Qarabağda silahlı qüvvələrin təmas xəttində gərginlik azalmır
Ermənistandan gələn xəbər
Ermənistan mediası Qarabağ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, bu gün səhərdən təmas xəttində Azərbaycan silahlı qüvvələri müxtəlif kalibrli atıcı silahlardan, o cümlədən D-30 qaubitsa və D-44 divizion topundan, müxtəlif kalibrli minaatan və qranatatanlardan istifadə edərək atəşkəs rejimini pozur.
KİV onu da xəbər verir ki, atışma nəticəsində Müdafiə Ordusunun üç hərbçisi müxtəlif dərəcəli qəlpə yarası alıb. Azərbaycan tərəfinin aktivliyinin qarşısını almaq üçün cavab tədbirləri görülür.
Qarabağın Müdafiə Nazirliyi “cəbhə xəttində stabilliyin pozulmasına yönəlmiş əməllərə görə bütün məsuliyyəti Azərbaycanın hərbi-siyasi rəhbərliyi daşıyır”.
Azərbaycandan gələn xəbər
Azərbaycanın Müdafiə Nazirliyi iyulun 7-də təcili bəyanat yayaraq Qarabağ münaqişəsi zonasında cəbhə xəttində erməni mövqelərinə geniş miqyaslı zərbələr endirildiyini bildirib.
Müdafiə Nazirliyinin bəyanatında bildirilir: “Ermənistan tərəfinin yeni planlaşdırılmış məqsədyönlü təxribatının qarşısının alınması və Alıxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün döyüş hazırlığına gətirilmiş qüvvələr üzərinə, xüsusən də Ermənistan ordusunun müdafiə batalyonu rayonunda qeyd olunmuş hədəflərə dəqiq atəş zərbələri endirilib.
İlkin məlumatlara görə, qoşunlarımızın həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhə xəttinin Füzuli-Xocavənd istiqamətində düşmənin müdafiə batalyonuna daxil olan hissələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə ədəd hərbi texnika tamamilə sıradan çıxarılıb, hərbi infrastrukturun digər obyektləri də bərpa olunmayacaq dərəcədə dağıdılıb”.
Nazirlik həmçinin xəbər verir ki, cəbhə xəttində erməni hərbi hissələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Azərbaycan Ordusu da həmçinin döyüş hazırlığına gətirilib.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır