Qaranlıq tərəf
“Deyə bilərsiz, niyə Bakıda saat 23.35-dən sonra küçə işıqlandırılmasını tamamilə söndürürlər, ikinci dərəcəli küçələrdə işıq əvvəllər də olmayıb, amma indi mərkəzi küçələr də zülmətə qərq olur. Əgər pul yoxdursa, onda niyə indiyə qədər günəş enerjisi ilə işləyən fənərlər quraşdırmayıblar?
Bu və buna bənzər suallar artıq bir həftədir ki, Azərbaycan internetini narahat edir. Həm də bir-birindən çox fərqli olan “şahid ifadələri səslənir.
Nə baş verir?
Biriləri deyir ki, şəhər “zülmətə qərq olub, digərləri heç nəyin baş vermədiyini bildirir, üçüncülərin sözlərinə görə isə onların yaşadıqları küçədə elə əvvəllər də işıq olmayıb, ona görə də ayağı büdrəyib, onu sındırmaq riskləri onsuz da həmişə varıydı. Hər şey insanın şəhərin hansı rayonunda yaşamasından asılıdır.
İşığın sönmə vaxtı da müxtəlifdir, kimsə 22:00, kimsə gecə saat üçü deyir. Tam dəqiq ancaq bir şeyi söyləmək olar ki, şəhərin işıqlandırılması rejimi həqiqətən də dəyişib. Ən azı, Nizami küçəsindəki bakılıların turistlərin qarşısında lovğalanmaq obyekti olan məşhur lüstrları artıq yandırmırlar.
Səbəb və izahlar
“Azadlıq radiosunun müxbirləri dövlət strukturlarından – həqiqətənmi işığı qənaət məqsədi ilə söndürürlər – sualına cavab almağa çalışdılar. Məmurların şərhləri məsələni aydınlaşdırmağa o qədər də kömək etmədi. Elektrik enerjisi təchizatçısı olan “Azərişıq ASC əvvəlcədən mətbuata bildirdi ki, enerji ilə təchiz olunan bütün obyektlər sadəcə onun abonentləridir. Yəni “Azərişıq heç nəyə qənaət etmir və abonentlərin hərəkətlərinə görə cavabdeh deyil.
Bakı şəhərinin işıqlandırılması idarəsində də birmənalı mövqe bildirilmədi. Bu qurumun iki əməkdaşı bəyanat verdi: Səbail rayon şöbəsinin müdiri Şahmurad Məmmədov dedi ki, işıqlandırma 22:00-dan sonra büdcə vəsaitinə qənaət etmək məqsədi ilə söndürülür, qurumun başçısı Məhərrəm Babayev isə dedi ki, bütün bunlar yalandır, hardasa söndürməyə başlasalar isə bu ancaq gecə saat birdən sonra olacaq. Bununla bağlı da hələ heç kim rəsmi göstəriş verməyib.
Park Bulvar ticarət mərkəzində də artıq qənaət edirlər
Sosial şəbəkələr
“Yollar normal olsaydı, yenə dərd yarıydı. Amma axı asfalt başdan ayağa iri çalalarla doludur və Allah eləməsin ki, kimsə həmin çalaya düşsün… Hələ səki. Səki ondan yaxşı gündədir bəyəm? İndi neynəyək? Ayaqlarımızı sındıraq?
“Başqa yerləri bilmirəm, amma bizim həyətdə fənərlər həqiqətən də gecə saat 12-ni vuran kimi, lap Zoluşka nağılındakı kimi sönür və həyət həqiqətən də zülmətə qərq olur.
“Yasamal rayonunda da bəzən gecə yarı işıqları söndürürlər. Özü də tək küçələrdə deyil, evlərdə də.
Forumlarda da istifadəçilər böhran, neft dollarları və yaxınlaşmaqda olan qiyamət günü ilə bağlı zarafatlarından qalmırlar.
Ola bilsin, bütün bunlar uydurmadan başqa bir şey deyil. Amma gecənin qaranlığında mağazaların “İcarəyə verilir yazılı qaranlıq vitrinlərini görəndə adamı doğrudan da vahimə basır.