Rus təbliğatı "Gürcü Arzusu"nun qələbəsini və "inqilabın" məğlubiyyətini qeyd edir
Gürcüstanda rus təbliğatı
4-5 oktyabr tarixlərində Kreml təbliğatçıları Gürcüstandan iki xoş xəbər aldılar: hakim “Gürcü Arzusu” partiyası bələdiyyə seçkilərində qalib gəldi, hakimiyyəti “dinc yolla devirmək” məqsədilə planlaşdırılan etiraz aksiyası isə uğursuzluğa düçar oldu. Bu məqalədə 4 oktyabr tarixində Rusiya təbliğatının bu xəbərləri necə işıqlandırdığından danışacağıq.

Baş nazir İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqının ölkədəki səfiri Tbilisidə prezident sarayına hücuma görə “məsuliyyət daşıyır”. Onun bu ittihamını dərhal rus təbliğatı davam etdirdi. Sözbəsöz.
Artıq 5 oktyabr səhəri hökumətyönümlü Rusiya telekanalları Gürcüstanda “Qərb tərəfindən maliyyələşdirilən çevrilişin” uğursuzluğundan xəbər verirdilər.
Tbilisidən hadisələri işıqlandıran dövlət telekanalı “Rossiya”nın müxbiri deyib: “Görünür, nə Qərb, nə də onun gürcü himayədarları sakitləşməyə niyyətli deyil.”
Başqa böyük rus kanalı olan NTV iddia edib ki, guya Aİ artıq on ildən çoxdur burada “Ukrayna ssenarisini” həyata keçirməyə çalışır, lakin buna baxmayaraq “Gürcüstanı sürətlə itirir.”
İrakli Kobaxidzenin sözləri Rusiya rəsmi şəxslərinin də xoşuna gəlib.
Məsələn, rus senator Aleksey Puşkov onları “sübutlu ittiham” adlandırıb.
Dövlət Dumasının xarici işlər komitəsinin sədri Leonid Slutski isə deyib ki, Aİ-nin Gürcüstandakı səfiri “müdaxilənin qızıl standartını nümayiş etdirib.”
Slutski Telegramda yazıb: “Kollektiv Qərbin ‘Maidan metodikaları’ köhnəlmir.”
Z-təbliğatı “Arzu”nun tərəfində
Eyni tezislər Telegramda rus hərbi təbliğatçıları tərəfindən də təkrarlanıb.
Təxminən dörd ildir ki, “Z-bloqçular” adlandırılan bu şəxslər Kremlin Ukraynaya müdaxiləsinin rusdilli əhalini azad etmək məqsədi daşıdığı fikrini Rusiyada insanlara aşılamağa çalışırlar.
Və bu bloqçular “Gürcü Arzusu”nu da tez-tez müdafiə edirlər.
“Metodologiya standartdır. Hər zamanki kimi, Qərbə qan lazımdır. ‘Müqəddəs qurban’ olmadan Maydanlar dövr etmir,” — Z-bloqçu Yuri Kotenok yazıb.

Başqa bir Z-bloqçu, təxminən bir milyon yarım izləyicisi olan Telegram kanalının müəllifi Mixail Zvinçuk sevinərək yazıb ki, indi gürcü hüquq-mühafizə orqanlarının “etirazları dağıtmaq üçün qanuni bəhanəsi”, hökumətin isə “müxalifətin təmizlənməsinə başlamaq imkanı” var.

“Gürcüstan doğru yoldadır. Hazırda Rusiya ilə qarşılıqlı fayda və tərəfdaşlıq prinsipləri əsasında münasibətlər qurur. Eyni zamanda avroaxmaqlara ölkənin daxili işlərinə qarışmağa və nəyi necə etməli olduğunu diйtə etməyə imkan vermir”, — anonim “Veteranın qeydləri” kanalı “Gürcü Arzusu”nu belə tərifləyib.

Digər tanınmış hərbi təbliğatçı Boris Rojinin fikrincə, “Arzu”nun bələdiyyə seçkilərində qələbəsi o deməkdir ki, Gürcüstan bundan sonra da “soyuq neytrallıq mövqeyini qoruyacaq və məhdud suverenlik uğrunda mübarizəni davam etdirəcək.”
“Bu, Rusiyanı tam şəkildə qane edir”, — Rojin əlavə edib.

“Mümkün koordinasiya”
Ümumiyyətlə, Ukraynada müharibənin başlanmasından sonra Rusiya təbliğatı “Arzu”ya dəstəyini xeyli gücləndirib.
Kreml və “Arzu”nun narrativləri demək olar ki, sözbəsöz təkrarlanır.
Məsələn, son dörd ildə Rusiya Təhlükəsizlik Xidməti beş dəfə Gürcüstanda xaricdən maliyyələşdirilən dövlət çevrilişinin qaçılmaz olduğunu bəyan edib, “Gürcü Arzusu”nun təmsilçiləri isə tez-tez 2014-cü ildə Ukraynada Rusiyapərəst Viktor Yanukoviçin hakimiyyətinə son qoyan Maydan hadisələrini yada salırlar.
“Arzu” və Kremlin ritorikası arasındakı oxşarlığı yaxınlarda Avropa İttifaqının maliyyələşdirdiyi və dezinformasiyanı araşdıran EuVsDisinfo layihəsi tədqiq edib.
2025-ci ilin avqust ayının sonunda dərc olunmuş hesabatda qeyd olunur ki, Kreml və “Gürcü Arzusu” təbliğatı “eyni narrativ üzərində işləyir” və “oxşar taktikalardan istifadə edir.” Bu isə “yalnız maraqların güclü üst-üstə düşməsini deyil, həm də mümkün koordinasiyanı” göstərir.
4 oktyabrda Tbilisidə baş verən hadisələrə gəldikdə isə, Avropa İttifaqı Kobaxidzenin ittihamlarını rədd edir.
“Brüssel Aİ-nin Gürcüstandakı roluna dair dezinformasiyanı və Aİ səfirinə qarşı şəxsi hücumları pisləyir”, — deyə Avropa komissarları Kaya Kallas və Marta Kosun birgə bəyanatında bildirilir.
Gürcüstanda rus təbliğatı