Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar…
Rusiyada işləyən azərbaycanlılar
Üç ilə yaxındır Ukraynaya qarşı aparılan işğalçı müharibə, Qərbin iqtisadi sanksiyaları, nəhayət, Rusiya iqtisadiyyatında ciddi problemlər yaratmağa başlayıb. İqtisadi analizlər göstərir ki, şimal qonşusunun iqtisadi vəziyyətinin ağırlaşması Azərbaycandan da yan ötməyəcək.
- Yağış və qrunt sularının əsirinə çevrilən qəsəbə – Şağandan reportaj
- “Gender əsaslı zorakılığa qarşı barışmaz mübarizə”: Ermənistanda 16 günlük kampaniya
- Gürcüstan parlamentinin ilk iclası müxalifətin iştirakı olmadan və genişmiqyaslı etirazlar fonunda keçirilib
Müharibə və sanksiyaların Rusiya iqtisadiyyatında əks-sədası
Bu ilin oktyabr ayında Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 20 il ərzində maksimum səviyyəyə qaldıraraq, 21 faizə çatdırıldığını elan edib. Bu, il ərzində ardıcıl olaraq artım istiqamətində verilmiş üçüncü qərardır. Məzənnənin yüksəlməsi iqtisadiyyat və əhali üçün kreditlərin dəyərini artırır və öz növbəsində inflyasiyanın azalmasına səbəb olan iqtisadi böyüməni azaldır.
Noyabr ayının əvvəlində Mərkəzi Bankının sədri Elvira Nabiullina sərt pul siyasətinə keçmək məcburiyyətində qaldığını və bunun Rusiya iqtisadiyyatı üçün yeni bir vəziyyət olduğunu etiraf edib.
Ötən həftə ABŞ Maliyyə Nazirliyinin “Qazprombank”, “Dom.RF Bank” və daha 10 Rusiya bankına qarşı sanksiyalar tətbiq etməsi, daha sonra Böyük Britaniya və bəzi Avropa ölkələrinin də Rusiya maliyyə qurumlarına qarşı yeni məhdudiyyətlər elan etməsi rublun məzənnəsinə təsirsiz ötüşməyib. Sanksiyalar xarici banklara “Qazprombank” tərəfindən verilmiş Çin ödəmə sisteminin kartlarına xidmət göstərməyi qadağan edir.
Noyabrın 26-da “Forex” beynəlxalq valyuta bazarında dolların məzənnəsi 105,2 rubla qədər artıb. Amerika valyutası 2022-ci ildən bəri ilk dəfə bu səviyyəyə çatıb. Avro və Yuanın məzənnəsi də artaraq, müvafiq qaydada 110,6 rubl və 14,5 rubl arasında dəyişir.
Müharibədə qələbə üçün nəhəng xərclər
Rusiya Ukraynaya qarşı müharibəni qalibiyyətlə bitirmək üçün nəhəng resurslar sərf edir. Sanksiyalar şəraitində bu xərcləri qarşılamaq getdikcə çətinləşir və büdcədə böyük defisitə yol açır. Qeyd edək ki, Rusiyanın 2025-ci il üçün dövlət büdcəsində müdafiə xərcləri tarixi maksimum həddə – 13,2 trilyon rubl və ya təxminən 142 milyard dollar proqnozlaşdırıb. Bu məbləğ 2024-cü ildə həmin istiqamətdə xərclənmiş vəsaitdən təxminən 2 dəfəyə yaxın çoxdur. Beləliklə, gələn il hərbi xərclərin Rusiya ÜDM-nin 6,2%-ni təşkil edəcəyi təxmin olunur.
Təkcə müdafiə və təhlükəsizlik xərclərinin 2025-ci ildə Rusiyanın ümumi büdcəsinin təxminən 40%-ni təşkil edəcəyi gözlənilir ki, bu da təhsil, səhiyyə, sosial siyasət və milli iqtisadiyyata ayrılan ümumi ayırmalardan çoxdur.
Bundan başqa, Rusiya büdcəsinin məxfi bəndində gələn il üçün 12.9 trilyon rubl nəzərdə tutulub. Bu, büdcənin 30 faizi deməkdir. 2024-cü ilin büdcəsində məxfi bəndin xərcləri 11.1 trilyon rubl idi.
“Rusiya vətəndaşı olan azərbaycanlıları zorla müharibəyə aparırlar”
Rusiyada iqtisadi, sosial vəziyyətin ağırlaşması bu ölkədə yaşayıb işləyən, həmçinin qonşu ölkədən gələn vəsaitlər hesabına Azərbaycanda güzəranını təmin edən milyonlarla azərbaycanlı üçün məyusedicidir.
Moskvada meyvə-tərəvəz ticarəti ilə məşğul olan İsmayıl Məmmədzadə PressKlub-a deyib ki, vəziyyət hətta bir il əvvəlki ilə müqayisədə də xeyli ağırlaşıb:
“Əhalinin alıcılıq qabiliyyəti azalıb, ərzaq, xidmətlər, daşıma, logistika xərcləri artıb. Habelə miqrantlarla bağlı yeni qanunlar qəbul edilib, ciddi nəzarət var. İşləmək üçün tələb olunan sənədlərin sayı, rüsumların məbləği də yüksəlib. Çox adam bu əngəlləri keçə bilmir”.
İ.Məmmədzadə deyir ki, Rusiya hava limanlarında miqrantları çox diqqətlə, uzun-uzadı yoxlayırlar. Onun sözlərinə görə, ölkəyə buraxılanlar daha sonra nəzarət altına alınır, Rusiya vətəndaşlığı olanlar zorla müharibəyə cəlb edilir:
“ Getmək istəməyənlərin pasportuna “deport” vurub, ölkədən qovurlar. Miqrantlara münasibət olduqca sərtləşib. Bu səbəbdən də Rusiyanı tərk edən miqrantların, o cümlədən azərbaycanlıların sayı hər gün artır. Bir çoxlarına quru sərhədlərin bağlı olması mane olur, çünki aviabiletlər çox bahadır. Nəzərə alın ki, Rusiyada ailəlikcə işləyən azərbaycanlılar çoxdur, onların vətənə dönüşü böyük vəsaitə başa gəlir”.
Həmsöhbətimiz deyir ki, Rusiyada çalışıb pul qazanmağı səmərəsiz edən amillərdən biri də rublun ucuzlaşmasıdır. Onun sözlərinə görə, gəlir onsuz da azalıb, bir hissəsini də rublu manata dəyişəndə itirirlər:
“Keçən həftə ailəmə göndərdiyim pulun 1000 rublunu 15.7 manata dəyişiblər. Bilirsiniz, Azərbaycanda ərzaq qiymətləri çox bahadır, biz ayda nə qədər pul qazanmalıyıq ki, ailəmiz ərzaq ala bilsin?! Çox çətindir”.
Son 1 ildə Azərbaycana sürətli pul köçürmələri 29,3% azallıb
Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 332.3 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 393.4 milyon manata bərabər olub.
Qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu vəsaitin həcmi 29.3% və ya 551.9 milyon manat, banklardan xaricə köçürmələr isə 15.4% və ya 71.5 milyon manat azalıb.
2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana göndərilən pulların məbləği 1 milyard 884.2 milyon manat olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 464.9 milyon manat təşkil edib.
Ekspertlər bu azalmanı Rusiyada getdikcə pisləşən iqtisadi durumun azərbaycanlılara təsirini əks etdirən əsas göstərici hesab edirlər.
Beləliklə, qonşu ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi azərbaycanlı fermerlər, sahibkarlar üçün də pis xəbərdir. Onların gəliri Rusiyadan çıxır, təsərrüfatları isə bu ölkədə məhsul satışından əldə olunan valyuta hesabına ayaqda qalır. İstixanalar, bağ, bostan təsərrüfatları həmçinin işsizlikdən əziyyət çəkən region əhalisi üçün əsas mövsümi iş yerləri hesab olunur.
Hökumət bu barədə hər hansı statistik rəqəmlər təqdim etməsə də, müşahidələr göstərir ki, Azərbaycanın regionlarında əhalinin dolanışığı əsasən Rusiyada qazanılan vəsaitlər hesabına təmin olunur. Gələn il Rusiyada iqtisadi vəziyyətin daha da ağırlaşması Azərbaycanda ev təsərrüfatlarına daxil olan pul vəsaitlərinin azalmasına gətirib çıxaracaq. Bu da ölkədə sosial durumun daha da ağırlaşması deməkdir.