Ramzan Kadırov Kremlə niyə lazımdır
Çeçenistanda qanun pozuntuları və insan hüquq və azadlıqlarının boğulması o dərəcədə geniş miqyas alıb ki, artıq Kreml buna reaksiya verməyə başlayıb.
Rusiyada “Novaya qazeta yazır ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Kremllə müqavilənin prinsipial şərtini pozaraq, faktiki olaraq Çeçenistanı Rusiya qanunvericiliyi müstəvisindən çıxarıb və respublikanı öz fərdi nəzarəti altına keçirdiyi separatist rejimə çevirib. İndi də “Kadırovun “effektiv menecer kimi xidmətlərini inventarlaşdırmaq lazımdır.
“Novaya qazeta yazır ki, “Kremllə bağlanan bu müqavilənin əsas məqsədi Çeçenistanın tam loyallıq göstərməsi idi. Kadırovun qarşısında “iki əsas vəzifə qoyulmuşdu:
- çeçen separatist errorçu qüvvələri ilə mübarizə;
- respublikanın iki müharibə nəticəsində dağılan infrastruktur və iqtisadiyyatının bərpası.
Çeçenistan hakimiyyətinə misilsiz səlahiyyət və milyardlarla vəsait verilib.
Son zamanlara qədər Kreml müqavilənin yerinə yetirilməsini kifayət qədər yüksək qiymətləndirib. Amma mart ayında Çeçenistan başçısı Ramzan Kadırov Kremlə çağırıldı, burada ona “Kaqvkazski uzelin yazdığına görə , respublikanın “bütün həyat sahələrində Rusiya qanunlarına riayət etməklə bağlı tələb irəli sürülüb.
“Novaya qazetanın yazdığına görə, ən ciddi cəza “Nemtsovun qətlindən sonra Ramzan Kadırov Vladimir Putinlə əlaqələndirilməyəndən sonrakı “etimad böhranı oldu.
Bununla belə, “Kavkazski uzel yazır ki, əksər rusiyalı politoloqlar hesab edir ki, Kadırovu istefa təhlükəsi gözləmir. Niyə? Bu suala “Kavkazski uzelin bir neçə cavabı var.
Kadırovsuz Çeçenistanı necə idarə etmək olar?
“Olduğu kimi də qaldı [Kadırovla Putinin görüşündən sonra Çeçenistandakı vəziyyət]. Kreml respublikanı Kadırovsuz necə idarə edəcəyini və Çeçenistandakı vəziyyətin Şimali Qafqaza neqativ təsir etməməsi üçün nə etməli olduğunu bilmir. Söhbət Kadırovu sevib-sevməməkdən getmir. Sabah Ramzan idarə edə bilməsə, bu Putinin problemidir, – Moskvanın “Karneqi mərkəzinin elmi şura üzvü Aleksey Malaşenko deyir.
Onun fikrincə, Kadırov bundan istifadə edir və edəcək. Vəziyyət ancaq Kadırovun qeyri-etik və aqressiv davranışı halında dəyişə bilər ki, bunu da gözləməyə dəyməz, Malaşenko deyir.
Kreml çətin ki, Kadırovu Çeçenistan rəhbəri vəzifəsindən azad etsin, çünki onun arxasınca da respublika başçısının bütün komandasını çıxarmalı olacaq, politoloq Dmitri Oreşkin belə düşünür.
“Xeyirdən xeyir gözləməyə dəyməz – Kadırov seçkilərdə ağlasığmaz nəticələr göstərməklə tam loyallığını açıq şəkildə nümayiş etdirir… Bəli, iş görülüb… amma bu, “mavr işini görüb, mavr artıq gedə bilər vəziyyəti deyil: bəs kim nəzarət edəcək? Qurulan rejim məhz Kadırov üçün qurulub. Bir başqası gəlib, islahatlar etməyə cəhd etsə, sistem dağılacaq, – Oreşkin “Kavkazski uzelə deyib.
O əmindir ki, Kadırov Kremlə sərf edir və onun gedişi ancaq Putinin gedişi zamanı mümkündür.
Qanundan kənar
Bir müddət əvvəl Kadırov açıq şəkildə içkili sürücüləri “belində mina olan kamikadzelərlə müqayisə etdi və respublikadakı narkomanları güllələməyi əmr etdi. Sonradan Çeçenistan prokuroru bildirdi ki, Kadırovun sözləri “konteksdən çıxarılıb.
Amma politoloq Dmitri Oreşkin hesab edir ki, bu cür bəyanatlar respublikada “mafiyaya oxşar nəyinsə yarandığını göstərir.
“Böyük dövlət mafiyadan onunla fərqlənir ki, orada yazılmış qanunlar var; pis və ya yaxşı başqa məsələdir, amma onlar formal bir sədd yaradırlar: bu olar, bu olmaz. Ümumiyyətlə mən şübhə belə etmirəm ki, Kadırov bilir ki, ölkədə insanları güllələmək olmaz. Amma burada söhbət dövlətdən gedir, Kadırov isə öz respublikasını mafiyaya oxşar nəyəsə çevirib, burada da qanun “paxanın sözüdür. Bu gün belə rahatdır, sabah başqa cür və təbii ki, hüquqların qorunmasına da heç bir zəmanət yoxdur, – Oreşkin deyir.
“Xalqın iradəsi yoxdur, sərkərdənin iradəsi var… O, artıq bir neçə funksiyanı – icraedici, qanunverici, məhkəmə və media hakimiyyətlərini özününkiləşdirib. Bundan başqa, o həm də baş komandan, dini hakimiyyətdir.
Çeçenistandan köçən mühacirlər qəti şəkildə vətənlərinə qayıtmaq istəmirlər
Yerli sakinlərin Çeçenistanı tərk etmək istəyi təbiidir, Aleksey Malaşenko belə hesab edir.
“Çeçenlər, xüsusən də gənc nəsil iki tərəfə meyl edirlər. Onlar bir tərəfdən azad, yəni Ramzanın nəzarəti altında olmadan yaşamaq istəyir, digər tərəfdən də Kadırovdan zəmanət istəyirlər ki, kimsə onları incitsə, onlara qahmar çıxacaq, – Malaşenko deyir.
Avropaya mühacirət edən çeçenlər qayıtmaq da istəmir, amma orada da problemlər yaradırlar, o deyir.
“Doxsanıncı illərdə Avropadan olan nümayəndə heyətləri mənə “Çeçenlər kimdir? – sualını verirdilər. İndi sual dəyişib: “Onlarla necə yola getmək olar?. Düşünürəm ki, gənc nəsil uyğunlaşacaq, amma proses ağrılı keçəcək: bunun üçün öz mentalitetindən imtina etmək lazımdır. İsveç və Norveçdə özünü Qroznı, Arqun və hətta Moskvadakı kimi aparmaq olmaz. Bununla belə, hələ ki çeçenlər uyğunlaşmır və ya uyğunlaşmaq istəmirlər (Avropa ölkələrinin qayda-qanunlarına), – Malaşenko deyir.
Kadırov və ətrafı sovet xüsusi xidmət orqanları prinsipi ilə yaşayır, adının hallanmasını istəməyən respublika DİN-nin fəaliyyətdə olan əməkdaşı deyir.
“Bu, “akvarium pinsipidir, bu zaman şəxsən Kadırova, onun qohumlarına və yaxın ətrafına aid olan hər şey məhdud məkanın sərhədlərindən kənara çıxmır… Onun çoxlu sayda, o cümlədən də qanlı düşmənləri var. Kadırovun mövqeyi azacıq da olsa zəifləyən kimi bu, mütləq özünü göstərəcək. Daimi təhqirlər, alçaltma… – heç kim üçün sirr deyil və bunları da unutmaq olmaz. Hələlik Ramzan hər şeyi idarə edir, amma gec və ya tez vəziyyət onun nəzarəti altından çıxacaq. Bu, qaçılmazdır, onda da tamamilə gözlənilməz hadisələr baş verə bilər, – o “Kavkazski uzelə bildirib.
JAMnews-un məlumatı:
- Ramzan Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir
- 18 sentyabr 2016-cı ildə baş tutan respublika başçısı seçkilərinin rəsmi nəticələrinə görə, o üçüncü müddətə seçildi
- Ondan əvvəl respublikaya 2004-cü ildə qətlə yetirilən atası Əhməd Kadırov başçılıq edirdi.
Dərc olunub 10.10.2016