Rusiya və Gürcüstan Abxaziya və Cənubi Osetiya hissəsi də daxil olmaqla bütün sərhəd boyu yüklərin monitorinqinə başlamaq haqda razılığa gəlib
Rusiya və Gürcüstan 2011-ci ildə imzalanmış iki ölkə arasında “ticarət dəhlizinin” yaradılmasını və üçüncü ölkə tərəfindən yüklərin hərəkətinə nəzarəti nəzərdə tutan sazişi işə salmaq haqda razılaşıblar. Bu haqda Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiyanın “Kommersant” nəşrinə bildirib.
Bu sənədə əsasən monitorinq Rusiya-Gürcüstan sərhədinin Abxaziya və Cənubi Osetiya hissəsində də həyata keçirilməlidir.
Abaşidzenin bildirdiyi kimi, Rusiya XİN rəhbəri Georgi Karasinlə görüşdən sonra tərəflər “kiçik addımlar metodu” ilə hərəkət etmək və yalnız “qırmızı cizgini keçmədən” həlli mümkün olan məsələləri müzakirə etmək qərarına gəlib.
“Biz ölkələrimizə iqtisadi-ticari və nəqliyyat münasibətlərinin inkişafına imkan verən 2011-ci il sazişini işə salmaq qərarına gəldik”, – Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi “Kommersant”a bildirib.
Razılaşmanı Georgi Karasin də təsdiqləyib.
Rusiyalı diplomatın sözlərinə görə, İsveçrənin hakimiyyət nümayəndələri martın sonunda Moskva və Tbilisiyə səfər edəcəklər ki, həllini tapmamış məsələləri müzakirə etsinlər. Hər şeydən əvvəl tərəflər gömrük məntəqələrinin məhz harada yerləşdiriləcəyini müəyyən etməlidirlər. Bundan sonra Rusiya və Gürcüstan İsveçrənin SGS şirkətilə müqavilə bağlamalıdır. “Biz bunu etməyə hazırıq, praktiki sahədə ciddi irəliləmə əldə edilib. İndi bütün bunların işə düşməsi istiqamətində addımlarımızı davam etdirməliyik”, – Georgi Karasin bildirib.
Zurab Abaşidzenin bəyanatına Gürcüstan Parlamentində müxalif “Avropa Gürcüstanı” fraksiyasını təmsil edən, 2011-ci ildə Gürcüstan nümayəndə heyətinin rəhbəri olmuş sabiq Xarici İşlər nazirinin müavini Serqi Kapanadze cavab verib. O, sazişin həyata keçirilməsinin niyə belə ləng getdiyilə bağlı çaşqınlığını dilə gətirib. “Anlamıram, hansı kiçik addımlardan söhbət gedir, bir halda ki, sazişin imzalanmasından düz beş il ötür”, – Kapanadze Facebook səhifəsində yazıb.
- “Mal ticarətinin gömrük inzibatçılığı və monitorinqi mexanizminin əsas prinsipləri haqda Saziş Rusiya və Gürcüstan arasında 2011-ci il noyabrın 9-da imzalanıb. Bu saziş Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (WTO) daxil olmasına Gürcüstanın razılığı üçün əsas oldu. Tbilisi o vaxt razılığının əvəzində sərhədin Abxaziya və Cənubi Osetiya hissəsində yükdaşımalara nəzarət etmək imkanı tələb edirdi (Psou rayonu və Rok tuneli yanında).
- Gürcüstan və Rusiya arasında imzalanmış sənədə əsasən üç “ticarət dəhlizi” yaradılır. Onlardan biri Abxaziya, ikinci keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin, üçüncü isə Yuxarı Lars keçid məntəqəsinin ərazisini özündə cəmləyir. Dəhlizə daxil olan və oradan çıxan yüklər dəvət olunmuş şirkətin nümayəndələri tərəfindən nəzarətdən keçirilməli və bu haqda Tbilisi və Moskvaya məlumat təqdim edilməlidir. Müvafiq olaraq, nəzarət sərhədinin həmçinin Abxaziya və Cənubi Osetiya hissələrində də – Rok tuneli və Psou çayı yaxınlığında həyata keçirilməlidir.
- Rusiya və Gürcüstan tərəfindən imzalanan sənəddə Abxaziya və Cənubi Osetiyanın siyasi statusu göstərilməyib.
Məqalədə ifadə olunan fikirlər müəllifin terminologiyasını və nöqteyi-nəzərini əks etdirir, redaksiyanın mövqeyilə üst-üstə düşməyə də bilər.