb.
Ön tarixçə – Mixail Panovun versiyası
Rusiya vətəndaşı Mixail Panov bildirir ki, o, plastik məmulatlar istehsal edən “SPS – Qafqaz” zavodunu 2016-cı ilin yayında Qudaut rayonunun Lıxnı kəndində açıb. Elə həmin andan da onun problemləri başlayıb.
Panov video-müraciət hazırlayıb və orada bütün olanları danışıb, iki Abxaziya vətəndaşı Səid Lakoba və Roman Geriyanın adını çəkib. Onun sözlərinə görə, bu şəxslər yanına gələrək, gəliri bölüşməyi təklif edib, eyni zamanda etiraz edəcəyi halda zavodu əlindən almaqla, özünü isə öldürməklə təhdid ediblər.
Panov deyir ki, o “krışa”dan imtina edib və qısa müddətdə müəssisəsindən məhrum olub.
“2016-cl il sentyabrın 20-də [Lakoba və Geriya] əlliyə yaxın adamdan ibarət aqressiv qrupun dəstəyilə zavod ərazisinə quldur basqını edib, fəhlələri və personalı ölümlə hədələyib, müəssisəsinin rusiyalı əməkdaşlarını Rusiya ilə sərhədə apararaq, kobud şəkildə Abxaziya ərazisindən çıxmağa məcbur ediblər”, – Panov Rusiyanın “Kavkazskiy uzel” informasiya agentliyinə bildirib.
Biznesmenin sözlərinə görə, 2016-cı il sentyabrın 20-dən sonra öz zavodunun ərazisinə daxil ola bilmir, onun bütün cəhdlərinin qarşısı müəssisəni ələ keçirən reyderlər tərəfindən alınıb və ölüm təhdidi ilə müşayiət olunub.
Ön tarixçə – abxaz biznesmenlər Səid Lakoba və Roman Geriyanın versiyası
Səid Lakoba bildirir ki, onu Mixail Panovla ən başından istisnasız olaraq işgüzar münasibətlər bağlayıb.
“Biz Roma Geriya ilə onu sərhəddə qarşıladıq, danışıqlar masası arxasına oturduq və boru zavodunun inşası ilə bağlı razılığa gəldik. Bu, 2010-cu ildə olmuşdu. Mən belə bir şərt qoydum ki, boru zavodunu tamam öz üzərimizə götürəcəyik, torpaq sahəsinin ayrılması və bütün sənədlərin tərtibi ilə bağlı bütün inzibati məsələləri həll edəcəyik – amma zavodda yerli əhalinin işləyəcəyinə dair şərt qoyduq.
Panov razılaşdı, dedi ki, heç bir məsələ yoxdur. O, bizə bildirdi ki, hər şeyi centlmen münasibətləri üzərində quracağıq. Biz razılaşdıq”.
Amma Lakoba və Geriya deyir ki, onlar razılaşmanın öz paylarına düşən hissəsini yerinə yetirəndən – torpaq sahəsinin ayrılmasına və bütün sənədlərin Panovun adına rəsmiləşməsinə nail olandan sonra rusiyalı biznesmen öhdəliyindən imtina edib və Moskvadan gətirdiyi “öz adamlarını” işə götürüb.
Abxaziya hakimiyyətinin şərhi
Nə Abxaziya, nə də Rusiya hakimiyyəti heç bir dəfə də münaqişəni şərh etməyib.
Martın 5-də Mixail Panov Abxaziyanın iqtisadiyyat naziri Adqur Ardzinba ilə görüşüb. Bildirildiyinə görə, nazir vəziyyəti ətraflı öyrənməyə söz verib.
Baş Prokurorluğun qanunvericiliyə əməl olunmasına nəzarət idarəsinin rəisi Beslan Tarkil Mixail Panovun dəfələrlə Lakoba və Geriyanın onun zavodunun işinə imkan vermədikləri və onu ölümlə hədələdikləri haqda ərizə ilə müraciət etdiyini təsdiqləyib.
Tarkil jurnalistlərə bildirib ki, onun şikayətləri yoxlanılıb və əsassız olduğu ortaya çıxıb. Buna görə də “Labkov və Geriyanın əməllərində cinayət tərkibi olmadığı üçün” Panovun cinayət işinin qaldırılması tələbi rədd edilib.
Tarkil onu da qeyd edib ki, “tərəflərdən heç biri yaranmış ziddiyyətlərin həll olunması üçün məhkəməyə müraciət etməyib”. Bununla belə o bildirib ki, bu məsələ Abxaziya Arbitraj Məhkəməsində çözülməlidir.
Hadisələrin inkişafı
Rusiyalı biznesmen hesab edir ki, Abxaziya hakimiyyəti obyektiv deyil və problemin həllini uzadır. Buna görə də, o, fəal addımlara əl atmaq qərarına gəlib və martın 2-dən “SPS Qafqaz” müəssisəsinin əməkdaşları ilə birlikdə Moskvada Abxaziya səfirliyinin qarşısında davamlı etiraz aksiyası keçirmək qərarına gəlib.
“Biz növbə ilə burda oluruq, bu, təkadamlıq piketdir. Biz sahibkarın, baş direktor Mixail Panovun öz əmlakı üzərində qanuni haqlarının bərpa olunmasını tələb edirik”, – “Kavkazskiy uzel”in müxbirinə baş direktorun səlahiyyətli nümayəndəsi İlya Panov bildirib.
Səfirlik binasının qarşısında “Növbəti Rusiya müəssisəsi – “SPS Qafqaz” zəbt edilib. Növbədə kimdir?” sözləri yazılmış bennrli avtomobil dayanıb.
“Avtomobilin dayandığı yer ödənişli dayanacağa aiddir. Biz oranın pulunu ödəmişik və tələblərimiz yerinə yetirilənə qədər biz orda dayanacağıq. 50 nəfərin iştirakı ilə razılaşdırılmış müddətsiz mitinq Rusiyadakı prezident seçkilərindən sonra da davam etdiriləcək”, – İlya Panov bəyan edib.