Ermənistanın eks-prezidenti həbsxanadan çıxandan sonra ilk müsahibəsini verib
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbsdən azad ediləndən sonra ilk böyük müsahibəsini verib. O, bir çox mövzulara, o cümlədən də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə, Qarabağ münaqişəsinin nizamlanmasına və Ermənistan sərhədlərinin yaxınlığında Azərbaycan-Türkiyə hərbi təlimlərinə toxunub.
Eks-prezident 2018-ci il iyulun 28-də həbs edilib. Ona qarşı konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb. Söhbət 2008-ci ilin martında prezident seçkilərinin nəticələri ilə razı olmayanların nümayişinin dağıdılmasından gedir. O zaman Yerevanda silahlardan istifadə edilmiş və 10 nəfər həlak olmuşdu.
Vəkilləri artıq üç dəfə onun haqqında qətimkan tədbirinin dəyişdirilməsinə nail olublar. Sonuncu dəfə o, həbsdən 2020-ci il iyunun 19-da Apellyasiya Məhkəməsinin qərarı ilə iki milyard dram [4 milyon dollara yaxın] girov müqabilində azad edilib.
Amma iyulun 1-də Baş Prokurorluq onun azad edilməsinin əleyhinə kassasiya şikayəti verib. Hələlik məhkəmə bu şikayətə baxmayıb.
● Ermənistanın keçmiş prezidenti Robert Koçaryan niyə həbs edilib?
● Şərh: Ermənistan-Azərbaycan sərhədində gərginliyi kim təhrik edib? Bu Rusiya ola bilərmi?
“Müharibənin yenidən başlaması təhlükəsi çox yüksəkdir”
Müsahibənin əsas mövzularından biri Ermənistan-Azərbaycan sərhədində iyulda yaşanan hərbi əməliyyatlar olub.
Koçaryan bu hadisələrlə bağlı öz versiyasını səsləndirib. Onun fikrincə, iki il ərzində Ermənistanın silahlı qüvvələri Azərbaycanın öz hərbi mövqelərini yaxşılaşdırmaq cəhdinin qarşısını alıb. Bununla yanaşı Ermənistan SQ nəinki rəqibin niyyətinin qarşısını alıb, eyni zamanda, onun sözlərinə görə, prosesdə öz mövqelərini yaxşılaşdırmağa da nail olub. Azərbaycan tərəfi əvvəlki vəziyyəti qaytarmağa çalışaraq Ermənistanın sərhədyanı kəndlərini atəşə tutub. Beləliklə, lokal döyüş genişmiqyaslı hərbi əməliyyatlara keçib – eks-prezident hesab edir.
Son hadisə Koçaryanı yalnız Azərbaycan prezidentinin “çox da konstruktiv olmadığına” deyil, həm də qonşu ölkə xalqının sülhə hazır olmadığına əmin edib. Onun sözlərinə görə, hətta Qarabağ müharibəsinin aktiv fazasında, yəni 1991-ci ildən 1994-cü ilə qədər olan dövrdə ermənilərlə azərbaycanlılar arasında Rusiyada və ya ABŞ-da bu günlərdə müşahidə olunduğu kimi toqquşmalar yaşanmayıb:
“Biz bu gün yalnız revanşa can atan Azərbaycan hökumətini yox, həm də analoji əhvalda olan xalqı görürük. Və bu iki vəziyyət birləşdiyi zaman müharibənin yenidən başlaması təhlükəsi yüksəlir”.
Qarabağ problemi haqda
Eks-prezident Qarabağ müharibəsinin nizamlanması məsələsini şərh edib.
Bununla əlaqədar olaraq o, Ermənistanın baş naziri Nikol Paşinyanın iki bəyanatını xatırladıb. Bunlardan biri onun 2019-cu ilin avqustunda Dağlıq Qarabağda mitinq zamanı səsləndirdiyi “Artsax Ermənistandır və nöqtə” sözləridir. Robert Koçaryanın fikrincə, bu bəyanat dövlət başçısının Qarabağ probleminin həllinin bütün münaqişə tərəfləri üçün məqbul olması haqda digər bəyanatı ilə ziddiyyət təşkil edir:
“Mən anlamağa çalışıram ki, “Artsax Ermənistandır və nöqtə” formulu bütün tərəflər üçün məqbul olacaq həll yolu ilə necə uzlaşa bilər. Bu hakimiyyətin formulları ya Qarabağın müstəqillik ideyasından imtina etməsi, ya da Azərbaycanın Qarabağın müstəqilliyi ilə barışmasını nəzərdə tutur. Amma nə o var, nə bu”.
Eks-prezident hesab edir ki, Azərbaycan hökumətinin konstruktiv mövqeyinə ümid etmək mümkün deyil, müvafiq olaraq münaqişəni hələ uzun müddət nizamlamaq mümkün olmayacaq.
Azərbaycan-Türkiyə hərbi təlimləri haqda
Türkiyə və Azərbaycanın iyulun 29-dan başlayaraq Ermənistanın sərhədlərinin yaxınlığında birgə genişmiqyaslı hərbi təlimlər keçirməsini Koçaryan “gün nümayişi” hesab edir:
“Belə genişmiqyaslı təlimlər sadəcə təlim xətrinə təlim deyil, bütün region ölkələrinə ciddi siyasi siqnaldır. Düşünmürəm ki, bunlar hücuma keçə bilər, amma o da faktdır ki, sənə deyirlər: belə ssenari mümkündür”.