Rusiya prezidentinin köməkçisinin Abxaziyadakı görüşlərində nələr müzakirə olunub
Raul Xajimba,Vladislav Surkov. Foto:Sergey Demyanov
RF prezidentinin köməkçisi Vladislav Surkov Abxaziyaya gəlib və prezident Raul Xajimba ilə görüşüb.
Xajimba görüşdən sonra jurnalistlərə bildirib ki, “işlərin kifayət qədər müsbət məcrada davam etdiyini düşünməyə imkan verən” məsələlər müzakirə olunub.
Ümumilikdə Surkov və Xajimba aşağıdakı perspektiv və nailiyyətləri qeyd ediblər:
Abxaziyada Rusiya sərmayəsi
Vladislav Surkov bildirib ki, Abxaziyada Rusiya investisiya proqramının həyata keçirilməsi daha əvvəl Abxaziya və Rusiya tərəfləri arasında imzalanmış sənədlər əsasında aparılır.
“Abxaziyada siyasi stabillik respublikanın inkişafına kömək edir”, – o deyib.
“İnvestisiya proqramının növbəti mərhələsi işə düşüb, Rusiyadan maliyyə vəsaitləri daxil olur, böyük əksəriyyəti infrastruktur obyektləri olan bütün obyektlər üzrə keyfiyyət sənədləri hazırlanıb ki, bütün bunlar məncə, çox vacibdir, – Vladislav Surkov deyib. – Bu, turizm, iqtisadiyyat və sənaye sahələri üçün mühümdür”.
Surkov bildirib ki, Moskva bir milyard rubldan artıq [təxminən 17 milyon dollar] dəyərdə olan layihəni təsdiqləyib.
“Bu, həm mehmanxana biznesi, həm qida məhsulları, həm də kənd təsərrüfatıdır. İşimizin məcraya qoyulması sevindiricdir”, – Surkov deyib.
Sosial sahədə dəstək
“İki ölkə münasibətləri inteqrasiyanın daha yüksək mərhələsinə keçib. Sosial inteqrasiya artır və Abxaziya sakinləri bunu artıq hiss edir – pensiyalar və bir sıra digər sosial müavinətlər artıb”, – Surkov bildirib.
Hərbi və sərhəd sahəsində əməkdaşlıq
Vladislav Surkov təhlükəsizlik sahəsində saziş çərçivəsində birgə qoşun qruplaşmasının yaradılması prosesini “çox ciddi addım” adlandırıb.
Vladislav Surkov Rusiya İnvestisiya Proqramının vəsaiti hesabına təmir edilən İ.Papaskir adına Milli Kitabxananı və 3 saylı məktəbi də ziyarət edib.
Müttəfiqlik və strateji tərəfdaşlıq haqda Rusiya-Abxaziya sazişi Abxaziya və Rusiya Federasiyası prezidentləri tərəfindən 2014-cü il noyabrın 24-də imzalanıb.
Vladislav Surkovun Abxaziyaya daha əvvəlki gəlişi 2016-cı ilin iyulunda baş tutub.
B ir müddət əvvəl Cənubi Osetiyanın müxalif siyasətçisi və keçmiş prezidenti Eduard Kokoytı Vladislav Surkovu aşkar şəkildə “Abxaziya və Cənubi Osetiyanın Kremldən olan kuratoru” adlandırmışdı, demişdi ki, Surkov “qərbyönlü şeytandır və Cənubi Osetiyada korrupsiyanı dəstəkləyir”. Detallar JAMnews-un məqaləsində
https://jam-news.net/?p=45094&lang=az-AZ
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır