Fənərlər, sevgi və Navalnı – Rusiyada müxalifətçiyə dəstək aksiyalarından fotoreportaj
“Sevgi qorxudan güclüdür” – bütün Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnıya dəstək fleşmobları bu şüar altında keçirilib. Aksiya iştirakçıları küçələrə çıxıb, fənər yandırıblar. Hakimiyyət bütün qüvvəsi ilə bu aksiyaya mane olmağa çalışıb.
Daha əvvəl aksiya təşkilatçıları izah ediblər ki, tədbirlərin anlamı həbs edilmiş siyasətçiyə dəstək, o cümlədən də küçədə və ya həyətdə əqidədaşa rast gəlincə, bir-biri ilə həmrəylik nümayiş etdirməkdir.
- “Milyonları həbs etmək olmaz”. Rusiya müxalifətinin lideri məhkum edildi
- “Navalnıya azadlıq!” Bütün Rusiyada müxalifətçiyə dəstək aksiyaları. Foto
Rusiya mediasının məlumatına əsasən, bazar günü Rusiyanın müxtəlif şəhhərlərində Navalnıya dəstək aksiyalarında 12 nəfər saxlanılıb.
İnsanlar sosial şəbəkələrdə aksiyalardan fotolar paylaşıblar.
#любовьсильнеестраха (#sevgiqorxudangüclüdür) heşteqi ilə Twitter-də 8000-dən çox paylaşım edilib. Bəziləri yazıblar ki, aksiyada təkbaşına iştirak ediblər, həmfikirlərinə rast gəlməyiblər. Amma buna peşman deyillər.
Rusiya müxalifətinin lideri Aleksey Navalnı yanvarın 18-də “Noviçok” kimyəvi maddəsilə zəhərlənəndən sonra müalicə aldığı Almaniyadan vətənə qayıtdığı zaman aeroportdaca həbs edilib. O, həyatına sui-qəsddə hakimiyyəti günahlandırıb.
Daha sonra məhkəmə haqqında qaldırılmış cinayət işlərindən biri üzrə aldığı şərti cəzanı real cəza ilə əvəzləyib və onu 2 il 8 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Siyasətçinin azad edilməsi tələbi ilə kütləvi aksiyalar bütün Rusiyada 23 və 31 yanvarda keçirilib. Hakimiyyət etirazlara həbslərlə və repressiyalarla cavab verib.
Sevgiyə məcburiyyət
Aksiya günlərində Rusiyanın bütün dövlət strukturları fəal şəkildə onun keçirilməsinə mane olmağa çalışıblar.
Rusiyanın Baş Prokurorluğu, İstintaq Komitəsi və DİN “qanunsuz aksiyalarda” iştiraka görə məsuliyyət haqda xəbərdarlıq səsləndiriblər. “Roskomnadzor” – Rusiyanın kommunikasiya nizamlayıcısı internet nəşrlərdən fevralın 14-də fənərli aksiya haqda anonsları silməyi tələb edib. Müstəqil nəşrlərdən bəziləri bloklanmaq təhdidi altında tabe olmağa məcbur qalıb.
Aksiya haqda materiala görə “Roskomnadzor” redaksiyası Latviyada yerləşən “Spektr” nəşrinin saytını Rusiya ərazisində bloklayıb.
Sosial şəbəkələrdə qruplar vasitəsilə tələbələr, o cümlədən də şagirdlərin valideylərinə xəbərdarlıqlar göndərilib. Tələbələri razılaşdırılmamış mitinqlərdə iştiraka görə universitetlərdən qovmaqla təhdid ediblər.
Eyni zamanda Gənclərlə İş üzrə Federal Agentlik məktəblərə və universitetlərə fevralın 14-də bütün ölkədə “Rusiya – sevgi ölkəsi” aksiyası keçirməyi tövsiyə edib. Tələbələrə Müqəddəs Valentin Günündə kütləvi şəkildə “bütün ətrafdakı insanlara” gül bağışlamaq təklif olunub.
Hökumətyönlü mediada hətta smartfonlarda fənər funksiyasının nə qədər təhlükəli olduğu və ən yaxşısı fənərləri söndürmək olduğu haqda məqalələr də dərc olunub.
Putin Navalnı haqda
Bu arada Rusiya prezidenti Vladimir Putin medaia redaktorları ilə görüşü zamanı Aleksey Navalnıya dəstək aksiyalarını şərh edib. “Novaya qazeta”nın məlumatına əsasən, prezidentin fikrincə, Navalnıdan “istifadə edirlər”, etiraz aksiyalarını isə o, əhalinin koronavirus pandemiyasına və iqtisadi problemlərə görə narazılığı ilə əlaqələndirib.
“Bunun fiqurantını (Putin hələ də Navalnının adını çəkməkdən yayınır) məhz indi istifadə edirlər, məhz bütün dünya ölkələrində, o cümlədən də bizdə yorğunluq yaranır, insanlarda qıcıqlanma, narazılıq toplanır, o cümlədən də onların yaşadığı şəraitə, gəlir səviyyəsinə münasibətdə”, – Putin deyib.
Onun sözlərinə görə, “insanın həyatı pisləşib, buna görə də o, rəhbərliyi günahlandırır” və bunda yeni heç nə yoxdur.
“İddialar çoxdur, energi çoxdur, daha çox pul qazanmaq, hakimiyyətə yetişmək arzusu. […] Və bütün bunlar da ən fəal şəkildə istifadə olunur”, – Putin deyib.