Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesi başlayıb
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir
Rusiya sülhməramlı kontingenti Azərbaycanı tərk edir. Sülhməramlılar ikinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyannaməyə əsasən, Qarabağa daxil olublar. Bu sənədə görə, sülhməramlılar ən azı 2025-ci ilin noyabrına qədər bölgədə qalmalı idi.
- “Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti Azərbaycan üçün faydalıdır”. Bakıdan baxış
- “Qərbyönümlü Ermənistan Azərbaycan üçün niyə təhlükədir?” Bakıdan baxış
- Rusiya sülhməramlılarının minaların təmizləməsinə cəlb edilməsi onların regionda uzun müddət qalmasıyla bağlı sual doğurur
“Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması haqda qərar iki ölkənin ali rəhbərliyi tərəfindən qəbul edilib”, – Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Bu məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Siyasi icmalçı Hacı Namazov JAMnews-un Azərbaycan redaksiyası üçün baş verənləri şərh edib.
Ekspert şərhi
“Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması prosesi başlayıb və bununla da biz bir neçə suala eyni vaxtda cavab aldıq.
Birincisi, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror əməliyyatından və bu bölgədəki qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsindən sonra sülhməramlıların qarşısında anlaşılan heç bir vəzifə qalmayıb. Çünki sülhməramlılar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında dayanmalı idi. İkincisi olmayandan sonra, yumşaq desək, dayanmağa yer qalmayıb. Sülhməramlıların digər funksiyası Laçın yolunun rahat işləməsini təmin etmək idi. Erməni əhalisi könüllü olaraq Qarabağdan köçdükdən sonra bu vəzifə də təbii olaraq aradan qalxdı.
İkincisi, bəzi ekspertlər Rusiya silahlı qüvvələrinin sadəcə olaraq regionu tərk etməyəcəyini və Azərbaycanda hərbi baza kimi və ya başqa əsaslarla qalacağını iddia edirdilər. Bu bəyanatlar da normal məntiqə sığmırdı, çünki Azərbaycan qanunlarına görə ölkə ərazisində başqa dövlətlərin hərbi bazası ola bilməz.
Üçüncüsü, Rusiya sülhməramlılarının Azərbaycanda olması ilə bağlı hüquqi insident öz həllini tapıb. Ölkə parlamenti üç il yarımdır ki, Rusiya sülhməramlı kontingentinin mandatını ratifikasiya etmir.
Amma Azərbaycanda Rusiya hərbçilərinin qalmayacağını söyləmək hələ tezdir. Qarabağda Rusiya-Türkiyə monitorinq mərkəzinin olmasını kimsə unudubmu? Düzdür, son vaxtlar onun işi barədə məlumat yoxdur, amma mərkəzin özünü ləğv edən olmayıb. Hər halda belə bir məlumat görməmişəm.
Sülhməramlıların Azərbaycandan hansı qrafiklə çıxarılacağı da tam aydın deyil. Hələlik rəsmi Bakı bu barədə heç nə deməyib. Rusiya Müdafiə Nazirliyi də susur.
Sosial şəbəkələrdə yayılan məlumatlardan, kontingentin çıxarılmasının dəmir yolu ilə həyata keçirildiyi aydın olur. “Rusiya Dəmir Yolları” loqosu olan qatarın Bərdədən Bakıya, oradan da Dağıstandan keçərək Rusiyaya getdiyini əks etdirən video yayılıb.
Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasının başlanmasının səbəblərini ancaq təxmin etmək olar. Bir müddət əvvəl Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) rəhbərliyi Qarabağda minatəmizləmə işlərində sülhməramlıların iştirak edəcəyini açıqlamışdı. Başqa sözlə, onlar üçün məşğuliyyət tapılmışdı. Ancaq heç bir ay keçmədən sülhməramlıların ərazidən çıxarılması başladı.
Üçtərəfli bəyanata görə, sülhməramlıların Qarabağdakı missiyasının başa çatmasına hələ il yarım qalıb. O da yalnız 2025-ci ilin aprelinə qədər Azərbaycan tərəfi sülhməramlıların qalma müddətini uzatmamaq istəyini ifadə edəcəyi halda. Əks təqdirdə, bu müddət daha beş il artacaqdı.
Amma artıq proses başlayıb, sülhməramlılar gedirlər. Yəqin ki, yaxın gələcəkdə bunun niyə və necə baş verdiyini öyrənəcəyik”.