Rusiya və Ukrayna məhbusların mübadiləsini həyata keçirib – 35 nəfər 35 nəfərə
Rusiya və Ukrayna “35 35-ə” formulu üzrə məhbusların mübadiləsini həyata keçirib – RF insan haqları üzrə səlahiyyətli Tatyana Moskalkova TASS-a bildirib.
Rusiya tərəfindən azad edilən məhbusların olduğu təyyarə Kiyevin “Borispol” aeroportuna enib.
Ukrayna tərəfindən azad edilən rusiyalıların olduğu təyyarə isə Moskvanın “Vnukuvo” aeroportuna enib.
Kiyevdə uçuş zolağında onları doğmaları və prezident Vladimir Zelenski qarşılayıb.
Українські політв'язні повернулися додому. Олег Сенцов, Олександр Кольченко, Павло Гриб, полонені моряки та інші змогли обійняти родичів pic.twitter.com/y0GJ0x8nAh
— hromadske (@HromadskeUA) September 7, 2019
Təyyarədən ilk olaraq 24 nəfər ukraynalı dənizçi çıxıb. Onlar 2018-ci il noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin toqquşması zamanı saxlanılıblar. Hərbi dənizçilər sərhədi qanunsuz keçməkdə ittiham olunurlar.
Evə qayıdanlar arasında siyasi məhbuslar Aleksey Sizonoviç, Oleq Sentsov, Aleksandr Kolçenko, Pavel Qrib, Nikolay Karpyuk, Stanislav Klıx, Vladimir Balux, Roman Suçenko, Edem Bekirov, Artur Panov və Yevgeni Panov var.
• Ukraynalı rejissor Oleq Sentsov Rusiya həbsxanasında ölümdən dönüb
• Ukrayna və Rusiya arasında “nəqliyyat müharibəsi” dərinləşir. Nə baş verir və nə gözləməli?
Sentyabrın 5-də Kiyevdə məhkəmə Malayziya “boinqinin” vurulması işi üzrə əsas şahid Vladimir Tsemaxı həbsdən azad edib.
O, 2015-ci ildə faciə baş verən zaman Donbasda separatçıların HHM rəisi olub.
Nəticədə Tsemax oradan Ukrayna xüsusi orqanları tərəfindən oğurlanıb və həbs edilib.
Ehtimal olunur ki, Rusiya onun adının mübadilə siyahısına daxil edilməsinə nail olmağa çalışıb və sövdələşmənin ləngiməsi də buna görə baş verib.
Niderland Xarici İşlər Nazirliyi bəyan edib ki, Tsemaxın azad edilməsi şəraitinin bütün təfərrüatlarını nəzərdən keçirəcəklər. Vurulmuş “boinqlə” bağlı cinayət işinin araşdırılması ilə bu ölkə məşğul olur və müstəntiqlər Tsemaxın dindirilməsi üçün Ukraynadan icazə istəyib.
___________________________________
11.30 7 sentyabr
Bir həftə ləngidiləndən sonra Rusiya və Ukrayna arasında məhbusların mübadiləsi başlayıb.
Rusiya prezidenti Vladimir Putin ukraynalı rejissor Oleq Sentsov və daha on nəfər Ukrayna vətəndaşını əfv edib – İnterfaks agentliyi xəbər verib.
2018-ci ilin noyabrından girov saxlanılan hərbi dənizçilərin vəkili Nikolay Polozov sentyabrın 7-də səhər saatlarında rəsmi şəkildə bildirib ki, 23 nəfər dənizçi Moskvadakı təcridxanadan çıxarılıb – Ukraynanın “Hromadske” kanalı xəbər yayıb.
З московського СІЗО “Лефортово” виїхали два автобуси у супроводі поліцейського кортежу, передає наша журналістка з місця подій pic.twitter.com/PgGaf6tQu5
— hromadske (@HromadskeUA) September 7, 2019
Ukraynaya kimlərin təhvil verildiyi hələ bəlli deyil. Amma “Hromadske”nin məlumatına görə, Rusiyada həbsdə saxlanılan siyasi məhbusların qohumları: Pavel Qrib, Oleq Sentsov, Aleksandr Kolçenko, Yevgeni Panov və digərlərinin yaxınları Kiyevdəki ombudsmen ofisindən çıxıb.
Ukraynada həbsdə olan və ukraynalılarla dəyişdiriləcək rusiyalılara gəlincə, ilkin məlumata görə, onlar “Borispol” hərbi aerodromundan yola salınmalıdır. Ukrayna tərəfinin azad edəcəyi şəxslər arasında jurnalist Kiril Vışinski də var – onun vəkili belə deyib.
Kiyevdən havalanan təyyarənin Moskva aeroportlarından birinə enməsi gözlənilir (baxmayaraq ki, bu ölkələr arasında birbaşa hava əlaqəsi yoxdur). “Flightradar” saytının məlumatına görə isə Rusiya prezidentinin yay düşərgəsindən avialayner Kiyevə yaxınlaşır.
Rusiyadakı ukraynalı siyasi məhbuslar kimlərdir?
• 24 ukraynalı hərbi dənizçi. Onlar 2018-ci il noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya hərbi gəmilərinin toqquşması zamanı saxlanılıblar. Dənizçilər sərhədi qanunsuz keçməkdə günahlandırılırlar.
• Oleq Sentsov. Ukraynalı kinorejissor və yazıçı. 2014-cü ilin yazında Krımda Rusiya tərəfindən ərazinin ilhaqı zamanı həbs edilib. 2015-ci ilin avqustunda terrorçuluqda günahlandırılaraq ciddi rejimli həbsxanada saxlanmaqla 20 il müddətinə azadlıqdan məhrum olunub. Sentsov ittihamları rədd edir.
Bir sıra beynəlxalq hüquq müdafiə və kinematoqrafiya təşkilatı onun müdafiəsinə qalxıb. 2018-ci ilin mayında həbsxanada ikən Oleq Sentsov müddətsiz aclıq elan edib və Rusiyadakı bütün ukraynalı siyasi məhbusların azadlığa buraxılmasını tələb edib. Aclıq aksiyası 145 gün davam edib.
• Vladimir Balux – Krım sakini, fermer, Ukrayna tərəfdarı olan fəal – 2014-cü ildən sonra Ukrayna vətəndaşı olaraq qalıb və Rusiya vətəndaşlığından imtina edib.
2016-cı il noyabrın 29-da o, evinin divarına üzərində “Nebesnaya sotnya qəhrəmanları küçəsi” yazılmış lövhə asıb. Dekabrın 8-də isə qanunsuz silah saxlama ittihamı ilə həbs olunub, daha sonra onu hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə günahlandırıblar.
5 il müddətinə azadlıqdan məhrum edilib. “Memorial” hüquq müdafiə mərkəzi onu siyasi məhbus kimi tanıyıb.
• Nikolay Karpyuk ukraynalı ictimai və siyasi xadim, UNA-UNSO (Ukrayna Milli Assambleyası – Ukrayna Xalq Özünümüdafiəsi) partiyasının keçmiş sədr müavinidir. 2014-cü ilin martında Rusiyaya girişdə birinci Çeçenistan müharibəsində federal qoşunlara qarşı cinayətlər törətməkdə ittiham olunaraq həbs edilib.
2016-cı ilin mayında 22,5 il müddətinə azadlıqdan məhrum olunub. Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı Nikolay Karpyuku siyasi məhbus kimi tanıyıb.
• Pavel Qrib 19 yaşlı ukraynalı tələbədir, 2017-ci ilin sentyabrında Belarus ərazisində yoxa çıxıb. Sonradan məlub olub ki, o, Belarusa daha öncədən yazışdığı qızla görüşmək üçün gedib.
Orada saxlanılıb və Rusiyanın Krasnodar şəhərinə aparılıb. Qribə qarşı terrorçuluğun dəstəklənməsi ittihamı irəli sürülüb – guya o, tanış olduğu qızı Rusiya məktəblərinin birində məzun günündə əldəqayırma bombanı partlatmağa sövq edib.
Kiyevin məlumatına görə, ümumilikdə Rusiyada siyasi motivlərlə saxlanılan və ya məhkum edilən Ukrayna vətəndaşlarının sayı 70 nəfərə yaxındır.
Ukraynanın öz vətəndaşları ilə dəyişəcəyi rusiyalı məhbuslar
Müxtəlif mənbələrin məlumatına görə onların sayı 33 nəfərdən 35 nəfərə qədərdir. Bir nəfər istisna olmaqla onların hamısı Ukraynanın cənub-şərqində baş verən münaqişədə iştirak edib və əksəriyyəti əllərində silahla saxlanılıblar.
Yeganə mülki vətəndaş Rusiyanın RİA informasiya agentliyinin Kiyev nümayəndəliyinin rəhbəri, jurnalist Kiril Vışinskidir. O, Donbasdakı münaqişəyə haqq qazandıran informasiyanı yaymaqla dövlətə xəyanət etməkdə ittiham olunaraq saxlanılıb.
Üç gün əvvəl naməlum şəxsin zəmanəti ilə haqqındakı həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Rusiya və Ukrayna arasında məhbus və girovların qarşılıqlı azad edilməsi üzrə ilk uğursuz cəhd avqustun 30-a keçən gecə baş tutmuşdu.
Avqustun 30-a keçən gecə Rusiya və Ukrayna arasında məhbuslrın mübadiləsi başlayıb. Hromadske müxtəlif mənbələrə istinadən bildirir ki, Rusiyada həbsdə olan Ukrayna vətəndaşlarının bir hissəsi artıq Ukraynaya yola salınıb. Amma hakimiyyət rəsmən bu məlumatı təsdiqləməyib.
“Mübadilə sona çatıb: dənizçilər, Sentsov, Karpyuk, Balux, Qrib evlərinə uçurlar” – bu məlumatı Ukraynanın yeni baş prokuroru Ruslan Ryaboşapka yayıb. “Mübadilə hələ sona çatmayıb, proses davam edir” – Ukraynanın prezident ofisi və Təhlükəsizlik Xidməti açıqlayıb.
“Mübadilənin başlanması üçün sənədlərin hazırlanmasına bir qədər vaxt lazımdır”, – “İnterfaks” – Rusiyanın dövlət agentliyindəki mənbə bildirib.
Ukrayna dənizçilərindən birinin vəkili Ayder Azamatov Rusiyada həbsdə olan Ukrayna dənizçilərinin gecə Kiyevə göndərildiyini “Hromadske”yə təsdiqləyib.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Danilyuk Ukrayna və Rusiya arasında məhbusların mübadiləsinə ümid etdiyini bildirib, amma onu da əlavə edib ki, bu məsələni yalnız hər şey başa çatdıqdan sonra şərh edəcək. “Hromadske” müxbiri Danilyukla “Borispol” aeroportunda rastlaşıb.