QHT-lər gizli dinləmə haqda qanuna etiraz edirlər
“Bunun sənə dəxli var” gizli müşahidə və şəxsi həyata müdaxiləyə etiraz kampaniyasında iştirak edən qeyri-hökumət təşkilatları parlament çoxluğunun təklif etdiyi gizli dinləmə haqda qanun layihəsinin müzakirəsində iştirak etməyəcək.
QHT nümayəndələrinin izah etdikləri kimi, iqtidar partiyasının təklifi Konstitusiya Məhkəməsinin qərarına ziddir.
Ötən ilin aprelində Konstitusiya Məhkəməsi “Bunun sənə dəxli var” kampaniyasının iştirakçılarının iddiasını təmin edib. Məhkəmə öz qərardadında qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidmətinin şəxsi məlumatlara əlçatımlığı vətəndaşların şəxsi həyatına əsassız müdaxilə riski yaradır və qanun normalarının Konstitusiyaya uyğunlaşdırılması üçün parlamentə 2017-ci il martın 31-ə qədər vaxt verib.
“Gürcü arzusu” iqtidar partiyasının yeni qanun layihəsinə əsasən isə şübhəlilərin gizli izlənməsi üçün parlament və baş nazirə hesabat verən yeni müstəqil agentlik yaradılmalıdır. Amma “müstəqil” agentlik Dövlət Təhlükəsizlik Xidmətinin strukturuna daxil olmalıdır və agentliyin rəhbərliyi də DTX-nin qərarı ilə təyin edilməlidir. QHT nümayəndələrinin rəyincə, bu o deməkdir ki, hakimiyyət real olaraq heç nəyi dəyişmək niyyətində deyil.
Yeni qanun layihəsini Gürcüstan prezidenti şərh edib. Georgi Marqvelaşvili hesab edir ki, parlament “heç olmasa bu dəfə” dinləmə haqda doğru qanun qəbul etməlidir ki, ona əsasən “vətəndaşların haqları və dövlətin təhlükəsizliklə bağlı maraqları biryolluq və həmişəlik təmin edilsin”. Prezidentin mətbuat katibinin sözlərinə görə, konkret nəzarət mexanizmini nəzərdə tutan modelin hazırlanması da vacibdir.
Gürcüstanda gizli izləmənin tənzimlənməsi
- 2014-cü ildə DİN-də aparılan islahatlar nəticəsində Dövlət Təhlükəsizlik Xidməti yaradılıb. Bu, DİN-in funksiyalarının mümkün təkrarlanması və parlamentin nəzarət imkanlarının məhdudiyyəti baxımından QHT nümayəndələrinin tənqidinə səbəb oldu.
- 2015-ci il martın 31-dən “iki açar” adlanan sistem fəaliyyət göstərir ki, buna uyğun olaraq izləmənin həyata keçirilməsi üçün hüquq-mühafizə orqanlarına məhkəmə qərarından başqa şəxsi məlumatlar üzrə İnspektorun qərarı lazımdır. Amma güc qüvvələrinin əvvəlki kimi İnspektor və məhkəmə qərarı olmadan da gizli izləməni həyata keçirmək üçün texniki imkanları var.
- 2016-cı ilin aprelində Gürcüstanın Konstitusiya Məhkəməsi DTX-nin telekommunikasiya operatorlarının məlumatlarına texniki olaraq əlinin çatmasını konstitusiyaya zidd sayıb. Məhkəmə bəyan edib ki, qüvvədə olan qanun layihəsi şəxsi məlumatların alınmasına nəzarət mexanizmlərini təmin etmir.
“Bunun sənə dəxli var” kampaniyası
- “Bunun sənə dəxli var” kampaniyası Gürcüstanın müxtəlif QHT-nin nümayəndələrinin birləşdiyi ictimai vətəndaş hərəkatıdır. Kampaniya 2012-ci ilin fevralında start götürüb, onun məqsədi seçki mühitini yaxşılaşdırmaq idi. 2014-cü ildə kampaniya yenidən fəaliyyətə başlayıb, bu dəfə isə vətəndaşların qanunsuz izlənməsi, dinlənməsi və şəxsi həyatına müdaxiləyə qarşı. 2015-ci ilin aprelində kampaniyanın təşkilatçıları gizli izləmə ilə bağlı qanunu Konstitusiyaya zidd tanınması tələbi ilə Konstiyusiya Məhkəməsinə müraciət ediblər. 2016-cı ilin martından etibarən kampaniya bir daha yenilənib, bunun səbəbi isə siyasətçilərin şəxsi həyatına dair video-materialların yayılması olub.