Rusiyada qətl. Darya Duginanın ölümü Ukrayna və Qərb üçün niyə əhəmiyyətlidir?
Darya Duginanı kim öldürüb?
“The Atlantic” nəşrində Tom Nicholsın təhlili
Şənbə günü axşam Moskvanın zəngin rayonlarından birində bomba yüklü avtomobil partladılıb, Rusiyada tüğyan edən faşizmin xaç atası Aleksandr Duginin qızı Darya Dugina qətlə yetirilib.
Onun ölümü Rusiya paytaxtından kənarda da əks-səda doğura bilər. Amma bəlkə də yox, bunun Rusiya elitası arasında daha bir dolaşıq vendettanın bir hissəsi olması da mümkündür. Tezliklə həqiqəti öyrənə bilməyəcəyik, əgər ümumiyyətlə öyrənə biləcəyiksə. Ancaq bu hekayəni izləmək üçün Duginlər haqqında müəyyən kontekstə ehtiyac var.
- Ukraynadan Rusiyaya keçərək – ukraynalı qaçqınların Gürcüstandakı taleyi
- Avqust, 2008. Cənubi Osetiya ətrafında müharibənin xronologiyası faktlarda və fotoşəkillərdə
- “Azərbaycan Rusiyanın işğalçı siyasətini dəstəkləmir” – Bakıdan şərh
Sadə təbliğatçı deyildilər
Duginlər sadə təbliğatçı deyildilər. Aleksandr Dugin rus pravoslavlığını, Stalini, nasistləri və okkultizmi eyni vaxtda özündə birləşdirməyi bacaran rus imperiya hipermillətçiliyinin qəribə cərəyanının bir hissəsidir.
Bu qəddar və son dərəcə qəribə məktəb SSRİ-də 1980-ci illərin sonundakı tendensiyalardan yaranıb. Bunların çoxu “isinmiş” rus messianizmi və mistik abrakadabradır. 19-cu əsrdə Rusiyanın Avropa və Qərb xristianlığına qarşı narazılığının, eyni zamanda 20-ci əsrin sonlarında ABŞ-ın rəhbərlik etdiyi “Atlantik” dünyasına qarşı Sovet narazılığının məhsulu.
Bütün bunların arxasında sadə və qəddar bir inanc dayanır ki, Rusiya – xüsusən də ağ, xristian Rusiya – Avrasiyaya hökmranlıq etməlidir.
Duginin cəfəngiyyatı elə rus dilində də ingiliscə olduğu qədər oxunaqlı deyil. Amma Rusiya Baş Qərargahı Duginin kitabını məcburi mətn hesab edir və bu başa düşüləndir. Bu, az qala mükəmməl orvelsayağı baxış, total və permanent müharibə təklifidir.
Dərin natamamlıq kompleksindən və qaranlıq mənəvi boşluqdan əziyyət çəkən ölkə üçün ideal ideologiyadır.
Ukrayna, təbii ki, geri alınması lazım olan regionlar siyahısında birinci yerdədir. Kiyev slavyan xristianlığının doğulduğu yerdir və Dugin (həm də Vladimir Putin) kimi insanlar üçün Ukraynanın müstəqil dövlət kimi mövcudluğu dözülməzdir.
Dugin hələ 2014-cü ildə demişdi ki, ukraynalılar “öldürülməlidir, öldürülməlidir, öldürülməlidir”.
Duginin 29 yaşlı qızı Rusiyada dezinformasiya saytını idarə edirdi və artıq ABŞ sanksiyaları altında idi. Digər şeylərlə yanaşı, o, Kiyev yaxınlığındakı Buçadakı qətliamın səhnələşdirildiyini iddia etmişdi. O, atasının ideologiyasını və Ukraynaya nifrətini bölüşürdü.
Bəs Darya Duginanı kim öldürüb? Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Natalya Vovk adlı ukraynalı qadının bir ay əvvəl Duginanın evinə girdiyini, sonra maşına bomba yerləşdirərək Estoniyaya qaçdığını iddia edir. Rusiyanın TASS xəbər xidməti artıq işin açıldığını bəyan edib.
Başa düşülən tərəf odur ki, Ukraynada Rusiya rəsmilərinin bomba yüklü avtomobildə həlak olması halları bir neçə dəfə olub. Rusiya standartlarına görə, bu, bir növ köhnə məktəbin zərbəsidir.
Bununla belə, ukraynalıların Dugin və ya onun qızı kimi ikinci dərəcəli insanları aradan götürmək üçün Moskvaya getməsinin səbəbi aydın deyil. Onun ulduzu illər keçdikcə sönüb, qismən də Putini kifayət qədər qəddar və imperialist olmadığına görə tənqid etdiyinə görə.
Dugin Kremldə qeyri-sabit və potensial olaraq əlverişsiz hesab olunurdu. Həm də o, dəqiq Ukraynadakı müharibəyə rəhbərlik etməyib.
Kiyev Moskvanın ittihamlarını rədd edir. Rusiya FTX Dugini öldürməyə cəhd edə bilərdimi? Məsələn, Ukraynaya qarşı yeni nifrət oyatmaq və Rusiyanın Ukraynaya təcavüzünün başladığı altı ay ərzində pis məsləhətlərə görə öz məsuliyyətini yünglləşdirmək üçün sui-qəsd planının bir hissəsi kimi?
Bu versiya inandırıcı görünmür, lakin 2022-ci ildə Moskvada hər şey mümkündür. Heç olmasa nisbətən etibar doğuran biri məsuliyyəti öz üzərinə götürməsə və ya Rusiya daha çox dəlil ortaya qoymasa, çətin ki, yaxın zamanda hadisə haqda daha çox şey bilək.
Üstəlik TASS və ya Twitter-in işin bağlandığını nə qədər tez elan etməsindən asılı olmayaraq.
Yeganə əminlik doğuran nəticə odur ki, Rusiya Duginanın ölümündən istifadə edərək öz vəhşilik və dağıdıcılıq kampaniyasını davam etdirəcək.
Darya Duginanı kim öldürüb?