Nasist Almaniyası üzərində qələbəyə həsr olunmuş ənənəvi parad Moskvada Qızıl Meydanda keçirilib. Paradda 10 min nəfər və 114 ədəd quru texnikası iştirak edib. Pis hava şəraiti üzündən bu dəfə hərbi aviasiya Qızıl Meydan üzərindən uçmayıb.
Rusiya prezidenti Vladimir Putin öz çıxışında bildirib ki, silahlı qüvvələr Rusiya suverenliyinin qarantıdır.
“Amma terrorizm, ekstremizm, neonasizm və digər təhlükələrlə effektiv mübarizə üçün beynəlxalq qüvvələrin konsolidasiyası vacibdir. Biz bu cür əməkdaşlığa açığıq”, – Putin deyib.
Qeyd etmək lazımdır ki, ilk dəfədir, Rusiya dövlət başçısının çıxışında SSRİ-nin Gitlerə qarşı koalisiyada tərəfdaşları xatırlanıb.
Bayram ərəfəsində “Ölümsüz alay” ictimai aksiyasi müzakirə mərkəzində olub. Aksiya zamanı insanlar həlak olmuş doğmalarının portretlərilə küçələrə çıxırlar. Bu il məlum olub ki, vətəndaşları inzibati vasitələrlə aksiyada iştiraka məcbur edirlər, bununla da bağlı olaraq aksiyaya maraq əhəmiyyətli dərəcədə azalıb.
Belarusda (bu respublikanın 1.3 milyon vətəndaşı döyüşüb, 400 min nəfər partizan hərəkatında iştirak edib) hərbi parad keçirilmir. Minskdə və ölkənin digər şəhərlərində həlak olanların xatirəsinə ucaldılmış abidələrin önünə gül qoyulub, axşam atəşfəşanlıq olacaq.
Xatırladaq ki, dünyanın əksər ölkələrində nasist Almaniyası üzərində qələbə mayın 8-də qeyd olunur.