Rusiya Ermənistan üçün qazın qiymətini qaldırıb
Ermənistanda Rusiya qazı bahalaşıb. Qazın min kubmetri artıq əvvəlki kimi 150 dollar dəyərində deyil, 165 dollara yüksəlib. Amma baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan bəyan edir ki, bu bahalaşma sadə vətəndaşlara təsir etməyəcək.
Qazın qiyməti ətrafında danışıqlar
Qazın qiyməti ətrafında danışıqlar ötən ilin noyabrından başlayıb. Əvvəlki qaz müqaviləsinin müddəti 2018-ci il dekabrın 31-də başa çatdı. Müqavilə müddəti bitənə bir neçə gün qalmış Nikol Paşinyan yeni sazişin şərtlərini müzakirə etmək üçün Moskvaya səfər etdi. Amma səfər zamanı tərəflər razılaşma əldə edə bilmədi. Dekabrın 31-də məlum oldu ki, Rusiya tərəfi hər şeyə rəğmən qiyməti qaldırıb.
Nikol Paşinyan bəyan edib ki, dəyişikliklər sadə istehsalçılara təsir etməyəcək. Onun mətbuat katibi Armen Yeqoyan bunun səbəbini də izah edib:
“İstehsalçılar üçün qazın qiyməti xərclərin azaldılması və “Qazprom Ermənistan” şirkətinin səmərəliliyinin artırılması sayəsində əvvəlki kimi qalacaq”.
• “Qazprom Ermənistan” şirkəti vergidən yayınmaqda ittiham olunur
• Ermənistan İran qazını daha ucuz qiymətə alacaq – ermənistanlı ekspertlər ehtimal edir
• Ermənistanın enerji təhlükəsizliyi haqda
İstehsalçılar üçün qazın qiyməti necə formalaşıb?
Ermənistan-Gürcüstan sərhədində “mavi yanacağın” qiyməti 150 dollar təşkil edir. Amma Ermənistan istehsalçılarına qaz demək olar ki, ilkin dəyərindən iki dəfə baha qiymətə gəlib çatırdı. İstehsalçılara evlərindəki təbii qaz təxminən 290 dollara başa gəlirdi.
Ermənistan ərazisində yeganə təbii qaz çatdıran şirkət “Qazprom Ermənistan”dır. Uzun müddət qazın qiyməti Ermənistanda mübahisə mövzusu olub. Çoxları hesab edirdi ki, qazın sərhəddəki qiyməti ilə istehsalçıya çatan qiyməti arasındakı fərq həddən artıq çoxdur. Amma Rusiyanın “Qazprom” şirkətinin törəmə müəssisəsi ziyana işlədiyini bəyan edirdi.
İran qazı
Hakimiyyətə gələndən sonra “inqilabçı” baş nazir Paşinyan bəyan etmişdi ki, Rusiya qazını daha ucuz qiymətə almağa ümidlidir. Amma qiymət artımından sonra baş nazir səlahiyyətlərini yerinə yetirən Paşinyan bildirib ki, ölkə İran qazının alınması imkanlarını nəzərdən keçirir. Yeri gəlmişkən, bunu ondan əvvəlki hökumət də istisna etmirdi.
Ermənistan indi də Ermənistan-İran qaz kəməri vasitəsilə az həcmdə İran qazı alır. Barter həyata keçirilir, Ermənistan elektrik enerjisini qaza dəyişir. Amma hakimiyyət uzun illər boyu bəyan edib ki, Rusiya qazı daha ucuzdur.
Ekspert rəyi
Energetika üzrə ekspert Vahe Davtyan hesab edir ki, qaz almaq üçün ən optimal bazar olaraq hələ də Rusiya bazarı qalır:
“Qaz bazarının analizi mövcuddur və sirr deyil ki, İran qazının 1000 kumbetri sərhəddə 180-185 dollardır. Əgər İran qazının Ermənistan bazarı üçün ucuzlaşması ilə bağlı siyasi qərar qəbul edilərsə, bu başqa məsələ olar. İkinci məqam isə İran qazının keyfiyyəti ilə bağlıdır, məlumdur ki, İran qazı öz xarakteristikasına görə Rusiya qazından əhəmiyyətli dərəcədə geri qalır”.
Ekspert daha əvvəl bildirib ki, İran qazı da bahalaşa bilər, çünki bu qaz da Ermənistana Rusiya kəməri ilə çatdırılır. İran qazını Ermənistana çatdıran infrastruktur “Qazproma” aiddir. Müvafiq olaraq İran qazının qiyməti də Rusiyanın “Qazprom” şirkəti, yəni Rusiya tərəfindən və yaxud da ən azı Rusiyanın razılığı ilə müəyyənləşəcək.
“İran qazının idxalına real diversifikasiya, alternativ kimi nəzərdən keçirilməsi mümkün deyil. Qazın mənbəyi, hansı ölkədən idxal olunduğu əsas deyil. Ən əsası qazın çatdırıldığı infrastrukturdur. Və İrandan Ermənistana qaz idxalı ilə bağlı qəbul etdiyimiz istənilən qərar Rusiyanın da razılığı ilə qəbul olunur”, – Vahe Davtyan hesab edir.
Ermənistanda çoxları güman edir ki, Rusiya qazın qiymətini artırmaqla Ermənistana təzyiq göstərir. Amma Vahe Davtyan düşünür ki, bu halda siyasi komponent mövcud deyil:
“Sərhəddə qazın qiymətinin dəyişməsini daxili siyasi kontekstdə nəzərdən keçirmək, beynəlxalq münasibətlərlə əlaqələndirmək doğru deyil. Rusiya tarifin qəfil yüksəldilməsi haqda bəyan etməklə, məsələn, Gürcüstan və Ukrayna nümanəsində olduğu kimi öz enerji siyasətində kəskin adımlar atır”.