Rusiyalı siyasətçi Navalnı “Noviçok”la zəhərlənib. Almaniya hakimiyyətinin rəsmi rəyi
Berlin klinikasında müalicə olunan rusiyalı siyasətçi Aleksey Navalnı “Noviçok” qrupundan olan hərbi zəhərləyici maddə ilə zəhərlənib. Bu haqda Almaniya hökuməti yerli hərbçilərin apardığı analizlərin nəticələrinə əsaslanaraq bildirib. Almaniya hakimiyyəti Rusiyadan müxalifətçiyə qarşı sui-qəsdlə bağlı “dərhal izahat” gözləyir.
“Berlində Şarite universitet klinikasının göstərişi ilə Bundesver (AFR Silahlı Qüvvələri) laboratoriyası Aleksey Navalnının analizlərinin toksikoloji tədqiqatını aparıb. Beləliklə mütəxəssislər birmənalı şəkildə “Noviçok” qrupundan olan sinirləri iflic edən zəhərləyici maddənin izini aşkarlayıblar”, – “Novaya qazeta” Almaniya hökumətinin rəsmi açıqlamasından sitat gətirib.
Kansler Merkel və Almaniya hökumətinin üzvləri bu gün bu məsələ ilə bağlı görüş keçirib və gələcək addımlar haqda razılığa gəliblər – məlumatda deyilir.
“Aleksey Navalnının Rusiyada kimyəvi maddələrlə hücuma məruz qalması sarsıdıcı hadisədir. Almaniyanın federal hökuməti bu hücumu ən ciddi şəkildə müzakirə edir. Rusiya hökuməti baş verənlərlə bağlı dərhal izahat verməlidir”, – Almaniya hökuməti bəyan edir.
Ölkənin XİN-i Rusiya səfirini də məlumatlandırıb, həmçinin Aİ və NATO-dakı tərəfdaşlara tədqiqatların nəticələri haqda bildiriblər. Almaniya tərəfdaşlarla birgə müvafiq reaksiya hazırlamaq niyyətindədir.
• Navalnıya qarşı sui-qəsd: şübhəli təsadüflər
• Rusiya prezidentliyinə potensial namizəd Navalnı Qafqaz haqda nə düşünür?
• Rusiya prezidenti Navalnıdan nə gözləmək olar?
“Noviçok” nədir?
2018-ci ilin martında İngiltərənin Solsberi şəhərində rusiyalı keçmiş kəşfiyyatçı Sergey Skripal və qızına qarşı sui-qəsd olmuşdu. Həkimləırin operativ müdaxiləsi sayəsində onları xilas etmək mümkün olub. Hadisə yerinə gələn polis də ziyan çəkib.
İstintaq müəyyən edib ki, sui-qəsd zamanı Sovet İttifaqında hazırlanan və istehsal edilən sinir sistemini iflic edən “Noviçok” maddəsindən istifadə olunub.
Üç həftə sonra Solsberidə bir qadın ölüb, onunla birlikdə olan kişi isə ziyan çəkib. Bu, cütlüyün zibil konteynerində içində “Noviçok” olan ətir şüşəsini tapmasından sonra baş verib.
İngiltərə polisinin bildirdiyinə görə, Skripallara qarşı sui-qəsd Rusiyanın Baş Kəşfiyyat İdarəsinin əməkdaşları Ruslan Boşirov və Aleksandr Petrov tərəfindən törədilib.
Berlində rusiyalı siyasətçi Aleksey Navalnının müalicə aldığı “Charite” klinikası qarşısında mühafizə. 22 avqust, 2020. REUTERS/Christian Mang
Navalnının zəhərlənməsi
Avqustun 20-də səhər saatlarında Aleksey Navalnının halı pisləşib. Onu Omsk aeroportundan ağır zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdiriblər. Siyasətçinin mətbuat katibinin bildirdiyinə görə, həmin səhər Navalnı Tomsk aeroportunda çay içib, o, həmin vaxt bundan başqa heç nə yeyib-içməyib.
Müayinədən sonra Omsk xəstəxanasının həkimləri bildiriblər ki, siyasətçinin qanında zəhər aşkar etməyiblər, amma eyni zamanda ona dəqiq diaqnoz da qoya bilməyiblər.
Siyasətçinin doğmaları və dostları onun Almaniyaya aparılmasına nail olublar. Avqustun 22-də o, təyyarə ilə Berlindəki Şarite klinikasına çatdırılıb.
O, hələ də süni komadadır. Həkimlərin sözlərinə görə, həyatı üçün artıq təhlükə yoxdur, amma hələlik zəhərlənmənin fəsadları haqda danışmaq çətindir.
Reaksiya: “Hamı bilir ki, bu Putinin işidir”
Rusiyalı müxalifətçi və Navalnının silahdaşı Vladimir Milov hesab edir ki, Putinin rəqiblərinin zəhərlənməsi ilə bağlı ötən hadisələrdən fərqli olaraq bu dəfə sui-qəsdin təşkilatçısı ilə bağlı heç kimin şübhəsi yoxdur.
“Navalnının zəhərlənməsi ilə bağlı vəziyyətin xarakterik fərqi – bu dəfə dünyada praktiki olaraq hamı – siyasətçilər, mətbuat, şərhçilər – yekdilliklə bildirirlər ki, zəhərləyən şəxs Putindir. Heç bir şübhə yoxdur. O, bu hadisədən sonra təmizə çıxa bilməz”, – siyasətçi Facebook-da yazıb.