İki saatlıq danışıqlardan sonra Türkiyə, İran və Rusiya prezidentləri birgə mətbuat konfransı keçiriblər.
Vladimir Putin konfransda deyib ki, Ərdoğan və Ruhani ilə əldə etdikləri əsas razılıq Suriyada sülh nizamlaması üzrə konqresin keçirilməsi haqda olub. Konqresin keçirilməsi üçün ehtimal olunan yer Soşidir. O, vurğulayıb ki, konqresdə Suriya münaqişəsinin bütün tərəfləri təmsil olunmalıdır.
Putin bildirib ki, konqresin əsas məqsədi Suriyanın ümummilli problemlərinin müzakirəsi, yeni konstitusiyanın hazırlanması və onun əsasında BMT-nin nəzarəti altında seçkilərin keçirilməsi olmalıdır.
“Vurğulamaq istəyirəm ki, Suriyanın taleyini suriyalılar özləri həll etməlidir – həm hökumət, həm müxalifət”, – Putin bildirib.
Rusiya prezidenti onu da qeyd edib ki, Rusiya, Türkiyə və İran arasında danışıqlar davam etdiriləcək.
İki gün əvvəl Vladimir Putin Soçidə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Putinin sözlərinə görə, Əsəd konqress və yeni seçkilər ideyasını dəstəkləyir.
Dünənki danışıqlar ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Dağlıq Qarabağ problemini Rusiya və prezidenti həll edə bilər. Bu məsələnin Soçidə müzakirə olunub-olunmadığı haqda məlumat yoxdur.