Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib. Bu haqda o tele-müraciətində bildirib. Nazarbayev Qazaxıstan SSR və müstəqil Qazaxıstana 30 il rəhbərlik edib. Amma Nazarbayev Təhlükəsizlik Şurasının sədri və iqtdar partiyasının lideri olaraq qalır.
Seçkilərə qədər prezident səlahiyyətlərini parlamentin yuxarı palatasının spikeri Kasım-Jomart Tokayev yerinə yetirəcək.
Veteran
Nursultan Nazarbayev keçmiş SSRİ məkanında ən yaşlı sovet rəhbəridir. O, 1987-ci ilin dekabrında Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibliyinə Rusiyanın namizədi təyin edildiyi üçün Alma-Atada (indiki Almatı) başlayan iğtişaşlardan sonra bu vəzifəni tutub. 1992-ci ildə Nazarbayev müstəqil Qazaxıstanın prezidenti kürsüsünə keçib.
Keçmiş sovet respublikalarının inteqrasiyasının tərəfdarı kimi tanınır.
Həmçinin əsrin əvvəlində Nazarbayev korrupsiya ittihamları ilə bağlı Qərb ölkələrinin sərt sanksiyalarından və təcrid olunmaqdan qurtulmağı bacarıb.
Xələfləri
Nursultan Nazarbayevi kim əvəz edə bilər? Namizədlər sırasında ən çox iki nəfərin adı çəkilir.
Kasım-Jomart Tokayev — parlamentin yuxarı palatasının spikeri, seçkilərə qədər dövlət başçısı səlahiyyətlərini o yerinə yetirəcək. Sovet məktəbinin diplomatıdır, ingilis və çin dillərinə tam hakimdir, parlaq beynəlxalq karyera qurub – 4 il ərzində Tokayev BMT baş katibinin müavini vəzifəsini tutub.
Samat Abiş — Milli Təhlükəsizlik Komitəsinin sədr müavini və hazırkı prezidentin yaxın qohumu. 40 yaşlı Abiş Nazarbayevin mərhum qardaşının oğludur. Qazaxıstan Milli Təhlükəsizlik Akademiyasının və Rusiya Xarici Kəşfiyyat Xidməti Akademiyasının məzunudur.
Bu minvalla Nazarbayev qohumu və uzun müddətli silahdaşı arasında seçim etməli olacaq.
Gedir, amma qalır
Xələfinin namizədliyini şəxsən Nazarbayevin müəyyən edəcəyinə heç kim şübhə etmir. O, prezident kürsüsünü tərk etsə də, Təhlükəsizlik Şurasının katibi və hakim “Nur Otın” partiyasının sədri vəzifələrində qalır. Bu iki mövqe ona Qazaxıstan siyasətini tam nəzarətdə saxlamaq imkanı verir.
Müşahidəçilər qeyd edirlər ki, Nazarbayev prezident kürsüsünü prinsipial adlandırdığı qərarı – ölkənin latın əlifbasına keçidini həyata keçirəndən dərhal sonra istefa verib. Onun sözlərinə görə, bu, Qazaxıstanın qərb dünyasına inteqrasiyası yolunda mühüm addım olacaq.