“Qarabağda sülhün alternativi fəlakətdir”, - Ermənistan XİN rəhbəri
Qarabağ münaqişəsinin tərəfləri sülh nizamlaması üçün çalışmalıdır, regionda sülhün alternativi isə müharibədir. Bu haqda Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Zohrab Mnatsakanyan bildirib.
Konkret plan varmı?
Xarici işlər naziri Zohrab Mnatsakanyan hesab edir ki, sülhə hazırlıq bir neçə funksiyanı nəzərdə tutur, amma məhz hansı funksiyaları dəqiqləşdirməyib. O bəyan edib ki, sülh nizamlamasının dəqiq formulu hələlik yoxdur, amma münaqişənin başqa çıxış yolu da mövcud deyil:
“Sülhün alternativi yoxdur. Sülhün alternativi fəlakətdir”.
Ermənistan və Azrbaycan XİN rəhbərlərinin 2019-ci il yanvarın 16-da baş tutan görüşündən sonra xalqları sülhə hazırlamaqla bağlı razılığa gəlindiyi haqda məlumat yayılıb. Mnatsakanyan bu gün xatırladıb ki, bu yeni tezis deyil:
“BMT-nin prosesə dəstək verilməsi ilə bağlı belə mövqeyi vardı. Mən də bunu yüksək dəyərləndirirəm”.
• Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib
Heç bir gizli razılaşma yoxdur
Zohrab Mnatsakanyan Qarabağ münaqişəsi üzrə hazırlanan razılaşma ilə bağlı Ermənistan cəmiyyətində yayılan şayiələri də şərh edib. O bildirib ki, hər hansı razılaşma mövcud deyil və cəmiyyəti panikaya uymamağa çağırıb.
“Sizin bilmədiyiniz heç nə yoxdur. Bizim üçün vacib olan məsələlər ətrafında danışıqlar gedir. Cəmiyyətdə bizim nəsə itirdiyimizə və ya güzəştə getdiyimizə dair danışılanlar məni təəccübləndirir. Bu əhval haradandır? Belə bir şey yoxdur və bizim mövqeyimizdən geri çəkilməyimiz söhbət mövzusu deyil. Bizim cəmiyyəti məlumatlandırmadan elədiyimiz heç bir şey yoxdur”.