Rusiya ordusu Sibirdə görünməmiş yanğınların söndürülməsinə cəlb edilib
Paylaşmaq
Paylaşmaq
Rusiyanın şərq regionlarında meşə yanğınlarının sahəsi görünməmiş həddə çataraq Rusiyanın beş regionunun ərazisində üç milyon hektarı əhatə edib – The Guardian xəbər verir.
Yanğın nəticəsində əmələ gələn duman yaşayış məntəqələrini, o cümlədən də Çelyabinsk, Krasnoyarsk və Yekaterinburq kimi milyonluq şəhərləri bürüyüb, Altaya, Volqaboyuna və qonşu Qazaxıstana gedib çatıb.
Ekoloqlar baş verənlərin insan orqanizmi və qlobal iqlim üçün ciddi nəticələri ilə bağlı xəbərdarlıq edirlər.
Bu gün yanğının söndürülməsinə 2700 yanğınsöndürən cəlb olunub.
Kremlin mətbuat xidmətinin məlumatına əsasən, Putin yanğının söndürülməsində ordudan istifadə olunması haqda göstəriş verib. 10 təyyarə və 2 vertolyot Krasnoyarska göndərilib. İrkutsk vilayətində ordu hissələri yüksək hərbi hazırlıq həddinə gətirilib.
Meşə yanğınları Rusiyada hər il baş verir, amma bu il görünməmiş miqyasa çatıb.
Hakimiyyət bildirir ki, buna anomal istilər və güclü küləklər səbəb olub.
Sibirli sosial şəbəkə istifadəçiləri bildirirlər ki, yanğın ocaqları qanunsuz meşə qırılması yerləri ilə üst-üstə düşür – yəni yanğınlar cinayət izinin gizlədilməsi üçün qəsdən törədilib.
Baş nazir Medvedev bu versiyanın araşdırılmasını tapşırıb.