Rəy: "Tofiq Yaqublu aclıq aksiyası ilə beynəlxalq ictimaiyyəti Azərbaycana diqqət yetirməyə çağırır"
Rəy: Tofiq Yaqublunun aclıq aksiyası vacibdir
Azərbaycanlı hüquq müdafiəçisi Fuad Əhmədli siyasətçi Tofiq Yaqublunun aclıq aksiyasını dəstəkləyir və beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün bunun vacib olduğunu düşünür.
Milli Şuranın koordinasiya mərkəzinin və Müsavat partiyasının üzvü Tofiq Yaqublu Azərbaycan müxalifətinin liderlərindən biri və İlham Əliyevin sərt tənqidçisi kimi tanınır. Siyasi fəaliyyətinə və tənqidlərinə görə o və ailə üzvləri dəfələrlə təqiblərlə, təyziqlərlə və işgəncələrlə üzləşib.
Həbsləri beynəlxalq ictimaiyyət tərəfindən siyasi motivli hesab olunub, özü isə siyasi məhbus olaraq tanınıb.
Sonuncu dəfə vətəndaş cəmiyyətinə qarşı basqılar çərçivəsində 2023-cü ilin dekabrın 14-də həbs edilib.
“Dələduzluq və saxta sənəd hazırlayıb satmaqda” ittiham olunan Yaqublu barəsində bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi 9 il azadlıqdan məhrum etmə cəzası seçib.
“Tələbim yerinə yetirilməyənədək aclıq aksiyasını dayandırmayacağam. Həbsxanadan ancaq mənim ölüm çıxacaq. Çünki bu aclıq aksiyasında sona qədər davam edəcəyəm. Nə vaxt ölərəm, onda da bu aclıq aksiyası bitər. Necə ki, Maqnitski aktı var, eləcə də qoy Yaqublu aktı olsun. Bəlkə mənim ölümüm bu ölkəyə azadlıq gətirər. Həbsxanadan 75 yaşında çıxmaqdansa, ölümü seçirəm”.
Məhkəmədəki son sözündə siyasətçi bildirir ki, aclıq aksiyasına aprelin 1-dən başlayacaq.
Məhkəmə qərarını saxta hesab edən Yaqublu azadlığa buraxılmayana qədər aclığı davam etdirəcəyini bildirir.
“Sivil dünyanın prioritetində Azərbaycan və insan haqları məsələsi yoxdur”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, keçmiş siyasi məhbus və hüquq müdafiəçisi Fuad Əhmədli Tofiq Yaqublunun aclıq aksiyasının nə ilə nəticələnə biləcəyi barədə “JAMnews”a danışıb.
“Ötən illərlə nisbətdə Azərbaycan hakimiyyətinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) və ümumilikdə mütərəqqi dünyaya münasibəti əsaslı şəkildə dəyişib. Qanunsuz həbslər və işgəncə metodlarıyla mübarizə məsələsində təzyiq və nəzarət elementi sayıla biləcək beynəlxalq mətbuat orqanları nümayəndəliklərinin akreditasiyaları əsassız yerə ləğv edilib, ölkə daxilindəki müstəqil mətbuat nümayəndələri, jurnalistlər heç bir hüquqi əsası olmadan həbs olunub, həmin internet resurslarına girişlər məhdudlaşdırılıb.
- Strasburq Məhkəməsi azərbaycanlı müxalifətçilərin şikayətlərini təmin edib
- Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb
Sivil dünyanın aparıcı ölkələrinin rəhbərləri və rəsmilərinin isə hələlik prioritetində Azərbaycan və insan haqları məsələsinin olmadığı görünür. Belə olan təqdirdə mümkün və məqbul müqavimət vasitələrindən əldə olan sadəcə aclıq aksiyası kimi riskli, amma, mümkün olanı qalır. Tofiq bəy kimi bir insanın sərt və despot sistem tərəfindən bu qədər həyati təhlükəyə təhrik edilməsini görmək əlbəttə ki, çox üzücüdür. Dəstəkləmək və unutdurmamaq isə vacibdir.
“Daha əvvəl siyasi məhbus Səbuhi Səlimovun, ondan əvvəlsə, Faina Kunqurovanın aclıq aksiyalarında həyatlarını itirdiyini görmüşdük”
Əlbəttə ki, ən qorxulu və mümkün ehtimal Tofiq bəyin daha əvvəl həyata keçirdiyi aclıq aksiyalarındakı kimi yenə də geri addım atmayacağıdır. Aylar, bəlkə də həftələr sonra daha üzücü xəbərlər də eşidə bilərik. Lakin, bu dirənişin belə bir fazaya keçəcəyi, Tofiq bəyin ölümünün gerçəkləşəcəyi halda, beynəlxalq insan haqları təsisatlarının uzunmüddətli susqunluqdan sonra hərəkətə gələcəyinə ümid edə bilərik.
Beynəlxalq Qızıl Xaç Komitəsi uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərir. Prinsipiallığı və obyektivliyi daha əvvəl ölkədən çıxarılmış digər təşkilatlar qədər olmadığı üçün günümüzə qədər qalmağı bacarmışdılar.
Görünür, Azərbaycan hakimiyyəti şərtləri bir qədər də sərtləşdirməyə qərar verib. Artıq Bakı hakimiyyətlə razılaşma və “uyğunlaşma” formasından asılı olmayaraq miqyası beynəlxalq, istiqamət növləri arasında “insan haqları” ifadəsi olan heç bir qurumu ölkədə görmək istəmir.
Tofiq Yaqublunun aclığı ölümlə nəticələnərsə, yaranmış bu nümunənin siyasi məhbuslara təsirini proqnozlaşdırmaq bu baxımdan bir qədər çətindir. Təki hər şey yaxşı olsun.
Tofiq bəyin həyatda və sağlam olması şəxsən mənim üçün azadlıqda olmasından da vacibdir. Lakin, daha əvvəllər siyasi məhbus Səbuhi Səlimovun, ondan əvvəlsə, Faina Kunqurovanın aclıq aksiyalarında həyatlarını itirdiyini görmüşdük. Mühitin passiv, cəmiyyətdən reaksiyanın zəif, beynəlxalq təpkilərin yox səviyyəsində olması repressiya maşınının qısamüddətli pəhrizdən sonra təkrar və daha da sərt hərəkətə keçməsinə səbəb olmuşdu. Ölkə həmin ölkə, cəmiyyət həmin cəmiyyət, rejim də həmin rejimdir. Nəyi nə qədər fərqli proqnozlaşdırmaq imkanımız var?”
Kontekst
Tofiq Yaqublu birinci dəfə 1998-ci il prezident seçkilərindən əvvəl, 12 sentyabr 1998-ci ildə Fəvvavələr meydanında baş tutan müxalifətin mitinqində həbs edilib. İstintaq müddətində həbsdə saxlanılıb, sonda Nizami Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb. Yaqublu bu ittihamın saxta olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.
Daha sonra o, 2013-cü ilin fevralında İsmayıllı rayonunda baş vermiş etirazlar əsas göstərilərək Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri əsas göstərilərək həbs edilib. Yaqublu Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən həbsi sərt tənqid edilib.
Həbsdə olduğu müddətdə qızı Nərgiz Yaqublu vəfat edib.
2016-cı ilin martından əfv sərəncamı ilə azadlığa buraxılıb.
2020-ci ilin martından isə siyasətçi Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi əsas göstərilərək həbs edilib. Hüquq müdafiəçilərinin əsassız və qurama adlandırdığı cinayət işinin istintaqının sonunda Tofiq Yaqublu Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 2-dən etibarən ölüm aclığına başlayan Yaqublu qərarın elan edilməsindən 16 gün sonra, sentyabrın 18-də ev dustaqlığına buraxılıb.
Son olaraq o, vətəndaş cəmiyyətinə qarşı təşkil olunmuş həbslər dalğası zamanı, 2023-cü il dekabrın 14-də həbs edilib. Bu dəfə onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Bu həbsi də beynəlxalq ictimaiyyət tərəfindən siyasi motivli hesab olunub.
Hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılır.