"Qarşıdakı aylar Ermənistanın gələcəyi üçün həlledici olacaq" - Karo Paylan
Karo Paylan Ermənistan-Türkiyə sərhədləri haqqında
“Gürcüstan hazırda Rusiyanın əlindədir. Avropa İttifaqı və ABŞ indi Mərkəzi Asiya istiqamətində başqa bir marşruta ehtiyac duyur. Türkiyənin də Gürcüstandan keçən marşrutlar üçün alternativə, “B planına” ehtiyacı var. Buna görə də Ankara “Tramp marşrutu” proqramının həyata keçirilməsində və kommunikasiyaların açılmasında maraqlıdır”, – deyə Karnegi Fondunun nümayəndəsi və Türkiyə parlamentinin sabiq deputatı Karo Paylan bildirib.
O, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivlərini də şərh edib. Paylanın fikrincə, Ankara məhz bu istiqamətdə irəliləyir.
“Mən optimistəm. Düşünürəm ki, Türkiyə 2026-cı ilin yanvarında Ermənistan-Türkiyə sərhədini üçüncü ölkə vətəndaşları üçün açacaq. Sonrakı aylarda isə sərhəd Ermənistan və Türkiyə vətəndaşları üçün də açılacaq”, – deyə o, erməni telekanallarından birinə müsahibəsində bildirib.
- “Ermənistan Türkiyədən konkret addımlar gözləyir”: tərəflər nəyə nail olub və daha nə mümkündür
- “Türkiyə Ermənistanın tranzit imkanlarını məhdudlaşdırmağa çalışır”: Yerevandan şərhlər
- Ararat dağının təsviri Ermənistanın sərhəd möhürlərindən çıxarılacaq. Hakimiyyət Türkiyənin tələbini yerinə yetirir?
Şərh
Karnegi Fondunun nümayəndəsi Karo Paylanın sözlərinə görə, “Tramp Ərdoğanla işləmək istəyir”. Söhbət təkcə Qafqazdan, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsindən deyil, həm də digər ölkələrlə əməkdaşlıqdan gedir. O, Suriya nümunəsini gətirərək, ABŞ və Türkiyə şirkətlərinin ölkənin bərpasına yatıracağı investisiyaları xatırladır və ABŞ ilə Türkiyə prezidentlərinin əməkdaşlığı gücləndirmək istiqamətində irəliləməyə hazır olduqlarını vurğulayır.
Onun sözlərinə görə, qarşıdakı aylar Ermənistanın gələcəyi üçün həlledici olacaq. Bu səbəbdən, planlaşdırılmış layihələrin həyata keçirilməsində irəliləyişin təmin olunması vacibdir. O, xüsusilə “Tramp marşrutu” proqramını, yəni Ermənistan ərazisindən keçəcək və Azərbaycanı onun eksklavı olan Naxçıvanla birləşdirəcək tranzit yolu nəzərdə tutur. Bu layihənin reallaşdırılması barədə razılıq Ermənistan və Azərbaycan liderləri arasında 8 avqustda ABŞ prezidentinin vasitəçiliyi ilə Vaşinqtonda əldə olunub.
“Tramp bu məsələdə maraqlıdır. ABŞ prezidenti bu layihədə fayda görür. Amma əgər bu aylar ərzində irəliləyə bilməsək, Tramp kənara çəkilə bilər. O, deyə bilər ki, əgər ermənilər və türklər bunu istəmirlərsə, mən də bu məsələni unudacam”, – deyə Paylan ehtimal edir.
O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün yaranmış imkan pəncərəsini əldən verməməyin vacibliyini vurğulayır.
Eyni zamanda qeyd edir ki, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan-Azərbaycan prosesi ilə də bağlıdır. O, son günlərdə Azərbaycanın yüksək səviyyədə səsləndirdiyi bəyanatların bu ölkənin sülhə doğru irəliləmək niyyətinə şübhə yaratdığını xatırladır.
Bu səbəbdən Karo Paylan hesab edir ki, Avropa İttifaqı və ABŞ planlaşdırılmış proseslərin irəliləməsini təmin etmək üçün səylərini birləşdirməlidir:
“Düşünürəm ki, Tramp, ABŞ administrasiyası və Avropa İttifaqı artıq İlham Əliyevi prosesi ləngitməməyə inandırmağa çalışırlar. Əliyev yalnız “Tramp marşrutu”nun açılmasını, digər yolların isə bağlı qalmasını istəyir. Bu, sadəcə mümkün deyil. Ermənistan da Türkiyə və digər ölkələrlə birbaşa əlaqə əldə etməlidir”.
Ukrayna müharibəsi kontekstində Tramp və Putin arasında aparılan dialoq da Türkiyə parlamentinin sabiq deputatını narahat edir. O, Rusiyanın prezidentinin Trampı “Ukrayna və Qafqaz onun təsir dairəsində olan ərazilərdir” fikrinə inandıra biləcəyindən ehtiyat edir. Paylan hesab edir ki, Putin amerikalı həmkarını burada təsirindən imtina etməyə razı sala bilər və bunun əvəzində ona nəsə təklif edə bilər.
“Bunlar böyük dövlətlərdir və Ermənistan, Azərbaycan, Ukrayna onların oyununda sadəcə bir kartdır. O, bir kartı verib, digəri ilə əvəz edə bilər”, – deyə o bildirib.
Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi mövzusuna qayıdan Karo Paylan bildirib ki, artıq hərəkət etmək, sərhədləri açmaq və ticarətə başlamaq lazımdır.
O əmindir ki, məhz insanların ünsiyyəti və əlaqələrin bərpası vasitəsilə mövcud problemləri aradan qaldırmaq mümkündür:
“Erməni soyqırımı adlı bir faciə baş verib, biz artıq bir əsrdən çoxdur ki, bu keçmişin içində qapalı qalmışıq. Amma sərhədlər açıldıqda, ticarət və ünsiyyət başladıqda, keçmiş barədə danışmaq daha asan olacaq. Bu coğrafiyada biz yalnız qonşularımızla yaxşı münasibətlər qurmaqla yaşaya bilərik. Mən tunelin sonunda işıq görürəm, biz uğur qazana bilərik”.
Paylan Türkiyə-Yunanıstan münasibətlərini nümunə göstərir. Deyir ki, bu ölkələr arasında da problemlər var, amma sərhədlərin açılması, ticarət və turizm sayəsində dövlətlər arasında etimad artıb. Onun sözlərinə görə, milyonlarla turist Türkiyəni və Yunanıstanı ziyarət edir və hər iki ölkə bundan qazanc əldə edir.
“Ermənistan qapalı ölkədir. Onun iqtisadiyyatı kiçikdir. Buna görə də ordusu ərazi bütövlüyünü təmin edəcək qədər güclü ola bilməz. Amma əgər biz körpü ölkəsinə çevrilsək, iqtisadiyyatımız böyüyə bilər”, – deyə Paylan vurğulayıb.
Onun hesablamalarına görə, Ermənistan-Türkiyə sərhədi açılarsa, 5 il ərzində 10–15 milyon turistin səfər edəcəyi gözlənilə bilər. Bununla yanaşı, yeni infrastruktur da formalaşacaq. Paylanın fikrincə, Ermənistan Türkiyədən buğda ala və ona elektrik enerjisi sata bilər.
Karo Paylan optimist proqnozlarının yaxın vaxtlarda gerçəkləşəcəyini gözləyir: sərhəd açılacaq, iki ölkə arasında diplomatik münasibətlər qurulacaq. O, həmçinin ehtimal edir ki, Türkiyə prezidenti gələn il Avropa Siyasi Birliyi sammitində iştirak etmək üçün Yerevana səfər edə bilər.
Karo Paylan Ermənistan-Türkiyə sərhədləri haqqında