Rəy: "İrandan mümkün qaçqın axını Ermənistan üçün əsas çətinlikdir"
İrandakı müharibənin Ermənistana təsiri
ABŞ və İsrailin İranda birgə hərbi əməliyyatı üçüncü gündür davam edir. Nəticədə İranın ali dini lideri ayətullah Əli Xamenei həlak olub. Donald Tramp bildirib ki, “bir zərbə ilə 48 iranlı lider zərərsizləşdirilib”. Onların arasında müdafiə və silahlı qüvvələrə dəstək naziri, eləcə də Silahlı Qüvvələrin Baş Qərargah rəisi də var. Cavab olaraq İran İsrail ərazisinə raketlər atıb və ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən 14 hərbi bazasına hücum edib.
ABŞ prezidenti həmçinin bəyan edib ki, İrana qarşı müharibə dörd həftə davam edə bilər. Eyni zamanda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, ölkəsi ABŞ-la danışıqlar aparmayacaq. O vurğulayıb ki, hərbi əməliyyatlara İran silahlı qüvvələri başlamayıb.
Qonşu ölkədə baş verən hadisələr Ermənistanda narahatlıq doğurur. Mümkün risklərin idarə olunması üçün işçi qrup yaradılıb. Bir gün əvvəl baş nazirin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı aparıb. İranın Ermənistandakı səfirliyindən bildirilib ki, Yerevan “Ali liderin, İran vətəndaşlarının, qadın və uşaqların həlak olması ilə bağlı başsağlığı verib”.
Səfirliyin məlumatında deyilir: “Ararat Mirzoyan yaranmış şəraitdə Ermənistanın hər cür zəruri humanitar yardım göstərməyə hazır olduğunu bəyan edib və vəziyyətin diplomatik yolla tənzimlənəcəyinə ümid ifadə edib”.
Politoloq Robert Gevondyanın fikrincə, Ermənistan hazırkı mövqeyinə sadiq qalmalıdır. O, JAMnews-a müsahibəsində vurğulayıb ki, Ermənistan başsağlığı ifadə edib, lakin “siyasi mövqeyini” açıqlamayıb:
“Bu, Ermənistanın istifadə etdiyi neytrallıq imkanındır. Hazırda bu, mümkün olan ən yaxşı variantdır”, – deyə o qeyd edib.
Gevondyan həmçinin İran ətrafında hadisələrin mümkün inkişaf ssenarilərindən və onların Ermənistana təsirindən danışıb.
Dərc olunduğu ana qədər məlum olanlar və politoloqun şərhi.
- Rəy: İran niyə müttəfiqləri Rusiya və Çinin yardımına arxalanmamalıdır
- “Ermənistana səfər qonşu ölkələrə prioritet səfərlərin davamıdır” — İran prezidenti
- Azərbaycan 5 ildir bağlı qalan sərhədləri üçün istisna tətbiq edir
Ermənistan və İran XİN başçılarının telefon danışığı: iki fərqli açıqlama
Xarici işlər nazirinin iranlı həmkarı ilə telefon danışığında Əraqçi bildirib ki, İran “tammiqyaslı müharibəyə” cəlb olunub. İranın səfirliyinin məlumatına görə, o, ABŞ-nin əməliyyatını “qanunsuz və əsassız təcavüz” kimi qiymətləndirib.
“İran İslam Respublikası bu yolverilməz təcavüzə cavab olaraq işğal olunmuş ərazilərə və regiondakı Amerika hərbi bazalarına zərbə endirib. İran özünümüdafiəni lazım olduğu qədər davam etdirməyə, həmçinin liderinin ölümünün qisasını almağa hazırdır”, – deyə o bildirib.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında isə Əraqçinin bu bəyanatına toxunulmur. Açıqlama ümumilikdə daha az məlumatlıdır. Bildirilir ki, Yaxın Şərqdəki vəziyyət və humanitar məsələlər müzakirə olunub:
“Mirzoyan İranda həlak olanların ailələrinə başsağlığı verib, gərginliyin azaldılmasının və vəziyyətin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb”.
Yerevan “sülhün tezliklə bərqərar olmasının” tərəfdarıdır
Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkiana başsağlığı teleqramı ünvanlayıb.
“Biz İslam İnqilabının Ali Lideri Əli Xameneinin Ermənistan-İran münasibətlərinin inkişafında şəxsi rolunu hər zaman xatırlayacağıq”, – deyə teleqramda bildirilir.
Paşinyan qeyd edib ki, Ermənistanda İran ətrafında baş verən hadisələrin inkişafı böyük narahatlıqla izlənilir:
“Bu çətin dövrdə biz Yaxın Şərqdə sülhün və sabitliyin tezliklə bərqərar olacağına ümid edirik”.
Fevralın 28-də, əməliyyatın başladığı gün Ermənistan Təhlükəsizlik Şurası Yaxın Şərqdəki vəziyyətin müzakirə olunduğu müşavirənin keçirildiyini bildirib. Martın 1-də Təhlükəsizlik Şurasının iclasında Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristin Qriqoryan İran ətrafında və Yaxın Şərqdə baş verən hadisələrlə bağlı məruzə təqdim edib. “İclasın yekunlarına əsasən baş nazir zəruri tapşırıqlar verib. İclas iştirakçıları ağrılı hadisələrlə bağlı dərin təəssüf hisslərini ifadə edib, qurbanların yaxınlarına başsağlığı verib və sülhün tezliklə bərqərar olunmasının vacibliyini vurğulayıblar”, – deyə Təhlükəsizlik Şurasının məlumatında bildirilir.
Həlak olanlar arasında Ermənistan vətəndaşlarının olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur
Bu günlər ərzində Ermənistan Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki vəziyyətin bütün diplomatik nümayəndəliklər tərəfindən izlənildiyini və monitorinqin davam etdiriləcəyini bildirib. Qurum həmçinin İran, İsrail və Yaxın Şərq ölkələrindəki erməni diplomatik nümayəndəliklərinin əlaqə məlumatlarını təqdim edib.
XİN-dən bildirilib ki, İran və İsraildəki Ermənistan səfirlikləri və konsulluq şöbələri gecə-gündüz fəaliyyət göstərir. Lakin qeyd olunub ki, Ermənistan vətəndaşlarından çox sayda müraciət daxil olmayıb.
Nazirlikdə hələlik həlak olanlar arasında Ermənistan vətəndaşlarının olub-olmaması ilə bağlı məlumat yoxdur.
Bundan əlavə, reyslərin ləğvi səbəbindən Yaxın Şərq ölkələrində qalan vətəndaşların geri qaytarılması üçün hökumətin addımlar atdığı bildirilir. Çox güman ki, onların qayıdışı hava yolu ilə təşkil olunacaq. Bu, xüsusilə hazırda BƏƏ-də olanlara aiddir.
“Reys təşkil ediləcəyi təqdirdə, üstünlük qadınlara, uşaqlara və yaşlılara veriləcək”, – deyə uçuşu gözləyənlərə xəbərdarlıq edilib.
Şərh
Politoloq Robert Gevondyanın fikrincə, ABŞ-ın məqsədi İranda nüvə silahının yaranmasının qarşısını almaq deyil, teokratiyanı aradan qaldırmaqdır:
“Rejim dəyişikliyi Çinə ucuz neft satışının qarşısını almağa, həmçinin digər resurslarla bağlı bəzi problemləri həll etməyə imkan verəcək”.
O hesab edir ki, hadisələrin inkişafı üçün iki ssenari mümkündür:
- “İranın dini liderləri hakimiyyəti saxlaya bilərlər və ən azı bu mərhələdə ABŞ və İsrail rejim dəyişikliyi məqsədindən imtina edərlər,
- hakimiyyəti saxlaya bilməzlər və İranda rejim dəyişikliyi baş verər”.
Gevondyanın qənaətinə görə, hər iki ssenari Ermənistana təsir göstərəcək.
Rejim dəyişikliyi baş verərsə, Ermənistan “daha çox qazanacaq”. !onşu ölkə demokratikləşəcək ki, bu da dünya ilə əlaqələr baxımından əlavə imkanlar yaradacaq:
“Əlbəttə, əgər rejim dəyişikliyindən sonra daha pis nəticələr qeydə alınmazsa. Gəlin fərz edək ki, daha bir diktatura formalaşmayacaq, baxmayaraq ki, mənim fikrimcə, bu, az ehtimallıdır”.
İkinci ssenariyə görə, rejim dəyişikliyi baş verməzsə, Ermənistan indiyədək olduğu kimi İranla münasibətləri davam etdirəcək. O xatırladır ki, İran Ermənistan üçün tərəfdaş və dost ölkədir və belə də qalacaq.
Politoloqun fikrincə, Ermənistan üçün əsas problem böyük qaçqın axını ola bilər.
Onun sözlərinə görə, söhbət iranlı ermənilərdən deyil, İrandan olan qaçqınların axınından gedir:
“Dörd həftə [Trampın açıqladığı müddət] uzun zamandır. Çox güman ki, Ermənistan qaçqın axını ilə üzləşəcək. Burada dövlətin dayanıqlığı, sabitlik və idarəetmə ilə bağlı problemlər var. Ermənistanın bu məsələnin öhdəsindən necə gələcəyini görəcəyik”.
O, münaqişə davam edəcəyi təqdirdə Ermənistanın ciddi iqtisadi problemlərlə də üzləşə biləcəyini istisna etməyib.
“İrandan Ermənistana yükdaşımalar artıq dayanıb. Yüklər Türkmənistanda və BƏƏ-də qalıb. Onların yaxın günlərdə İran ərazisindən keçərək Ermənistana çatdırılması gözlənilirdi. Bu yüklər artıq daxil ola bilməyəcək. Müharibə davam etdiyi müddətdə onlar çatmayacaq. Sanksiyalar səbəbindən malların Rusiya üzərindən çatdırılması da mümkün olmayacaq. İqtisadi problemlər dərinləşəcək”.
Analitik xatırladıb ki, Yerevan və Tehran “Qaz əvəzində elektrik enerjisi” proqramı çərçivəsində də əməkdaşlıq edir. Münaqişə aylarla davam edərsə, bu proqram üzrə də fasilələr yarana bilər.
“Mən Ermənistan ərazisinə zərbələr endiriləcəyini, Ermənistanın hansısa proseslərə cəlb olunacağını, digər aktorlar, məsələn, Azərbaycan tərəfindən problemlərin yaranacağını gözləmirəm”, – deyə Robert Gevondyan bildirib.
Yaxın Şərq ölkələrindən Ermənistana reyslərin ləğvinin nəticələrinə gəlincə, o qeyd edib ki, bu proses təkcə turizm axınına deyil, iqtisadi proseslərə də zərər vuracaq:
“Xeyli həcmdə mallar, o cümlədən Avropa ölkələrindən və Cənubi Amerikadan Ermənistana hava yolu ilə Yaxın Şərq ölkələri üzərindən çatdırılır. Onlar Qətər və BƏƏ-dən müvafiq reyslərlə daşınır. Hazırda bu reyslər dayandırılıb. Bu isə o deməkdir ki, erməni şirkətləri alternativ yollar axtarmalıdır. Nəticədə həmin malların çatdırılması xeyli baha başa gələcək. Münaqişə uzanarsa, bu fonda müəyyən mallar üzrə qiymət artımı müşahidə oluna bilər”.
İrandakı müharibənin Ermənistana təsiri