Rəy: Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası Rusiya Federasiyasının maraqlarını təmsil edəcək
Samvel Karapetyanın Ermənistanda seçkilərdə iştirakı
2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərində Rusiya vətəndaşı olan dollar milyarderi Samvel Karapetyanın partiyası da iştirak edəcək. Biznesmen hakimiyyəti zorla ələ keçirməyə çağırış ittihamı ilə Ermənistanda həbs olunduqdan sonra tərəfdarları onun dəstəyinə hərəkat yaradıb. Həmin hərəkat “Öz üsulumuzla” adlandırılıb.
Bu ifadəni Samvel Karapetyanın özü hakimiyyətlə kilsə arasında gərginləşən münasibətlərdən danışarkən işlədib. O bildirib: “Əgər Ermənistanın siyasi qüvvələri bu vəziyyətin öhdəsindən gələ bilməsələr, biz kilsəyə qarşı kampaniyaya öz üsulumuzla müdaxilə etməli olacağıq”. Bu yaxınlarda hərəkatın üzvləri “Güclü Ermənistan” adlı partiyanı rəsmi qeydiyyatdan keçiriblər.
Partiyanın baş nazir postuna namizədi fevralın 12-də təsis qurultayı zamanı rəsmi şəkildə elan ediləcək. Hələlik təsdiqlənməmiş məlumatlara görə, bu vəzifəyə biznesmenin 35 yaşlı qardaşı oğlu Narek Karapetyan namizəd olacaq. O, indiyədək “Öz üsulumuzla” hərəkatının fəaliyyətini koordinasiya edib.
Politoloq Robert Gevondyanın fikrincə, “Güclü Ermənistan” Rusiyanın, rusiyapərəst erməni siyasətçilərin və seçicilərin dəstəyinə ümid edir.
Onun qənaətinə görə, Karapetyanlar tərəfindən yaradılan partiya yeni parlamentdə “əsas institusional müxalifətə” çevriləcək. Politoloqun sözlərinə görə, bu siyasi qüvvə, şübhəsiz ki, Rusiyanın maraqlarını təmsil edəcək. Bu mənada, 2021-2026-cı illərdə “Ermənistan” fraksiyasının yerinə yetirdiyi rolu üzərinə götürəcək. Həmin fraksiyanın lideri sabiq prezident Robert Koçaryandır.
“Yəqin ki, artıq indidən partiyanın adını ideologiyasına uyğunlaşdırmaq və dövlət reyestrində onu “Güclü Rusiya Ermənistanı” kimi dəyişmək olar. Heç olmasa, bu daha dürüst olardı”, – deyə politoloq hesab edir.
Erməni və rusiyalı biznesmen Samvel Karapetyan Rusiyada yaşamış və hazırda Ermənistanda həbsdə olarkən 2025-ci ilin iyulunda siyasi qüvvə yaratmaq niyyətini açıqlayıb. Hakim “Vətəndaş Müqaviləsi” partiyasından buna cavab olaraq bildirilib ki, “yeni qüvvənin” yaradılması onları qorxutmur, lakin “Rusiya vətəndaşının Ermənistanın daxili siyasi həyatına müdaxilə etməsi narahatlıq doğurur”.
Karapetyan ilkin mərhələdə “ideya baxımından yaxın olanlarla” əməkdaşlığı istisna etmirdi. Lideri sabiq prezident Serj Sarqsyan olan “Şərəfim var” parlament fraksiyası Samvel Karapetyanı özlərinə yaxın hesab etdiyini bildirib. Sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyası isə onun siyasi mübarizəyə qoşulmaq niyyətini alqışlayıb.
Bu yaxınlarda Koçaryan iri seçki bloklarının formalaşdırılmasından danışıb. Lakin mümkün koalisiya iştirakçılarının adlarını çəkməyib. Yalnız onu qeyd edib ki, blok yaradılacağı təqdirdə vahid namizəd sosial sorğuların nəticələrinə əsasən ən çox səs toplayan şəxs olacaq.
Bununla yanaşı, “Öz üsulumuzla” hərəkatının koordinatoru Narek Karapetyan artıq bəyan edib ki, onlar Ermənistana keçmiş liderlərdən hər hansı birinin rəhbərlik etməsinə qarşıdırlar. Yeni siyasi partiyada hesab edirlər ki, “cəmiyyəti birləşdirmək üçün yeni liderə ehtiyac var”.
- “Moskva Ermənistanda ‘İvanişvili 2.0’ əməliyyatını həyata keçirməyə çalışır” – erməni analitik
- “Paşinyanın hakimiyyətdə qalmaq şansı yoxdur, biz seçkilərdə fəal olacağıq” — Ermənistanın sabiq prezidenti
- “Güc tətbiqinə bəraət qazandırmaq cəhdi”: Ermənistanda Solovyovun bəyanatına reaksiya
“Əsas problem iqtisadiyyatdır”
“Öz üsulumuzla” hərəkatının koordinatoru Narek Karapetyan yeni siyasi qüvvənin baxışlarını, Ermənistanın bundan sonra necə inkişaf etməli olduğunu ictimaiyyətə təqdim edib.
“O gün açıq şəkildə görürük ki, Ermənistan tarixində ilk dəfə olaraq bizə iqtisadi liderlər lazımdır, çünki ölkəmizin əsas problemi iqtisadiyyatdır”.
Karapetyan iqtisadçıdır və ictimai çıxışlarında və müsahibələrində adətən daxili və xarici siyasət məsələlərindən yayınmağa çalışır.
Lakin jurnalistlərin təzyiqi altında o, xüsusilə Rusiyanın himayəsi altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına münasibət barədə danışmalı olub. Ermənistanın hazırkı hakimiyyəti bu qurumdakı üzvlüyünü dondurub, çünki müttəfiqlər Azərbaycan Silahlı Qüvvələri ölkənin suveren ərazisinə daxil olduğu zaman Ermənistanın müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirməyiblər. Narek Karapetyan bildirib ki, əgər “Güclü Ermənistan” hakimiyyətə gələrsə, danışıqlar aparacaq və “üzv dövlətlərin Azərbaycana təzyiq göstərərək qoşunlarını Ermənistanın işğal olunmuş ərazilərindən çıxarmasına nail olacaqlar”.
O, partiyanın seçkiöncəsi mərhələdə keçmiş prezidentlərin komandaları ilə əməkdaşlıq etməyəcəyini açıqlayıb, lakin seçkilərdən sonrakı mərhələ ilə bağlı heç nə deməyib. Bununla yanaşı, “təmiz əlləri olan” peşəkarlarla işləməyə hazır olduğunu bildirib.
Bu vaxta qədər Karapetyanlar ailəsindən ölkənin siyasi həyatında yalnız Samvel Karapetyanın qardaşı Karen Karapetyan iştirak edib. O, Serj Sarqsyanın hakimiyyəti dövründə prezident administrasiyasının rəhbəri olub, onun partiyasının üzvü və parlament deputatı kimi fəaliyyət göstərib.
Şərh
Politoloq Robert Gevondyan qeyd edir ki, qarşıdan gələn parlament seçkilərində çoxsaylı siyasi qüvvələr iştirak etmək niyyətindədir. Onlardan bir qismi bununla sadəcə öz mövcudluğunu nümayiş etdirmək, digərləri isə heç olmasa müəyyən sayda mandat qazanmaq ümidi daşıyır. Onun fikrincə, hakim partiyaya real rəqabət yaratmağa cəhd göstərəcək qüvvə “Güclü Ermənistan” olacaq.
“Bu siyasi qüvvə hazırda Rusiyaya yönəlmiş oyunçulara və onların elektoratına arxalanır. Əgər 2021-ci ildə həmin oyunçular və seçicilər üçün ümid Robert Koçaryanın lideri olduğu “Ermənistan” bloku idisə, indi onların böyük əksəriyyəti mövcud hakimiyyətin siyasətinə alternativi, Rusiya maraqlarına uyğun xətti erməni əsilli rusiyalı oliqarx Samvel Karapetyanda görür”.
Bununla yanaşı, analitik xatırladır ki, Samvel Karapetyan seçkilərdə iştirak edə bilməz, çünki “Ermənistanda daimi yaşayış şərtinə cavab vermir”.
Gevondyan hesab edir ki, yeni siyasi qüvvə Gürcüstanda Bidzina İvanişvilinin həyata keçirdiyi modelə bənzər kölgə idarəetmə modelini seçə bilər.
“Bu, Ermənistan Konstitusiyasının pozulması olsa da, görünür, bu mövqedən çıxış edən siyasətçiləri o qədər də narahat etmir”, – deyə o bildirib.
“Güclü Ermənistan”ın ideologiyasını şərh edən ekspert vurğulayıb ki, partiya ölkə daxilində yeni iqtisadi layihələrin Rusiya və ya Rusiya kapitalı vasitəsilə həyata keçirilməsini, xarici siyasətdə isə Rusiya ilə münasibətlərin fəallaşdırılmasını təklif edir.
“Başqa sözlə, bunu Rusiyanın qucağına qayıdış adlandırmaq olar. Bu yanaşma təəccüblü deyil, çünki erməni cəmiyyətinin kiçik bir hissəsi belə mövqeni dəstəkləyir və bu siyasi qüvvənin nümayəndələri onların səslərini qazanmağa çalışırlar”.
Bundan əlavə, onun sözlərinə görə, “Güclü Ermənistan” partiyası Rusiyadakı müəyyən dairələrdən resurslar şəklində dəstək gözləyir.
Robert Gevondyan bildirir ki, partiyanın 300 min yeni iş yeri yaratmaq vədini necə reallaşdıracağı aydın deyil.
“İlk baxışdan bu təklif bir vaxtlar SSRİ-nin dağılmasına gətirib çıxaran planlı iqtisadiyyat modelini xatırladır. Azad bazar şəraitində investisiyaların cəlb olunmasına gəlincə isə, Ermənistan hazırda məhz bu model üzrə irəliləyir. 2018-2025-ci illərdə bu yolla iş yerlərinin sayı təxminən 275 min artıb”.
Analitik nəticə olaraq qeyd edir ki, söhbət “investisiya olunmuş kapitalın Rusiya aktivləri ilə əvəzlənməsindən” gedir və Rusiyanın hazırkı vəziyyəti nəzərə alınarsa, bunun real olacağı inandırıcı görünmür.
Samvel Karapetyanın Ermənistanda seçkilərdə iştirakı