Londonda yaşayan tanınmış azərbaycanlı müxalifətçi Türkiyədə saxlanılıb
Londonda yaşayan, İnterpol xətti ilə beynəlxalq axtarışa verilən azərbaycanlı müxalifətçi Qurban Məmmədov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Rəsmi Bakı onu hakimiyyəti devirmək çağırışlarında ittiham edir.
«YouTube»da populyar olan müxalif “AzeriFreedom” kanalının sahibi Qurban Məmmədovun saxlanılması barədə onun oğlu Qoşqar Məmmədov xəbər verib.
8 sentyabr 2020-ci il tarixində Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda Qurban Məmmədov və Avropada yaşayan bir neçə başqa azərbaycanlı müxalifətçinin Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunduğu deyilirdi. Bu maddələrin mahiyyəti hakimiyyətin zorla ələ keçirilməsi və hakim qurumların nümayəndələrinə aktiv şəkildə tabe olmamaqdan ibarətdir.
Bakının Nəsimi rayon Məhkəməsi onların həbsi barədə qərar çıxarıb və qeyd olunan müxalifətçiləri beynəlxalq axtarışa verib.
Azərbaycanda toy qalmaqalı və 2020-ci ilin avqust ayında hakimiyyətin “boz kardinal” Ramiz Mehdiyevə münasibəti kəskin dəyişəndən sonra ölkənin iqtidaryönlü KİV-ləri Bakıda müxalifətçi Qurban Məmmədova məxsus olan daşınmaz əmlakın siyahısını dərc etdilər. İddia edilir ki, Məmmədov bu əmlakı Mehdiyevdən xaricdə müxalifçi fəaliyyətinə görə alıb.
Bu xəbərlər dərc olunandan bir neçə gün sonra siyahıda göstərilən evlər və yaşanmayan sahələr boşaldılıb, Məmmədovun orada yaşayan qohumları köçürülüb, binalar isə dağıdılıb.