“18-ə qədər terror aktları”. Rusiyada yeniyetmələri nəyə görə həbs edirlər?
Rusiyada terrorizm ittihamı ilə getdikcə daha çox yeniyetmə həbs edilir. “Qarşısı alınmış hücumların” sayı artır. Rusiyanın “Novaya qazeta” müstəqil nəşri belə nəticəyə gəlib ki, xüsusi xidmət orqanları 2017-ci ildə korrupsiyaya qarşı gənclərin keçirdiyi kütləvi aksiyalardan sonra yeniyetmələri və gəncləri xüsusi aktivliklə təqib etməyə başlayıb.
Materialın tam versiyası “Novaya qazeta” saytında
Son bir ildə Rusiyanın müxtəlif regionlarında yeniyetmələrin saxlanılması ilə bağlı bir neçə səs-küylü hadisə baş verib: güc strukturlarının versiyasına görə, onlar məktəb və ya hüquq-mühafizə orqanlarının binalarında terror aktları hazırlayıblar.
- Rusiya: jurnalist terrorizmə haqq qazandırmaqda təqsirli bilinib
- “Qadın işi”: 2008-ci ilin avqustunda Gürcüstan-Rusiya müharibəsi ərəfəsində atılan sms-ə görə məhbəsdə keçən illər
- Rusiya: hakimiyyət gənclərə hücum edir
Xüsusi xidmət orqanları 2018-ci ildən bu cür hücumların qarşısının alınması haqda fəal hesabat verməyə başlayıblar – buna qədər mediaya tək-tük hallah haqda məlumat düşürdü.
2014-cü ildən Rusiyada məktəblilərin və yeniyetmələrin iştirakı ilə ən azı 29 hücum baş verib. Güc strukturlarına inansaq, belə hallar daha çox, ən azı üç-dörd dəfə çox ola bilərdi. 2013-cü ildən xüsusi xidmət orqanları yeniyetmələrin planlaşdırdığı və qarşısını almaq mümkün olan minimum 69 hücum haqda hesabat verib, bunların əksəriyyəti (63) son iki ildə baş verib.
Əgər hücumların təfərrüatları demək olar ki, dərhal sosial şəbəkələrə və mediaya düşsə də, bu halların qarşısının alınması üçün hıyata keçirilən xüsusi əməliyyatların detalları adətən yalnız güc strukturlarının özlərinin sözlərindən məlum olur.
Xüsusi xidmət orqanlarının hesabatlarının arxasında nələrin gozləndiyini – terrorizmlə real mübarizə, yoxsa “ulduz” qazanmaq səyləri – öyrənmək mümkün deyil.
“FTX çox qapalı strukturdur. İctimai nəzarət yoxdur, təftiş orqanlarının onun fəaliyyətinə nəzarət etmək imkanı yoxdur, buna görə də, onlar istədikləri mənzərəni cıza bilərlər”, – vəkil Vitali Çerkasov deyir.
Yeniyetmələrə qarşı irəli sürülən ittihamların əsaslı olması ilə bağlı şübhələr həm də ona görə yaranır ki, açıqlanan sübutlar absurd kimi görünür.
Ancaq son bir neçə ay ərzində məktəblilərin təqibi üçün “VKontakte” sosial şəbəkəsində Amerikanın “Kolumbayn” məktəbindəki güllələnmə haqda səhifəyə abunə olmaları və ya Minecraft oyununda FTX-nın virtual binasını partlatmaq planları səbəb olub. İdeya müəllifləri terrorçu birlik təşkil etməkdə ittiham ediliblər.
“Gənclərlə ancaq o zaman mübarizə aparmaq lazımdır ki, artıq cinayət törətmiş olsunlar. Radikal mövzularda söhbət isə yeniyetmələr üçün nadir davranış deyil. Əgər rəhbərlik əməliyyatçılardan şübhəli gənclər qruplarını izləməyi tələb edirsə, bu normaldır, amma izləmələrin müəyyən faiz cinayət işi ilə yekunlaşması tələb olunursa, bu yaxşı nəticə verməyəcək”, – “Sova” İnformasiya Analitik Mərkəzinin direktoru Aleksandr Verxovski qeyd edir.
Etirazlar təqib üçün səbəbdir?
Güc strukturları iki il əvvəl məktəbliklərlə maraqlanmağa başlayıblar: 2018-ci ilə qədər “Novaya” xüsusi xidmət orqanlarının yeniyetmələr tərəfindən planlaşdırılmış hücumların qarşısının alınması ilə bağlı cəmi altı hal haqda ictimaiyyətə verdiyi açıqlamanı tapa bilib, halbuki son iki ildə onlar bu haqda mütəmadi olaraq xəbər verirlər.
Güc strukturlarının yeniyetmələrə qarşı dərin diqqəqinə 2017-ci ilin yazında Aleksey Navalnının “O sizin üçün Dimon deyil” araşsırmasının dərcindən sonra keçirilən etiraz aksiyaları səbəb ola bilər.
O zaman ölkənin hər yerində gənclər kütləvi şəkildə korrupsiyaya qarşı mitinqlərə çıxmışdı.
“Belə təəssürat yaranır ki, yeniyetmələr Navalnının kütləvi etirazlarında iştirak edəndən sonra onların hansısa siyasi fəaliyyətə cəlb olunması haqda mövzu qabardı…
Əvvəl əgər FTX nəyisə partlatmağı müzakirə edən 14-15 yaşlı anarxistlər və ya monarxistlər qrupu aşkarladıqda – belələri də əlbəttə ki, hımişə var – sadəcə profilaktik tədbirlərlə kifayətlənir, onları nəzarətə götürəcəkləri ilə hədələyir və işlərini bitmiş hesab edirdilər. Əməliyyat işləri olurdu, amma cinayət işləri çox vaxt açılmırdı”, – Verxovski deyir.
Bu etirazlardan sonra isə məktəblilərə və tələbələrə qarşı terrorizmlə bağlı ilk səs-küylü cinayət işləri ortaya çıxdı: 2017-ci ilin payızında güc strukturları “Şəbəkə işi” üzrə ilk şübhəliləri saxlayıb, 2018-ci ilin yazında “Yeni Möhtəşəmlik” işinin fiqurantları həbs edilib. Terrorçu və ekstremist birliyin yaradılmasında, o cümlədən də hakimiyyəti devirmək cəhdində ittiham olunan 20 nəfərdən çox insan istintaq altına düşüb. İttiham olunanlar güc strukturlarında onlara təzyiq göstərildiyi və işgəncə verildiyindən şikayətləniblər.