Qiqi Otzoxoriyanın qətli
Mayın 19-da Qali rayonunda 31 yaşlı Qiqa Otxozoriyanın ölümü gürcü və abxaz cəmiyyətində kəskin gərginləşməyə gətirib çıxardı. Sosial şəbəkələr neqativ şərh və diskusiyalarla aşıb-daşır və çox sayda insan kütləvi şəkildə hakimiyyətə narazılığını bildirərək, onu kifayət qədər sərt reaksiya verməməkdə ittiham edir.
JAMnews baş verənlərin hər iki tərəfdən detallı mənzərəsini təqdim edir.
Mayın 19-da nə baş verib?
Tbilisinin versiyası
Mayın 19-da Xurça kəndində, Gürcüstan-Abxaziya inzibati sərhədinin yaxınlığında, Gürcüstanın nəzarəti altında olan ərazidə Gürcüstan vətəndaşı Qiqa Otxozoriya abxaz sərhədçiləri tərəfindən qətlə yetirilib.
Həmin qətl Gürcüstan sərhəd postunun yaxınlığında quraşdırılan xarici müşahidə kamerası tərəfindən çəkilən videoda da əks olunub.
Gürcü hüquq-mühafizə orqanlarının nümayəndələrinin bildirdiyinə görə, ehtimal edilən qatilin şəxsiyyəti artıq müəyyən edilib. Şahidlərin bildirdiyinə görə, bu, Tkvarçeli şəhərində doğulan abxaz sərhədçisi Rəşid Kancıoğludur.
Yerli sakinlərin sözlərinə görə, münaqişə sərhəd-buraxılış məntəqəsində baş verib. Qətlə yetirilənin ailəsi bildirir ki, o Qalidə vəfat edən qohumunun yasına ərzaq aparmaq istəyirdi. Sərhədçilər ondan pul tələb ediblər, bu da aralarında mübahisəyə səbəb olub.
Şahidlər bildirir ki, mübahisədən sonra Otxozoriya dönüb, gürcü postuna yönəlib, bu zaman iki abxaz sərhədçisi onun arxasınca gedib və artıq gürcü hakimiyyətinin nəzarəti altında olan ərazidə ona atəş açıb.
İnsident 15:00-da baş verib, buraxılış məntəqəsində qələbəlikmiş. Beləliklə də bir çoxları qətlin şahidi olub.
Abxaziyadan olan 31 yaşlı qaçqın Qiqa Otxozoriya ailəsi ilə birlikdə Zuqdidi şəhərində kirayələdiyi evdə yaşayırmış. Arxasında xanımı və iki körpə uşağı qalıb.
Qohumlarının bildirdiyinə görə, qaçqın düşəndən sonra bir dəfə də olsun Abxaziya ərazisinə keçməyib.
Gürcüstan Prokurorluğu Qiqa Otzoxoriyanın qətl faktı ilə bağlı cinayət işi açıb. Şübhəli şəxsin axtarışı həm milli, həm də beynəlxalq səviyyədə elan olunacaq.
Gürcü hakimiyyəti baş verənlərə görə bütün məsuliyyəti bu əraziyə faktiki nəzarəti həyata keçirən Rusiya Federasiyasının üzərinə qoyub.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili baş verənləri məqsədəyönlü təxribat adlandırıb və ümid olduğunu bildirib ki, “abxazların özləri də baş verənləri birbaşa təxribat kimi nəzərdən keçirəcəklər.
Gürcüstan XİN-i bəyanatında regiondakı vəziyyəti “təhlükəli və “tamamilə nəzarətdən çıxmış adlandırıb və Qali əhalisi üçün təhdid yaratdığını bildirib.
Daxili işlər nazirinin müavini Arçil Talakvadze bildirib ki, 4 illik fasilədən sonra Abxaziya istiqamətində baş verən insidentlərin qarşısının alınması və onlara reaksiya üzrə mexanizmlər çərçivəsində görüşlər bərpa olunacaq. İlk görüş “yaxın gələcəkdə baş tutacaq, o qeyd edib, amma konkret tarix göstərməyib.
Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvilinin sözlərinə görə, Gürcüstan cavabı Rusiyadan deyil, beyəlxalq təşkilatlardan tələb etməlidir.
“Bu, bizim hakimiyyətdə olduğumuz dövrdə olan ilk qurbandır ki, bu da indiyə qədər həyata keçirilən sülh siyasətini sual altına qoyur. Biz sülh siyasətimizdən imtina etmək fikrində deyilik, bununla belə həmin adam üçün sərt cəza tələb etmək niyyətindəyik.
“Rusiyadan nə gözləmək olar, o kimi cəzalandıracaq? Biz bunu beynəlxalq təşkilatlarddan tələb edirik.
“Bu, dəhşətli qətldir… [amma bu] istisna haldır. Bu, Milli hərəkatın hakimiyyəti dövründə olduğu kimi, sistemli xarakter daşımır. Biz həmin hadisənin təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik, – Paata Zakareişvili bildirib.
Bu günlərdə Tbilisi və Zuqdididə “İşğala yox, “Rusiya qətlə yetirir şüarları altında etiraz aksiyaları keçirilir.
Xurça kəndi. Fotonun müəllifi Natia Kankia, 22 may 2016-cı il.
Sosial şəbəkələrdə:
Otxozoriyanın qətli sosial şəbəkələrdə böyük qəzəbə səbəb olub, Otzoxoriyanın qətlinin əks olunduğu video-kadrlar on minlərlə dəfə yayılıb.
Birinci trend. Baş verənlərdə günahkar Rusiyadır.
“Rusiya imperiyası ilə müharibə Gürcüstanın müstəqillik yoluna çıxdığı gündən aparılır. Bu müharibənin qaynar fazaları, minlərlə öldürülən və şikəst edilənlərdir, on minlərlə qaçqın və nisbi sakitlik dövrləri də var ki, bu zaman insanlar qətlə yetirilir… Biz görmək istəsək də, istəməsək də Gürcüstan sayıqlığını itirməyən düşmənlə mübarizə aparır.
“Gəlin bir dəfəlik etiraf edək ki, dövlət öz vətəndaşlarını qorumaq iqtidarında deyil… Etiraf etmək lazımdır ki, indiki “nizamlama siyasəti sülhə aparmır. Rusiya gəlib, açıq şəkildə və qəddarcasına öldürür.
İkinci trend. Abxazlar yaxşı münasibətə layiq deyillər.
“Biz də hələ abxazların nazı ilə oynayır, onlarla qardaşlıq hissindən danışır, onları pulsuz müalicə edir, onlara büdcə vəsaitlərini xərcləyirik ki, bəlkə biz tərəfə bir lütfkar nəzər saldılar! Bəlkə onları viza rejiminin liberallaşdırılması cəlb edər… Onlar isə həmin vaxt bizi söyür, tapdalayır, “köpək və “qorxaq adlandırırlar.
“Özünə hörmət edən dövlət olsaydıq, xüsusi xidmət orqanlarımız çoxdan bu köpəkləri tapıb, onları hamının gözü qarşısında cəzalandırardı’.
Üçüncü trend. Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvilinin ünvanına qəzəb.
Paata Zakareişvilinin “Facebookdakı şərhi [mətn yuxarıda verilib] xüsusi ajiotaj yaratdı, nazir Xurçedəki qətl hadisəsi barədə danışarkən, “sistemli qətl deyil, istisna ifadəsini işlədib.
“Təsəvvür edin ki, işğalçılar ailənizin üzvünü öldürüb, Zakareişvili isə belə bir şərh verir. Sonra da yadınıza salın ki, bu adama maaşı siz verirsiz.
“İstisna nə deməkdir? Hər bir insanın həyatı yeganə və müstəsnadır. Nazir necə belə bir məsuliyyətsiz bəyanat verə bilər!
Ekspert rəyi
Gürcüstanda müxalifət və ekspertlərin böyük hissəsi hakimiyyəti fəaliyyətsizlikdə günahlandırır və münaqişə zonasında təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və törədilən qətlə daha kəskin reaksiyanin verilməsini tələb edirlər.
“Azad demokratların lideri İrakli Alasaniya:
“Gürcüstanın nəzarəti altında olan ərazidə baş verənlər məni əsəbiləşdirib. Təcili surətdə fövqəladə tədbirlər görmək lazımdır. Orada polis əməkdaşı varsa, o buna reaksiya verməli və hamının gözü qarşısında bizim nəzarətimiz altında olan ərazidə Gürcüstan vətəndaşını güllələyənlərə atəş açmalı idi.
Milli Hərəkatın üzvü Salome Samadaşvili:
“Gürcüstan tərəfi bu işin istintaqı başlayana qədər Rusiya ilə istənilən danışıqların dayandırılması haqqında bəyanat verməlidir.
“Özünü aldatma siyasətinə son qoymaq lazımdır. Gürcüstanın indiki hakimiyyəti özünə gəlməli və suveren dövlətin rəhbərliyinə yaraşan addım atmalıdır.
Suxumdan versiya
Mayın 19-da Qali rayonunun Bataiquara kəndində “Nabakia nəzarət-buraxılış məntəqəsində, Abxaziya ilə Gürcüstanın sərhədində abxaz sərhədçiləri ilə Gürcüstan vətəndaşı Qiqla Otxozoriya arasında münaqişə baş verib.
Otxozoriya dostları ilə birlikdə abxaz ərazisinə ərzaqla dolu araba keçirməyə cəhd göstərib. Amma onun üstündə Abxaziyaya giriş üçün yerli administrasiya tərəfindən verilən buraxış olmayıb və ona sərhədi keçməyə icazə verməyiblər.
Onunla birlikdə olan dostu mübahisə etməyib və geri gürcü ərazisinə qayıdıb. Sərxoş vəziyyətdə olan Otxozoriya təkid edib ki, onu sərhəddən buraxsınlar. O, uca səslə söyüş söyüb, sərhədçini təhdid edib, dava salmağa çalışıb, şiddətli cavab alıb və nəticədə geri qayıdıb. Bu zaman abxaz sərhədçisi Otxozoriyanın arxasınca qaçaraq, xidməti silahdan ona atəş açıb. Abxaziya Respublikasının Hərbi Prokurorluğu Abxaziya Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin sərhəd dəstəsinin hərbi qulluqçusuna (adı açıqlanmır) qarşı Abxaziya Respublikasının Cinayət Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsi ilə (“qəsdən adam öldürmə) cinayət işi açıb.
Bundan əlavə, Abxaziyanın Baş Prokurorluğu bildirib ki, Abxaziya XİN-ə Gürcüstanın səlahiyyətli orqanları tərəfindən həmin fakt üzrə əldə edilən materialları almaq və istifadə etmək üçün müraciət etmək niyyətindədir. Bunun üçün Cənubi Qafqaqzda sabitlik və təhlükəsizlik üzrə Cenevrə diskussiyalarının formatından istifadə oluna bilər.
“Baş verən faciəvi hadisə dərin təəssüf doğurur. Bununla belə, gürcü tərəfi, o cümlədən də Gürcüstan XİN-i bu hadisədən vəziyyəti gərginləşdirmək və növbəti dəfə informasiya müharibəsində siyasi xal qazanmaq üçün istifadə edir, Abxaziyada vəziyyət “tamamilə nəzarətdən çıxmış kimi xarakterizə olunur və insidentə görə bütün məsuliyyəti guya “işğalçı güc olan Rusiya tərəfinin üstünə yıxır.
Abxaziya Respublikasının Xarici İşlər Nazirliyi təmkinli olmağa və insidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi üzrə mexanizm çərçivəsində müzakirələr baş tutana, eyni zamanda Abxaziyada aparılan cinayət işinin nəticələri elan olunana qədər uzağa gedən nəticələrdən qaçmağa çağırır.
Sosial şəbəkələrin icmalı
Birinci trend. Öldürmək olmaz.
“Sərxoş gürcünün özünü necə aparmasından asılı olmayaraq, bu, öldürmək üçün əsas olmamalıdır. Axı Otxozoriya silahlı deyildi.
İkinci trend. “Qoy gürcülər özlərinə baxsın.
“Gürcülər kefli davakarın qətli ətrafında abxazları bütün günahlarda ittiham edərək, səs-küy yaratdılar. Hökumətimiz qətl faktı üzrə cinayət işi açıb və heç kim bu işi dayandırmağa hazırlaşmır. Bununla belə, bizim əraziyə təxribatçılar gələndə və vətəndaşlarımızı öldürəndə niyəsə Gürcüstanda heç kim qanun, əxlaq kateqoriyaları haqqında danışmırdı. Əksinə, qatillərdən milli qəhrəman düzəldirdilər. İndi də fərqi hiss edin.
Ekspert rəyi
Temur Nadaraya, Qali rayonunun administrasiya rəhbəri:
“Abxaziya Prokurorluğu tədqiqat aparır. Müxtəlif şərhlər və emosilayar anlaşılandı, amma hüquq və qanun var. Biz bu videoda [gürcü istifadəçiləri tərəfindən sosial şəbəkələrdə yayılıb] insidentin bir hissəsini görürük. Amma hadisənin necə başlaması, sərxoşun sərhədçilərə hücum etməsi və fiziki zorakılıq – bütün bunlar kardlara düşməyib.
Abxaz sərhədçilərinin günahı ondadır ki, sərhəd xidmətinin əməkdaşı ilə dava salan insan həbs olunmayıb. Bunu etsəydilər, qətl törədilməzdi. Biz hüquqi dövlət qururuq. Hər gün sərhəddə bir neçə qanun pozucusunu saxlayırlar, hara lazımdır ora aparırlar, cərimələyirlər, bəzilərinə qarşı isə cinayət işi açılır. Peşəkarlıq budur.
Burada isə sərhədçi ona qanunla verilən səlahiyyətlərini aşaraq, adam öldürüb. Buna görə məsuliyyət daşımaq lazımdır. Amma qeyd etmək lazımdır ki, məhz bu hərbiçini sərhədi tez-tez keçən sakinlər ən diqqətli və təmkinli kimi qələmə verirlər.
Temur Nadaraya
Humanitar Proqramlar Mərkəzindən olan hüquq müdafiəçisi Asida Şakrıl:
“Görüntü üçün deyil, ətraflı isitintaq aparmaq və onun nəticələrinə görə qətldə günahkar olanı cəzalandırmaq abxaz hüquq-mühafizə orqanlarının vicdan məsələsidir.
Axı söhbət bazarda mübahisə kimi sıradan bir hadisədən getmir. Bu, sərhəddə baş verən hadisədir, nəticədə də abxaz sərhədçisi adam öldürüb. Düzgün nəticələr və ədalətli cəza bizə beynəlxaq ictimaiyyət qarşısında xal toplamaq üçün deyil, bizim öz dövlət – normal hüquqi dövlət qurmaq maraqlarımızdan çıxış edərək lazımdır.
“JAMnewsun dosyesi
• On üç aylıq müharibə 1992-93-cü illərdə, Sovet İttifaqı dağılandan sonra Gürcüstan müstəqilliyini qazananda və Abxaziya özünün Gürcüstandan müstəqillyini tələb edəndən sonra baş verib. Abxaz qüvvələri 1993-cü ilin sentyabr ayında Abxaziyanın demək olar ki, bütün ərazisini öz nəzarəti altına götürdü. Abxaziya əhalisinin yarısı, əsasən də gürcülər evlərini tərk etdi.
• 1994-cü ilin may ayında müharibəyə son qoyan atəşkəs haqqında müqavilə imzalandı. Amma regiona sülh və sabitlik qayıtmadı.
• Mayın 19-da baş verən insidenti gürcü hüquq-mühafizə orqanları ilə yanaşı beynəlxalq müşahidə missiyasının nümayəndələri də öyrəndi.
• Gürcüstanın ABŞ-dakı səfirliyi baş verənlərlə bağlı xüsusi bəyanat verərək, əsas diqqəti insidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizmlərinin sərtləşdirilməsinin vacibliyinə yönəltdi. Səfirliyin bəyanatında həm də bir daha bildirilir ki, “ABŞ Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü tamamilə dəstəkləyir.
Manşetdəki foto: Tbilisidə etiraz aksiyası, 22 may 2016-cı il. Müəllif: Sofo Bukia
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 22.05.2016