Moskvada jurnalistlər saxlanılıb – onlara həmkarlarının müdafiəsi üçün aksiya keçirməyə imkan verməyiblər
Bir neçə rusiyalı jurnalist və ictimai fəal mayın 28-də Moskvada DİN-in paytaxt şöbəsinin qarşısında saxlanılıb. “Новая газета” nəşrinin verdiyi məlumata görə, jurnalistlər birnəfərlik aksiya keçirdiyi üçün həbs olunan “Novaya qazeta” əməkdaşı İlya Azarın müdafiəsi üçün təşkil olunan piketdə iştirak ediblər.

Azar mayın 26-da daha əvvəl həbs olunan Rusiyanın “ВКонтакте” sosial şəbəkəsində “Polisin ombudsmeni” qrupunun yaradıcısının müdafiəsi üçün təkbaşına piket keçirib və özü də həbs olunub. Rusiya qanunlarına əsasən, təkbaşına piket hakimiyyətlə razılaşdırılmadan keçirilməsi mümkün olan yeganə aksiyadır.
Bununla belə, mayın 28-də məhkəmə Azarı mitinq keçirmək qaydalarını təkrar pozmaqda günahkar hesab edib və 15 sutka inzibati həbslə cəzalandırıb.
- Şaman ovu: Rusiyada “Putini qovmağı” vəd edən adama qarşı təzyiqlər davam edir
- “Azərbaycanda yaşamaq mənim haqqımdır” – keçmiş vicdan məhbusu, jurnalist Əfqan Muxtarlı JAMnews-a gələcək planları haqda danışıb
Məhkəmə qərarına qarşı etiraz əlaməti olaraq birnəfərlik piketə çıxan jurnalistlər də polis tərəfindən saxlanılıb – mitinq keçirmək qaydalarını və “özünütəcrid rejimini” pozduqlarına görə.
Saxlanılanlar arasında “Mediazona” nəşrinin baş redaktoru Sergey Smirnov, “Exo Moskvı” əməkdaşları Tatyana Felqenqauer və Aleksandr Plüşev, “Dojd” televiziyasının jurnalisti Mixail Fişman var.
Hazırda istənilən ictimai tədbir qeyri-qanunidir, çünki Moskvada özünütəcrid rejimi hökm sürür, polis əməkdaşı “Novaya qazeta” nəşrinin müxbirinə deyib. Saxlanılanların bir qismini qısa müddət sonra buraxıblar.
10 nəfər Sankt Peterburqda analoji aksiya zamanı saxlanılıb.
“Jurnalisti həbs edərək hakimiyyət peşəmizin nümayəndələrinə de-fakto müharibə elan edib. Bizim bu maneədən yayınmaq imkanımız yoxdur: heç kim Kremlin (hakimiyyətin? güc strukturlarının?) insanları vətəndaş mövqelərini bildirdiklərinə görə həbs etmək haqqını tanımaq niyyətində deyil”, – “Novaya qazeta” nəşrinin siyasət şöbəsinin redaktoru Kiril Martınov yazıb.