Rəy: "Oğurlamaq, sui-qəsdə məruz qoymaq və qətlə yetirmək, İlham Əliyev rəqiblərinə qarşı bunların hər birini həyata keçirə bilər”
Mühacirətdə olan azərbaycanlı bloggerlər üçün təhlükə
Mühacirətdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlı və hüquqşünas Səməd Rəhimli xaricdə yaşayan bir neçə azərbaycanlı bloqerə qarşı Azərbaycanda açılan cinayət işini böyük təhlükə kimi qiymətləndirir.
Martın 18-də Azərbaycanın Baş Prokurorluğu Qabil Məmmədovu, Elşad Məmmədovu, Məhəmməd Mirzəlini və Qurban Məmmədovu terrorizmə çağırışda, konstitusiya quruluşunu zorakılıqla dəyişdirməkdə, hakimiyyəti ələ keçirmədə və kütləvi iğtişaşlarda, habelə digər cinayətlərdə ittiham edərək, onları Bakı İstintaq İdarəsinə ifadə verməyə çağırıb.
Qabil Məmmədov həmin gün feysbuk sosial şəbəkəsində yazaraq ittihamları uydurma adlandırıb və “əvvəllər Almaniya Ali Məhkəməsində müvafiq cinayət işinin ləğv edildiyini” bildirib.
“Bu ittihamların yenidən gündəmə gəlməsi İlham Əliyevin yeni kansleri təbrik etmək metodudur “, – Məmmədov belə yazıb.
Milli Məclisin deputatı, İnsan Hüquqları Komitəsinin üzvü Elman Nəsirov martın 21-də Pravda.az-a müsahibəsində bloqerlərin hazırda yaşadıqları ölkələr tərəfindən Azərbaycana ekstradisiya ediləcəyinə əmin olduğunu bildirib, “çünki onlara qarşı irəli sürülən ittihamlar arasında terror var və bu, Avropa üçün də ciddi təhlükədir ”.
Cavabında Əfqan Muxtarlı xatırladır ki, Nəsirov 2017-ci ildə həbs olunmazdan əvvəl Muxtarlı ilə bağlı eyni açıqlamaları vermişdi.
“Azərbaycanlı siyasi mühacirlərin – bloqerlərin və digərlərinin həyatı təhlükədədir, çünki Azərbaycan hakimiyyəti öz rəqiblərini ovlamaq üçün heç nədən əl çəkməyəcək”, – deyə Muxtarlı “JAMnews”a bildirib.
Əfqan Muxtarlı Azərbaycan hakimiyyətini sərt tənqid etməsi ilə tanınır və 2014-cü ildə Azərbaycandakı təqiblərə görə Gürcüstana köçmüşdü. 2017-ci ilin mayında Muxtarlı Tbilisinin tam mərkəzində oğurlanaraq başına torba keçirilib və Azərbaycana aparılıb.
Orada o, sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət orqanlarına tabe olmamaq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin üç il sonra, 2020-ci ilin martında o, qəfildən azad edildi və xüsusi təyyarə ilə Almaniyaya göndərildi, burada onu ailəsi – 2019-cu ildən orada yaşayan həyat yoldaşı və uşağı gözləyirdi.
“Bloqerlərin Azərbaycana gəlişi yaxın perspektivdə baş tutacaq”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov Pravda.az-a müsahibəsində bunları deyib:
“Bu, həqiqətdir ki, beynəlxalq anti-Azərbaycan dairələri, xüsusilə Ermənistan və ermənipərəst siyasi qüvvələr ölkəmizə qarşı dezinformasiya yayır, təbliğat maşınını işə salır, yalan, iftira dolu məlumatları tirajlayırlar. Çirkin niyyətlərini həyata keçirmək üçün müxtəlif üsul, vasitə və mexanizmlərdən istifadə edirlər.
Bunun üçün müxtəlif üsullardan istifadə edilir. Bunlardan biri formal olaraq azərbaycanlı olan, amma mahiyyət etibarı ilə bu millətə, dövlətə düşmən olanları öz tərəfinə çəkməkdir. Aldıqları “mükafatlara” görə belə olurlar.
Bu insanlar mahiyyətcə ermənipərəstdirlər. Ona görə də Azərbaycan dövlətinin belə şəxslərlə bağlı sərt, prinsipial mövqeyi var və onların cinayət məsuliyyətinə cəlb edilməsinə ehtiyac var.
Bu bloqerlər ümidlərini hazırda yaşadıqları ölkələrin hüquq-mühafizə orqanlarına bağlayırlar. Qabil Məmmədov Almaniya hakimiyyətinə ümid edir, Məhəmməd Mirzəli isə hazırda yaşadığı Fransanın iki ölkə arasındakı gərgin münasibətləri nəzərə alaraq, onu Azərbaycana ekstradisiya etməyəcəyini düşünür.
Amma yanılırlar. Onlar mütləq Azərbaycana gətiriləcək, bu, an məsələsidir. Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə iş aparır.
Məsələn, Qabil Məmmədova qarşı 24 cinayət işi var. Bura terrora çağırış da daxildir və bu, Avropada da çox təhlükəli cinayət növü hesab olunur.
Almaniya, Fransa və miqrantların yaşadığı digər ölkələrin hüquq-mühafizə orqanları, şübhəsiz ki, buna diqqət yetirəcəklər, çünki terror hər yerdə insanlığa qarşı cinayətdir”.
“Azərbaycan hakimiyyəti dünya boyu bütün kriminal ünsürləri bu vəsaitlərlə satın alıb istədiyini edə bilər”

Jurnalist Əfqan Muxtarlı deyir:
“Mən tam əminliklə deyirəm ki, mühacirlərin əksəriyyətinin yaşadığı Almaniya və Fransa hökümətləri Azərbaycanla əməkdaşlıq etməyəcəklər. Çünki Azərbaycan hakimiyyətinin mahiyyəti bu dövlətlərə bəllidir.
Azərbaycan mühacirlərin ekstradisiyası, xüsusən də, Qabil Məmmədovla bağlı Almaniya hökümətinə dəfələrlə müraciət edib. Bununla bağlı Almaniyada istintaq və məhkəmə prosesi keçirilib. Qabil Məmmədovun xeyrinə qərar çıxarılıb. Azərbaycan hakimiyyətinin iddiaları tamamilə rədd edilib.
Elman Nəsirovun o fikri ilə razıyam ki, Azərbaycan hakimiyyəti ölkə xaricində İlham Əliyevin rəqiblərinə, tənqidçilərinə qarşı xüsusi əməliyyatlar keçirib. Məni, Rauf Mirqədirovu və digərlərini oğurladılar. Qətllər həyata keçirirlər. Bu qətllərin ən sonuncusu Fransada Vidadi İsgəndərliyə qarşı həyata keçirilib.
Bundan əlavə Bayram Məmmədov Türkiyədə, Vüqar Rza Belçikada müəmmalı şəkildə həyatını itirib. Hüseyn Bakıxanov Gürcüstanda, Tiflis şəhərində açıq şəkildə qətlə yetirilib. Bütün bunları nəzərə alanda azərbaycanlı siyasi mühacirlər, bloqerlər və digərlərinin həyatı təhlükədədir.
Hazırda İlham Əliyevin idarəsində xalqdan oğurlanmış və nəzarətsiz milyardlarla vəsait var. Bu vəsaitlərlə Azərbaycan hakimiyyəti dünya boyu bütün kriminal ünsürləri bu vəsaitlərlə satın alıb istədiyini edə bilər. Bunun bir nümunəsini də Məhəmməd Mirzəliyə qarşı sui-qəsd cəhdində gördük.
Oğurlamaq, sui-qəsdə məruz qoymaq və qətlə yetirmək, İlham Əliyev rəqiblərinə qarşı bunların hər birini həyata keçirə bilər”.

Qabil Məmmədov oğurlanmağı və qətlə yetirilməyi ilə bağlı “JAMnews”a açıqlamasında bunları deyib:
“İlham Əliyev bizi qaçıra da bilər, öldürə də. Bizim əlimizdən gələn bacardığımız qədər özümüzü müdafiə etməkdir. Çünki nun əlində milyardları var və istədiyi kimi terror və təxribat törədə bilər”.
Hüquqşünas: Hökümət mühacirətdə olan fəaliyyəti də aradan qaldırmaq istəyir

Hüquqşünas Səməd Rəhimli “Toplum TV”-yə açıqlamasında deyir ki, hüquqi porsedura görə, növbəti mərhələdə istintaqa çağırılanlar ya İnterpol ya da Avropa Şursasının ekstradisiya konvensiyası vasitəsi ilə beynəlxalq axtarışa verilə bilərər.
“Məsələ burasındadır ki, əgər həmin şəxslərin yaşadıqları ölkədə qaçqınlıq statusu varsa, onların Azərbaycana qaytarılmsı mümkün deyil.
Hökumət ölkə daxilində vətəndaş cəmiyyətini sıradan çıxarandan sonra bunu beynəlxalq arenaya daşıyır ki, mühacirətdə olan fəaliyyəti də aradan qaldırsın.
Bu, hökumətin 2023-cü ildən bəri aktiv tətbiq olunan repressiyasının müəyyən bir formada davamıdır. Bu repressiya ilk növbədə “söyüş müxalifəti”ni və ya vətəndaş cəmiyyətindən bir nəfəri əhatə edə bilər. Lakin zamanla öz hədəfini genişləndirə bilər”.
Kontekst
Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi və saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlarda ittiham edilir.
Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi iğtişaşlar edilməsinə dair açıq çağırışlar etməkdə ittiham edilir.
Qurban Məmmədov 19 aprel, 8 iyun, 15 iyun və 7 avqust 2019-cu il tarixlərində internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışılar etməkdə ittiham edilir.
Cinayət Məcəlləsinin 24 maddəsi ilə ittiham olunan Qabil Məmmədov isə 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldatmaqda, həmin şəxslərdən 29 597 manat pul almaqda, həmçinin, sosial media hesablarından açıq terrorçuluğa çağırışlar etməkdə ittiham edilir.
Mühacirətdə olan azərbaycanlı bloggerlər üçün təhlükə