Rusiya və Belarus arasındakı “dərin inteqreqrasiya” təxirə salındı. Minskdə müstəqillik tərəfdarları etiraz edir
Belarus Respublikasının paytaxtı Minskdə ölkənin Rusiya ilə inteqrasiya planlarına qarşı etirazlar gedir. Dekabrın 7-də Belarus və Rusiya prezidentlərinin görüşündə gözlənilənlərin əksinə olaraq iki ölkənin birləşməsinin davam etdirilməsi haqda heç bir sənəd imzalanmasa da, nümayişçilər yenə də küçələrə çıxıblar.
Euroradio xəbər verir ki, oktyabrın 8-də Minskdə Belarusun Rusiya ilə inteqrasiyasına qarşı növbəti razılaşdırılmamış etiraz aksiyası keçirilib. Oktyabr Meydanına yüzlərlə insan toplaşıb. Əsas şüarlar: “Anşlüsa yox!”, “Rusiya imperiyası ilə heç bir ittifaq!”, “Jıve Belarus!”.
•Rusiya Belarusu ilhaq edə bilərmi?
•Şərh: Rusiya prezidenti ömürlük hakimiyyətə necə hazırlaşır və bu haqda necə susmaq lazımdır?
•“Kommersant”: Belarus və Rusiya konfederasiyası hazırlanır
Aksiya iştirakçıları hazırkı Belarus və Rusiya rəhbərləri arasında imzalanan “bütün razılaşmaların qeyri-legitim olduğunu” elan etdikləri mitinq qətnaməsinə səs veriblər. Bundan başqa aksiya iştirakçıları beynəlxalq aləmi “belorus xalqı ilə həmrəylik nümayiş etdirməyə, Lukaşenko və Putin rejimləri arasındakı bütün razılaşmaları qeyri-legitin hesab etməyə” və ehtiyac olarsa onnlara qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıblar.
Daha sonra inteqrasiyaya qarşı etiraz edənlər Rusiya səfirliyi qarşısına gəliblər. Səfirlik binası qarşısında xüsusi təyinatlılardan ibarət dəstələr və “avtozak”lar səfərbər olunub.
Təxirə salınan inteqrasiya
İki ölkə prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin arasında dekabrın 7-də Soçidə keçirilən görüş etiraz aksiyalarına səbəb olub. Rusiya və Belarus İttifaq Dövlətinin yaradılması haqda sazişin imzalanmasının 20-ci ildönümü şərəfinə təşkil olunan bu görüşdə “dərin inteqrasiya” haqda paket sənədlərin imzalanması planlaşdırılmışdı.
Əsasən paket bazarların birləşdirilməsini, ümumi iqtisayiyyat və sosial siyasətin yürüdülməsini nəzərdə tutur. Amma görüşdən az əvvəl bəzi media orqanları bu görüşdə “ümumi parlament və hökumətin” yaradılması haqda razılaşmaların imzalanmasının planda olduğunu da yazmışdı.
Məhz bu informasiya inteqrasiya əleyhdarlarında qəzəb doğurub. Aleksandr Lukaşenkonun özü dekabrın 5-də belə bir sazişin imzalanması ehtimalını təkzib edib.
Belarus prezidentinin sözlərinə görə, tərəflər siyası məsələlər, məsələn vahid parlamentin yaradılnası üzrə danışıqlar aparmır. O, həmçinin bildirib ki, “heç kim heç vaxt biz ziyan gətirəcək sənədləri imzalamayacaq”.
Nəticədə Lukaşenko və Putin dekabrın 7-də baş tutan görüşdə inteqrasiya haqda heç bir sənəd imzalamayıblar, hətta görüşdən sonra mətbuat qarşısına da çıxmayıblar. Belarus və Rusiya başçılarının növbəti görüşü dekabrın 20-ə təyin olunub.
İnteqrasiya əleyhdarları da həmin günə hazırlaşırlar və növbəti etiraz aksiyası keçirməyə hazırlaşırlar.
İttifaq dövləti – bu nə deməkdir?
Rəsmən Rusiya və Belarus İttifaq Dövləti Rusiya Federasiyasının və Belarus Respublikasının mərhələli şəkildə vahid siyasi, iqtisadi, hərbi, gömrük, valyuta, hüquqi, humanitar və mədəniyyət məkanlarının təşkil olunmasını nəzərdə tutan dövlət üstü qurumdur.
Bu qurumun yaradılması haqda razılaşma 1999-cu ildə imzalanıb. Ölkələr arası saziş sayəsində sərhədlər faktiki açıqdır, Belarus isə Rusiyanın energi resursları və Rusiya bazarında iştirak sarıdan bir sıra güzəştlərə sahibdir.
Amma bu günə qədər tərəflər vahid valyuta və vahid siyasi strukturlar haqda razılığa gələ bilməyiblər.