“Respublikaçı Alternativ” (ReAl) hərəkatı özünü partiya elan edib
Azərbaycanın müxalif “Respublikaçı Alternativ” hərəkatı aprelin 9-da təsis qurultayı keçirərək, özünü siyasi partiya elan edib. Azərbaycan tarixində ilk dəfə siyasi qartiya qurultayı internetdə Facebook sosial şəbəkəsinin platformasında keçirilib.
Online rejimdə qurultay keçirmək haqda qərar hakimiyyətin ReAl partiyasının təşəbbüs qrupunun iclasının keçirilməsi üçün məkan ayırmaq xahişini rədd etməsi səbəbilə qəbul edilib.
“Respublikaçı Alternativ” hələ 2014-cü il yanvarın 24-də hərəkatdan siyasi partiyaya transformasiya olmaq niyyətini açıqlamışdı, eyni il mayın 28-də isə Bakıda partiya yaradılması üzrə təşəbbüs qrupunun təsis konfransı baş tutmuşdu. Yeni siyasi təşkilatın ilk təsis qurultayının tarixi tədbirin təşkili üçün məkan icarəsinin mümkün olmaması üzündən bir neçə dəfə təxirə salınmışdı.
“Partiyanın təsis qurultayının keçirilməsi üçün bizə məkan ayrılması və ya icarəyə verilməsi xahişi ilə ümumilikdə 48 dəfə Bakı şəhər İcra Hakimiyyətinə, müxtəlif mehmanxanalara, biznes-mərkəzlərə müraciət etmişik, amma hər dəfə rədd cavabı almışıq. Buna görə də online qurultay keçirməli olduq”, – ReAl-ın icra katibi Natiq Cəfərli bildirib.
Cəfərli qeyd edib ki, online qurultayın işində 250 nəfər qeydiyyata alınmış nümayəndə iştirak edib. Açıq səsvermə yolu ilə onlar siyasi partiya yaratmaq qərarı alıb, partiyanın proqram və nizamnaməsini təsdiqləyiblər.
Qurultayın ikinci mərhələsində gizli səsvermə yolu ilə İlqar Məmmədov “Respublikaçı Alternativ” partiyasının sədri seçilib. Həmçinin partiya Məclisinin üzvləri də səsvermə yolu ilə müəyyənləşib.
“İlqar Məmmədovun böyük nüfuza sahib olduğunu və onun həbsdə cəza çəkdiyini nəzərə alaraq, sədrliyə başqa heç kim namizədliyini irəli sürmədi”, – Cəfərli deyib.
JAMnews-un hakimiyyətin nəzərində qurultayın bu formasının legitim olub-olmaması haqda sualına Cəbərli belə cavab verib:
“Onsuz da biz rəsmi qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmək niyyətində deyilik. Əgər bizə qurultay keçirmək üçün məkan vermədilərsə, qeydiyyatla bağlı da mütləq problem yaradacaqlar. Bundan başqa, qeydiyyat üçün biz Ədliyyə Nazirliyinə partiyamızın ən azı min üzvünün şəxsi məlumatlarını təqdim etməli olacağıq. Biz isə onlara problem yaratmaq istəmirik. Biz siyasətlə məşğul olmaq üçün dövlətdən icazə istəməyə məcbur deyilik. Onsuz da bizim ölkəmizdə heç bir seçki partiya siyahısı ilə keçirilmir”.
Hərəkat lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı şəhərində kütləvi iğtişaşların təşkili ittihamı ilə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Haqları Məhkəməsi onun həbsini hüquq pozuntusu və siyasi motivli hesab edərək dərhal azad edilməsi haqda qərar çıxarıb. Strasburq Məhkəməsinin bu qərarı 2014-cü ilin mayında elan edilsə də, bu günə qədər yerinə yetirilməyib.