Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri başa çatıb
Paylaşmaq
Paylaşmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri başa çatıb, səfər zamanı o, Azərbaycanın prezidenti, xarici işlər naziri ilə görüşüb, həm də Diplomatik Akademiyanın tələbələri qarşısında mühazirə oxuyub.
Prezident Əliyev və nazir Lavrov bir daha ölkələrinin Qarabağ münaqişəsinin sülh yolu ilə və ATƏT-in Minsk qrupunun təklifləri çərçivələrində tezliklə həllində maraqlı olduqlarını təsdiqləyiblər.
“Bütün addımlar dəfələrlə müzakirə olunub və ATƏT-in sənədlərində, həmsədrlərin bəyanatlarında əks olunub. Menyu masa üzərindədir”, – Lavrov səfərin yekunları üzrə nazirlərin birgə mətbuat konfransında bildirib.
Diplomatik Akademiya Universitetində suala cavab verərkən, Lavrov deyib ki, Rusiya ilə ABŞ arasında münasibətlərin pisləşməsi Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara heç bir təsir göstərməyəcək.
“Qarabağ münaqişəsinin unikallığı ondadır ki, ABŞ-ın rusofob siyasətində yığılıb qalan çox dərin fikir ayrılıqlarına baxmayaraq, Qarabağ münaqişəsi məsələsində Vaşinqtonun mövqeyi dəyişməz qalıb”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya ABŞ və Fransa ilə birlikdə ümumi mövqe tutur.
“Ümidvaram ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ay keçirilən görüşü ümumi səylərə baxmayaraq, yaranmış durğunluğu aradan qaldırmağa kömək edəcək və Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru hərəkət etməyə imkan verəcək” – XİN başçısı deyib.
Lavrov bildirib ki, Rusiya bu yaxınlarda işə salınan Bakı-Tbilisi-Qars dəmir yoluna siyasi məna vermir.
“Bunun Rusiyayla əlaqəsi yoxdur, dəmir yolu bizim ərazilərdən keçmir. Bu layihəni siyasi kontekstdən nəzərdən keçirən çox sayda analitik var, kiminsə layihədən kənarda qaldığını deyən. Bizim yanaşmamız fərqlidir”, – deyə Lavrov bildirib.
Rusiyalı nazir həm də Rusiya, Azərbaycan və İran arasında “Şimal-Cənub” infrastruktur layihəsi haqda müqaviləni yüksək qiymətləndirib. Lavrov deyib ki, bu cür layihələr regionu ancaq zənginləşdirir.
Sergey Lavrov bildirib ki, Azərbaycan və Rusiya aralarında fəal əməkdaşlıq qurulan strateji tərəfdarlardır, bu il ölkələr diplomatik münasibətlərinin qurulmasının 25 illiyini qeyd edirlər.
Sergey Lavrovun Rusiyanın Azərbaycanı Avrasiya İqtisadi İttifaqında görməkdən çox məmnun olacağı ilə bağlı sözləri böyük marağa səbəb olub.
“Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. Bizə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu qurumda görməkdən çox məmnun olarıq».