“Biz ətəklərin uzunluğunun hayında deyilik”. Dress-kod Dağıstanda turizm mövsümünə mane ola bilər
Koronavirus pandemiyasına görə əksər Rusiya vətəndaşları üçün beynəlxalq turizm əlçatmaz olub, buna görə də onlar daxili kurortlara diqqət yetirməyə başlayıblar. Bəziləri Rusiya tərkibindəki Şimali Qafqaqda yerləşən respublikanı – Dağıstanı maraqlı istiqamət hesab edib.
Rusiyanın turizm şirkətlərinə inansaq, burada dağ və balneoloji kurortlar, o cümlədən də Xəzər dənizi sahillərindəki çimərliklər mövcuddur. Amma Dağıstanın din xadimləri turistlərin kütləvi axınını gözləməyib və əvvəlcədən qonaqlara respublika daxilində necə geyinməli, özlərini necə aparmalı olduqları haqda təlimatlar veriblər.
Dağıstanın “mentalitetini nəzərə almaq” çağırışı ilk olaraq iyunda, respublika müftisi çimərlik mövsümü başlanarkən bəyanat dərc etdiyi zaman səslənib. Həmin bəyanatda müftilik sədri Şamil Əlixanov yerli sakinlərin dənizə gələnlərin ədəbsiz görkəmi ilə bağlı şikayətlərinə əsaslanıb.
• Şimali Qafqazda koronavirus: qurbanların sayı və hakimiyyətə etimadsızlıq artır
• Pankisi dərəsində həyəcan – Suriyadakı müharibənin əks-sədası Gürcüstana çatıb
“Kavkazskiy uzel” portalının sorğu etdiyi turizm industriyasının nümayəndələri dini qurumun çağırışını təəccüblə qarşılayıblar – qonaqlar onsuz da yerli incəliklərə anlayışla yanaşırdılar. Çoxları müfliyin bəyənatını turizm üçün təhlükəli hesab ediblər.
“Təzə-təzə müştərilər, o cümlədən də qonaqlar gəlməyə başlayıb. Biz ətəklərin uzunluğunun hayında deyilik, ailəmiz üçün pul qazanmalıyıq. […] Qoy müftilik öz sahəsinə dair tövsiyələr versin, məni və mənim işçilərimi onlar doyurmayacaqlar axı”, – Aminat adlı restoran inzibatçılarından biri “Kavkazskiy uzel”in müxbirinə bildirib.
Turistlər də təxminən eyni fikirdədirlər. Onlardan biri deyib ki, onsuz da Dağıstanda küçələrdə şortla gəzməyin məsləhət olmadığı haqda xəbəri vardı.
“Amma hər kəsə sərt şəkildə nə geyinməli olduğunu bildirsələr, heç kim gəlməyəcək. Mən Türkiyədə, Tunisdə və digər müsəlman ölkələrində olmuşam, oralarda turistlərə heç kim dress-kod diktə etmir”, – özünü Mixail kimi təqdim edən bir turist deyib.
Müftiliyin bəyanatından aydın olmur ki, turistlər üçün məhz hansı məhdudiyyətlər ola bilər. Bəziləri qorxur ki, söhbət kupalniklərin qadağan edilməsindən və çimərliklərdə geyimli çimmək təklifindən gedə bilər.
“Kavkazskiy uzel” portalının məlumatına əsasən, respublikada 127 mehmanxana, 51 turbaza, 23 sanatoriya, 47 qonaq evi var. Koronavirus epidemiyasında hələ özünə gələ bilməyən Dağıstanda rəsmən hələ də karantin qüvvədədir və hələlik mehmanxanaları açmaq olmaz.
Amma turistlər yenə də gəlir və kirayə mənzillərdə, ya da qohumlarının yanında qalırlar. İyunun sonunda yerli mediada gedən xəbərə görə, Dağıstanın paytaxtı Maxaçkala Rusiyanın ən populyar daxili turizm istiqamətlərinin ilk onluğuna daxil olub.
“Əxlaq uğrunda mübarizlər” ilk dəfə deyil ki, Dağıstanda baş qaldırırlar – iki il əvvəl onların səyləri nəticəsində konsertlər və festivallar təxirə salınıb.