Qubad İbadoğlu partiyasının fəaliyyətini dayandırıb
Qubad İbadoğlununpartiyası fəaliyyətini dayandırıb
Az əvvəl həbsdən ev dustaqlığına buraxılan müxalif siyasətçi, iqtisadçı alim Qubad İbadoğlu partiyasının fəaliyyətini dayandıraraq qeyri-müəyyən müddətə siyasi fəaliyyətinə fasilə verib.
Bir gün öncə Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının İdarə Heyətinin toplantısı keçirilib. “Siyasi partiyalar haqqında” Qanunun 4.7-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilib.
Bu barədə partiyanın sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul “Facebook” səhifəsində məlumat yayıb.
- Məhkəmə növbəti dəfə Anar Məmmədlini həbsdə saxlayıb
- Gürcüstan parlamenti “xarici agentlər haqqında” qanunu üçüncü, yekun oxunuşda qəbul edib
- Ələsgər Məmmədli və Ruslan İzzətlinin yaxınları onların səhhətlərindən narahatdırlar
O bildirib ki, qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir:
“Bununla əlaqədar partiyanın sədri Qubad İbadoğlu hələ 2023-cü ilin 12 yanvarında mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlamışdı. Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə partiyanın fəaliyyətini dayandırmağa qərar verib”.
Qalib Toğrulun sözlərinə görə, Qubad İbadoğlu 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının 2015-ci ilin fevralında təsis konfransı keçirilib. 2021-ci ilin oktyabrında isə hərəkat eyniadlı partiyaya çevrilib.
İqtisadiyyat professoru Qubad İbadoğlu ötən il iyulun 23-də saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyatı yoxdur və polislər “aşkarladıqları” pulu özləri onun ofisinə yerləşdiriblər.
Avqustun 25-də ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. DİN-in yaydığı məlumata əsasən, az əvvəl FETÖ ilə əlaqədar həyata keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan beş nəfərdən birinin İbadoğlu ilə əlaqələri müəyyən edilib və bu da onun istintaqa cəlb edilməsinə səbəb olub.
Bir müddət sonra Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İstanbulda yaşayan və işləyən daha bir iqtisadçı alim Fazil Qasımovu saxlayıb Azərbaycan hökumətinə təhvil veriblər. Rəsmi məlumata görə, o, Qubad İbadoğlunun işi üzrə həbs edilib və ona da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.
Aprelin 22-də müxalif siyasətçi Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Amma İbadoğlu sona qədər mübarizə aparmaq və cinayət təqibinin dayandırılmasına nail olmaq niyyətində olduğunu bildirib.
Bu iş beynəlxalq aləmin diqqətini cəlb edib, ABŞ və Avropadan olan siyasətçilər, alimlər və insan haqları təşkilatları Bakını İbadoğluna qarşı ittihamları ləğv etməyə və onun təqibini dayandırmağa çağırıb.