Rusiya Ermənistana silah almaq üçün 100 milyon dollar həcmində kredit ayıracaq. Baxmayaraq ki, Rusiyanın eyni məqsədlə bundan əvvəl ayırdığı 200 milyon dollarlıq kreditlə bağlı vəziyyət o qədər də yaxşı deyil – Ermənistan hələ də həmin vəsaitə nəzərdə tutulan silahın hamısını almayıb, kreditin özünü də ödəməyib.
Yeni kredit haqda razılaşma artıq Ermənistan Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Ötən səfər olduğu kimi məbləğ yalnız Rusiya istehsalı olan silahların, həm də güzəştli qiymətlərlə alınması üçün verilir.
Ermənistandakı ekspertlər silah alınması ilə bağlı razılaşmanı şərh etməyə tələsmirlər.
Qeyd olunur ki, birincisi, hələlik Ermənistanın məhz hansı növ silahlar əldə edəcəyi bəlli deyil. Hərbi ekspert Artur Yeqizaryan bununla bağlı bildirir ki, “Ermənistanın Azərbaycanın əldə etdiyi silahlardan alması mütləq deyil”.
İkincisi, ötən səfərki iki dəfə çox olan kredit müqaviləsi 2015-ci ildə imzalanıb, alınmış silah isə hələ də tam həcmdə Ermənistana gətirilməyib.
“Rusiya silahının alternativi var, dünyada daha keyfiyyətli istehsalçılar mövcuddur. Amma Rusiya istəyir ki, Ermənistan ondan tam asılı vəziyyətdə qalsın, hətta söhbət ən cüzi məbləğlərdən gedəndə də Ermənistanı əldən vermək istəmir”, – politoloq Styopa Safaryan deyir.
Ermənistan tərəfinin krediti 15 il ərzində illik 3 faizlik tariflə ödəməsi planlaşdırılıb.