Rusiya sülhməramlıları Qarabağdan Ukraynaya gediblərmi? Moskva inkar, Bakı sübut edir
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə məxsus hərbi texnika və şəxsi heyətin böyük hissəsi iki dəfə Laçın dəhlizindən keçməklə bu ərazini tərk edib. Bakıdan verilən və Ukrayna tərəfindən təsdiqlənən məlumata əsasən, Rusiya hərbçiləri Ukraynaya göndərilib. RF-nin Azərbaycandakı səfiri bu informasiyanı təkzib edib, amma Azərbaycan mənbələri video-materiallarla məlumatın səhihliyini sübut edirlər.
- Qarabağda vəziyyət dəyişməyib, qaz təminatı bərpa ediləcək
- Qarabağın şərqində “üçhakimiyyətlilik”? Üç qurumun fərqli məlumatları
- Rusiyalı deputat Azərbaycanı nüvə zərbəsi ilə təhdid edib, Kreml məsələyə qarışmalı olub
Azərbaycanın hakimiyyətə yaxınlığı ilə tanınan caliber.az portalı 2022-ci il martın 9-da 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməsinə əsasən Qarabağda yerləşdirilmiş RF sülhməramlı kontingentinin hərbi texnikasının və şəxsi heyətinin “az qala yarısının” çıxarılması haqda video-material yayıb.
Mənbə qeyd edib ki, video-materialda Azərbaycan tərəfinin Laçın dəhlizində quraşdırdığı müşahidə kameralarına düşmüş görüntülər əks olunub. Əlavə edilib ki, beləliklə Rusiya tərəfi öz qoşunlarını Ukraynaya aparır.
Bir müddət sonra Ukraynadakı mənbə Ermənistan ərazisindən Rusiya qoşunlarının gəldiyi haqda xəbər yayıb.
Martın 26-da Rusiya sülhməramlılarının hərbi texnikası və şəxsi heyətindən ibarət daha bir qrup Qarabağı tərk edib.
“Rusiyalılar 4 ədəd “UAZ patriot”, 1 ədəd “Tiqr”, 3 ədəd “KamAZ” (kunq, təmir və benzin maşını), bir “Ural” və bir “QAZ-66” çıxarıblar”, – mənbə bildirir.
Maraqlıdır ki, bu, Azərbaycan ordusu Qarabağın şərqində, RF sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi hissəsində Fərrux kəndi və Daşbaşı yüksəkliyini nəzarət altına götürəndən dərhal sonra baş verib.
Moskva inkar edir
Martın 30-da Bakıda mətbuat konfransı zamanı Azərbaycanın APA informasiya agentliyinin jurnalisti Rusiya səfiri Mixail Boçarnikova sual ünvanlayıb:
“Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat xidməti Qarabağdan qoşunların Ukraynaya aparıldığı haqda informasiya açıqlayıb. Bir müddət əvvəl sosial şəbəkələrdə Rusiya sülhməramlılarının yerdəyişməsini əks etdirən təsvirlər yayılıb. Bu barədə nə deyə bilərsiz, Qarabağdakı sülhməramlılar Ukraynaya göndərilib?”
Boçarnikov informasiyanı inkar edib və suala kifayət qədər qısa cavab verib:
“Yox, bu həqiqətə uyğun deyil. Qarabağdan sülhməramlılar Ukraynaya getməyib”.
Politoloq şərhi
Rusiya hərbçilərinin Qarabağdan Ukraynaya aparılması haqda məsələni şərh edərkən azərbaycanlı politoloq Zərdüşt Əlizadə səfirin sözlərini qismən təsdiqləyib. Onun sözlərinə görə, sülhməramlılar Qarabağdan Ukraynaya yox, Ermənistana gediblər. Ermənistandakı Rusiya hərbçiləri isə öz növbəsində Ukraynaya yollanıblar.
“Qarabağdakı sülhməramlılar Rusiya ordusunun Ermənistanın Gümri şəhərində yerləşən 102 saylı hərbi hissəsinə göndərilib. Bu hissədəki Rusiya hərbçiləri isə Ukraynaya yollanıb. Bu cür yerdəyişmənin səbəbini izah edirəm.
Gümridəki hərbi hissədə 5 minə yaxın hərbçi qulluq edir. Onlardan 3500-ə yaxını Ermənistan vətəndaşıdır. Onlar hərbi müqavilə əsasında ordadır və RF Müdafiə Nazirliyindən maaş alırlar.
Əgər Rusiya hərbçilərini Gümridən Ukraynaya göndəribsə, orada rusiyalı praktiki olaraq qalmamalı idi. Buna görə də Qarabağdakı sülhməramlıları Ermənistana göndərməli olublar.
Qarabağdakı Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməsinin şərtlərinə əsasən, 1960 hərbçidən ibarət olmalıdır. Fakt odur ki, onların daha çox olduğunu deyirdilər. İstənilən halda hazırda Qarabağda sülhməramlıların sayı xeyli azdır”, – Əlizadə qeyd edib.