RATİ Azərbaycan hakimiyyətini İlham Təhməzovu dərhal azad etməyə çağırıb
Azərbaycanın hüquq-müdafiə təşkilatı – Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) bəyanatla çıxış edib və ölkə hakimiyyətini diffamasiyanı dekriminallaşdırmağa və hüquq müdafiəçisi İlham Təhməzovu (Aslanoğlu) dərhal azad etməyə çağırıb. Ötən həftə o, “təhqir” maddəsi ilə altı ay müddətinə azadlıqdan məhrum edilib.
- “Şəxsiyyət pozuntusudur deyib, dispanserə yolladılar”. LGBTI+ icması Azərbaycandakı problemlərini dilə gətirib
- Avropa Məhkəməsi növbəti dəfə Azərbaycan hökumətini cərimələyib
- “Yanımda kişi yoxdursa, bu mənim şəxsi seçimimdir”
Ötən həftə, 2022-ci il iyunun 9-da Yevlax rayon məhkəməsi İlham Təhməzovu AR cinayət məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilərək altı ay müddətində azadlıqdan məhrum edirb.
Hüquq müdafiə təşkilatının bəyanatında deyilir ki, cinayət təqibinə səbəb hüquq müdafiəçisinin “AzerFreedom” YouTube kanalına müsahibəsi zamanı 2017-ci ildə Tərtər işi çərçivəsində baş verən kütləvi işgəncələrlə bağlı səsləndirdiyi açıqlamalar olub.
“Tərtər işi” çərçivəsində 2017-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham edilən 200-dən çox hərbçi və mülki şəxs işgəncələrə məruz qalıb, onlardan 11 nəfəri işgəncələrdən ölüb.
“İlham Təxməzov Azərbaycanın Tərtər rayonunda baş verən kütləvi işgəncələrin araşdırılması çərçivəsində insan hüquqlarının müdafiəsi fəaliyyətinə görə ötən illər ərzində hakimiyyət tərəfindən sistematik təzyiqlərə məruz qalıb.
2019-cu ildə fikirlərinə və əqidəsinə görə saxta şikayət əsasında Azərbaycan Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilib, bu ilin yanvar ayında Azərbaycanın Tərtər rayonunda işgəncələrlə bağlı müsahibəsinə görə qondarma böhtan ittihamı ilə məhkum edilib”, – RATİ-nin bəyanatında deyilir.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun bəyanatında həmçinin qeyd olunur ki, Sson iki ilin monitorinqi Azərbaycan hakimiyyətinin həm jurnalistlərə, hüquq müdafiəçilərinə, həm də müxalif siyasətçilərə qarşı diffamasiya ilə bağlı qısamüddətli həbslər taktikasından istifadə etməyə başladığını göstərir.
“Tənqidçini 6 ay həbs edəndən sonra həbsdə ona qarşı mənəvi, psixoloji, bəzən də fiziki təzyiqlər başlayır ki, fəaliyyətini dayandırsın və ya hakimiyyətə münasibətdə daha güzəştli mövqe tutsun. Təzyiqlər tənqidçinin iradəsini qıra bilməsə, hakimiyyət diffmasiya ilə bağlı yeni saxta ittiham irəli sürür.
Bunun bariz nümunəsi kimi “Osmanqızı TV” “YouTube” kanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə görə bu ilin əvvəlindən iki dəfə diffamasiya maddələri ilə həbs edilən müxalif siyasətçi Əli Əliyevi göstərmək olar.
Bumerang TV “YouTube” kanalına müsahibəsində hakim Yeni Azərbaycan Partiyası haqqında söylədiyi fikirlərə görə həbsinin sonuncu ayında – altı ayda üçüncü dəfə Əli Əliyevə qarşı yeni diffamasiya iddiası qaldırılıb”.
“Avropa Şurasına daxil olduqdan sonra Azərbaycan hakimiyyəti dəfələrlə diffamasiyanı dekriminallaşdırmağı vəd edib, lakin tənqidçilərin diffamasiya xarakterli maddələrlə təqib olunması ilə bağlı çoxsaylı faktlar ölkəni getdikcə Avropa Şurasının standartlarından uzaqlaşdırır”, – deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov bildirib.
“Avropa Şurası tənqidçilərin siyasi motivli həbslərini daha yaxından izləməli və operativ reaksiya verməli və hakimiyyətdən Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn bütün dəyərlərə tam əməl etməyi tələb etməlidir”, – deyə Hüseynov fikrini tamamlayıb.
“RATİ Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçi (Marija Pejčinović Burić), Avropa Şurasının insan haqları üzrə komissarı Dünya Miyatoviçi (Dunja Mijatovic), Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şenaxı ( Stefan SCHENNACH ) və Yana Liidel-Qreyngeri (Ian LIDDELL-GRAINGER), AŞPA-nın mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçisi Mogens Yenseni (Mogens JENSEN) Azərbaycan hakimiyyətini tənqidi səslərin diffamasiya xarakterli cinayət təqibinə görə qınamağa və onları dərhal azad etməyə çağırmağa səsləyir.
RATİ Azərbaycan hakimiyyətini ölkədə jurnalistlərin və hüquq müdafiəçilərinin peşəkar fəaliyyəti üçün təhlükəsiz mühiti təmin etməyə və zəmanət verməyə, tənqidçilərə qarşı siyasi motivli təqibləri dayandırmağa, bütün vicdan məhbuslarını dərhal azadlığa buraxmağa və pozulmuş hüquqlarını tam bərpa etməyə çağırır”, – bəyanatda deyilir.