Rusiyada qara bazar ertəsi: fond birjaları çöküb, oliqarxlar milyardlarını itirir
Aprelin 6-da ABŞ rusiyalı biznesmenlərə və şirkətlərə qarşı yeni sanklsiyalar tətbiq edib. Cəmi üç gün keçib, Rusiya oliqarxları isə artıq milyardlarla vəsait itiriblər.
ABŞ-ın fərdi siyahısına yeddi rusiyalı oliqarx daxil edilib. Onlardan başqa eyni siyahıda dövlət qulluqçuları, məmurlar və bir neçə şirkətin adı da var.
Bazar ertəsi brifinqdə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya “qanunsuzluq miqyasına görə” heç bir presedenti olmayan “nə isə yeni bir şeylə üz-üzə qalıb” və “Rusiya hakimiyyəti itkiləri minimuma endirmək üçün əlindən gələni edir”. Amma göründüyünə görə, Rusiya hökumətinin əlindən o qədər də çox şey gəlmir.
Amerikanın başqa şeylərlə yanaşı varidat məsələlərində də ixtisaslaşmış “Forbs” jurnalı yazır ki, sanksiya siyahısına düşən rusiyalı iş adamları yalnız bazar ertəsi günün birinci yarısında ümumilikdə 3 milyard dollar itirib. “Forbs”un ən varlı insanlar siyahısına daxil olan rusiyalı oliqarxlar ümumilikdə isə (sanksiyaların bilavasitə toxunmadığı iş adamları da daxil olmaqla) 14 milyard dollara yaxın vəsait itiriblər.
Moskva birjası çöküb, BBC yazır. “Qazprom”, “Sberbank”, “Lukoil”, “Rusneft”, “Noril nikeli” kimi şirkətlərin aksiyaları dəyərdən düşüb.
Rusiya şirkətlərinin dəyərdən düşməsi Londonda da baş verir – “Lukoil”, “Rusneft”, “Surqutneft” və digər nəhəng şirkətlərin aksiyaları ucuzlaşır.
Böhran sıravi vətəndaşlara da təsir edib – bazar ertəsi dollar və avroya nəzərən rublun məzənnəsi kəskin düşməyə başlayıb.
Analitiklərin fikrincə, böhranın səbəbi ABŞ sanksiyalarından qorxuya düşən sərmayəçilərin Rusiya şirkətləri ilə müqavilələri pozmağa başlaması ilə bağlıdır, buna görə də bu şirkətlərin aksiyaları dəyərsizləşir.
ABŞ iyunun 5-ə qədər bütün sərmayəçilərin rusiyalı oliqarxlar Oleq Deripaska, Viktor Vekselberq, İqor Rotenberq və Kiril Şamalovun nəzarət etdiyi 12 Rusiya şirkəti ilə bütün əlaqələrini kəsməyi tələb edib. Bu xəbərdarlıq yalnız ABŞ vətəndaşlarına və Amerika şirkətlərinə yox, həm də üçüncü ölkələrdən olan bütün tərəfdaş və sərmayəçilərə aiddir. Əks halda ABŞ sanksiyaların onlara qarşı da tətbiq ediləcəyi ilə hədələyir.
Ekspertlər əmindirlər ki, ABŞ sanksiyaları indiyə qədər Rusiya üçün hələ bu qədər ağrılı olmamışdı, çünki bu səfər sanksiyalar Rusiyanın ən varlı insanlarına təsir edib. Onlara ABŞ ərazisinə daxil olmaq qadağan olunub, onların ABŞ-dakı bütün aktivləri dondurulub, Amerika bankları ilə əlaqələri isə məhdudlaşdırılıb. Yalnız oliqarxlardan biri – Oleq Deripaska “Forbs”un məlumatına görə, aprelin 9-da 1.3 milyard dollar itirib.
Deripaska Rusiyada Kremlə yaxın olan ən nüfuzlu iş adamlarından biridir. Bir neçə ay əvvəl rusiyalı müxalifətçi Aleksey Navalnı apardığı araşdırmada Deripaska və Kremli ABŞ-da prezident seçkilərinə müdaxilə etməkdə günahlandırmışdı.